Vergiler.az

Qabaqcıl Avropa təcrübəsi əsasında yeni xidmət modeli yaradılır


Hazırda qurulmaqda olan məşğulluq portalının qarşısında duran başlıca hədəflərdən biri şəffaflığın təmin edilməsidir. Portal əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sisteminə inteqrasiya şəraitində fəaliyyət göstərəcək. İstənilən işəgötürən və işsiz məşğulluq mərkəzinə gəlmədən bu portala daxil olaraq, zəruri məlumatları daxil etməklə, bütün boşalmış iş yerləri haqqında məlumat ala, lazım gəldikdə birbaşa oraya müraciət edə biləcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, aparılan sosialyönümlü islahatların əsas məqsədlərindən biri dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, bu sahədə xidmətlərin çevikliyinin, işsiz və işaxtaranlara asan əlçatanlığın təmin olunmasıdır. Əhalinin məşğulluğunun təmin edilməsi, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin səmərəliliyinin və şəffaflığının artırılması istiqamətində təkliflərin hazırlanması üçün nazirlikdə işçi qrup yaradılıb. İşçi qrupun iclasında bildirilib ki, məşğulluq xidmətlərinin elektron müstəvidə qurulması, məşğulluq portalının yaradılması əmək münasibətlərinin modernləşdirilməsi istiqamətində atılan mühüm addımlardır  və bu sahədə görülən ciddi işlər davam etdirilir.

Bununla yanaşı, müvafiq tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərlə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üzrə Avropanın qabaqcıl təcrübəsi əsasında yeni xidmət modeli yaradılacaq.

Qeyd olunub ki, aparılan işlər çərçivəsində «Azərbaycan Respublikasının Məşğulluq Strategiyası» (2018-2030-cu illər)» layihəsinin artıq təkmil şəkildə son versiyası hazırlanaraq aidiyyəti üzrə təqdim edilib, həmçinin «Məşğulluq haqqında» Qanuna əsasən, Dövlət Məşğulluq Xidməti üçün xidmət keyfiyyətinin ölçülməsi indikatorları hazırlanıb. Peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi ilə bağlı normativ sənədlər paketinin formalaşdırılması üçün zəruri layihələr hazırlanaraq razılaşdırılmaq üçün aidiyyəti dövlət orqanlarına göndərilib.

Özüməşğulluq proqramının təkmilləşdirilməsi ilə bağlı təkliflərin də hazırlandığını vurğulayan S.Babayev əlillliyi olan insanların məşğulluq imkanlarına yiyələnməsində bu proqramın imkanlarından geniş şəkildə istifadə olunmasının, habelə həmin insanların işlə təminatı üçün müəssisələrdə kvota əsasında iş yerlərinin müəyyən edilməsi məsələsinə diqqətin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Bildirilib ki, aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması üçün konkret addımlar atılacaq, həmçinin işsiz və işaxtaran şəxslər üçün regional peşə tədrisi mərkəzləri şəbəkəsi genişləndiriləcək.