Vergiler.az

Qəbələ Beynəlxalq Musiqi Festivalı


Artıq 10 ildir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın dilbər guşəsində, füsunkar təbiəti olan Qəbələdə Beynəlxalq Musiqi Festivalı keçirilir. Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən və gözəl ənənəyə çevrilən Qəbələ festivalı ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması baxımından çox gözəl vasitədir.

Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli qeyd edib ki, builki festival bir neçə əlamətdar hadisə ilə yadda qalacaq: «Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, həmçinin dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileyi geniş qeyd edilir. Festival çərçivəsində dahi bəstəkar yad olunur, onun ölməz əsərləri səsləndirilir. Açılış mərasimində musiqisevərlər Qara Qarayevin və onun tələbələrinin əsərlərini dinlədilər. Konsertlərdən biri də dahi bəstəkarın yaradıcılığına həsr olunub. Festivalın konsertlərində, həmçinin, Azərbaycanın dünya şöhrətli bəstəkarları Fikrət Əmirovun, Cövdət Hacıyevin, Arif Məlikovun və digərlərinin əsərləri səsləndirilir. Onları da yada salırıq. İnanırıq ki, festivalın konsertləri musiqisevərlərə yenə də unudulmaz anlar, xoş təəssüratlar bəxş edəcək».