Vergiler.az

Görkəmli bəstəkarımız fransızların təqdimatında…

 

Fransanın «Francemusique» radiostansiyasının klassik musiqiyə həsr edilmiş verilişində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevdən danışılıb. Proqramda Q. Qarayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilərək, onun əsərləri səsləndirilib.

Parisdə keçirilən Yevgeni Svetlanov adına IV dirijorlar müsabiqəsinin bədii direktoru Röne Körinq verilişdə Qara Qarayevin musiqi aləminə töhfələrindən söz açaraq bildirib ki, hər bir skripkaçı Qara Qarayevin «Skripka ilə orkestr üçün konsert» əsərini ifa etməlidir. Bu əsər şedevrdir. Onun sözlərinə görə, məşhur rus dirijoru E. Svetlanov bütün konsert proqramlarına Q.Qarayevin əsərlərini daxil etmişdir. Verilişdə Q. Qarayevin «Skripka ilə orkestr üçün konsert» əsəri, «Yeddi gözəl», «İldırımlı yollarla» baletlərindən və digər əsərlərindən parçalar dinləyicilərə təqdim olunub.

Fransanın mezzo.tv kanalında da görkəmli bəstəkarımız haqqında veriliş yayımlanıb, əsərlərindən parçalar səsləndirilib. Fransa radio və televiziyasında Qara Qarayevə həsr edilmiş verilişlər Fransadakı səfirliyimizin, AZƏRTAC-ın və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.