Vergiler.az

Mourinyo vergidən yayındığını etiraf edib

 

Son vaxtlar İspaniyanın hüquq-mühafizə orqanları vergi qaçaqlığına qarşı sərt mübarizə tədbirləri ilə radikal addımlar atırlar. Bir neçə ay bundan əvvəl Madridin «Real» futbol klubunun keçmiş hücumçusu Kriştianu Ronalduya iki il şərti həbs cəzası və 18 milyon avro pul cəriməsi verilməsi böyük sensasiyalardan biri kimi qarşılanmışdı. Ondan başqa, Lionel Messi və Xavier Masxeranu da vergi qaçaqlığına görə məsuliyyətə cəlb edilmişdi.

İndi isə daha bir məşhur sima ilə bağlı vergi qalmaqalı gündəliyə gətirilmişdir. Müasir dünyanın ən böyük futbol mütəxəssislərindən olan Joze Mourinyo Madridin «Real» klubunda baş məşqçi işlədiyi zaman 3,3 milyona yaxın avro məbləğində gəliri vergidən yayındırmaqda ittiham edilir. Beynəlxaq KİV-də yayılan xəbərlərə görə, o, İspaniya Dövlət Xəzinədarlığı ilə bağladığı saziş əsasında bir il şərti həbs cəzası almağa razı olmuşdur. Həmin sazişə əsasən, Mourinyo 2011-ci və 2012-ci illərdə imic haqlarını istifadə etməkdən əldə etdiyi və Britaniyanın Qəraib dənizində yerləşən Virciniya adalarında təsis edilmiş bir şirkətdən aldığı pulu İspaniyanın dövlət xəzinəsindən gizlətdiyini yazılı şəkildə etiraf edəcək.   

Məşqçinin 3,3 milyon dollara çatan gəlirlərini Britaniyanın Virciniya adaları ilə yanaşı, İrlandiya və Yeni Zelandiya offşor şirkətlərində gizlətdiyi bildirilir. Bu vergi cinayətinin qarşılığı olaraq, ona bir il müddətinə şərti həbs cəzası veriləcək. Bundan əlavə, Joze Mourinyo xəzinədən gizlətdiyi məbləğin 60 faizi - təxminən 1,9 milyon avro məbləğində pul cəriməsi ödəyəcək. Xəzinədarlıq ilə saziş əsasında o, məhkəmə qarşısına çıxmayacaq. Məhkəmə İspaniya xəzinəsi ilə Mourinyonun vəkilləri arasında əldə edilmiş razılaşma ilə bağlı məlumatlandırılacaq.

Qeyd edək ki, 55 yaşlı portuqaliyalı mütəxəssis 2016-cı ildən İngiltərənin «Mançester Yunayted» futbol komandasının baş məşqçisidir.