Vergiler.az

İqtisadiyyatda təcili tədbirlər görülür

 

Argentina hökuməti milli pul vahidi - pesonun dəyərdən düşməsinin iqtisadiyyatda yaratdığı çətinliklərin aradan qaldırılması üçün həyata keçirməyi planlaşdırdığı tədbirləri ictimaiyyətə açıqlamışdır. Argentinanın dövlət başçısı Maurisio Makri televiziya ilə çıxışında qeyd etmişdir ki, büdcə kəsirinin aradan qaldırılması üçün ixracata vergi tətbiq ediləcək və dövlət xərclərinin azaldılması məqsədilə nazirliklərin yarısı ixtisara salınacaq. M.Makri 30 faizə çatan inflyasiyadan zərər görən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi naminə iqtisadi və ərzaq yardımı proqramlarının da təkmilləşdiriləcəyini nəzərə çatdırmışdır. Prezident «Arzuladığımız ölkəni qura bilmək üçün xərcləri gəlirlərindən çox olmayan taraz büdcəyə malik bir dövlətə ehtiyacımız var», - demişdir. 

Qeyd edək ki, Argentinanın Mərkəzi Bankı ilin əvvəlindən bəri faizləri 60-a qədər qaldırmasına baxmayaraq, milli pul vahidinin dəyərdən düşməsinin qarşısını almaq mümkün olmamışdır. Peso yanvar-avqust ayları ərzində ABŞ dollarına nisbətdə öz dəyərinin yarısını itirmişdir.

Bu gedişatın qarşısını almaq üçün hökumət kənd təsərrüfatı məhsulları da daxil olmaqla ölkə ixracatında edilən bütün gəlirlər üçün hər dollar başına 4 peso (1 dollar=38,62 peso) ixracat vergisi tətbiq etməyə başlamışdır. Yeni vergi islahatının elan olunması vəziyyəti bir qədər də gərginləşdirmiş, peso üç faiz həddində dəyərdən düşmüşdür.

Hökumətin qərarına əsasən, ölkədən ixrac edilən kənd təsərrüfatı məhsulları üçün 4 faiz, digər məhsullar üçünsə 3 faiz dərəcəsi ilə ixracat vergisi tutulur.