Vergiler.az

Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək


Bu dəyişiklik xüsusilə kiçik və orta sahibkarların kredit resurslarına çıxış imkanlarını artıracaq

Prezident İlham Əliyevin bu günlərdə imzaladığı fərmanla Azərbaycanda sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib.

Sənəddə qeyd olunur ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydalarına uyğun olaraq göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar (müvafiq sənədlərin, məlumatların alınması və s.), verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ, müvəkkil kredit təşkilatlarına müəyyən edilmiş limitlər üzrə vəsaitin ayrılmasına, eləcə də Fond tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinə güzəştli kredit ayrılmasına dair öhdəliklər Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsə keçir.

Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 9 nəfərdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının 5 üzvünü İqtisadiyyat Nazirliyi, 4 üzvünü isə hərəsindən bir nəfər olmaqla Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası təyin edir. Müşahidə Şurasının sədri iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Fondun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir. İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini iqtisadiyyat naziri həyata keçirir.

Sahibkarlığa Kömək Milli Fondunun publik hüquqi şəxsə çevrilməsi sahibkarlığın inkişafına institusional dəstək kimi qiymətləndirilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, Fondun statusunun dəyişdirilərək publik hüquqi şəxsə çevrilməsi ona öz səlahiyyətlərini həyata keçirmək üçün daha geniş imkanlar verəcəkdir: «Fond bundan sonra İqtisadiyyat Nazirliyinin bir strukturu kimi deyil, ayrıca qurum kimi fəaliyyət göstərəcək. Bunun sahibkarlar üçün ən mühüm üstünlüyü ondan ibarətdir ki, yeni status onların ehtiyaclarını daha yaxından və dərindən öyrənməyə imkan verəcək. Ehtiyacların dəqiq öyrənilməsi isə sahibkarlar üçün maliyyələşdirmə istiqamətlərini müəyyənləşdirməyə kömək edəcək. Fondun publik hüquqi şəxsə çevrilməsi sahibkarlıq subyektlərinin biznes layihələrinin dəstəklənməsi üçün də geniş imkanlar yaradır. Yəni bundan sonra sahibkarlar üçün təklif edilən kreditlərin həcmini artırmaq üçün yalnız dövlət büdcəsindən əldə edilən ödənişlərdən deyil, əlavə mənbələrdən: beynəlxalq maliyyə qurumlarından, digər donorlardan vəsaitin cəlb edilməsi hesabına daha böyük kreditlərin verilməsi imkanına malik olacaq».

Ekspert hesab edir ki, Fondun fərqli mənbələrdən kreditlər cəlb etməsi faiz siyasətinə yenidən baxılması və daha çevik faizlərin dərəcələrinin tətbiqi üçün də şərait yaradır. Bu, faizlərin aşağı salınması baxımından son dərəcə vacibdir. Aşağı faizli kreditlərin cəlb edilməsi həm də sahibkarların xərclərinin azaldılması üçün önəmlidir.

Maliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, habelə Maliyyə Bazarlarına Nəzarət Palatasının Fondun Müşahidə Şurasında təmsil olunmasına gəlincə, V.Bayramov bunu da sahibkarlığın dəstəklənməsi baxımından mühüm amil kimi qiymətləndirir. Onun sözlərinə görə, Müşahidə Şurasında fərqli nazirliklərin təmsil olunması mexaniki şəffaflığın təmin edilməsi, məlimatların işlənməsi və xüsusən də sahibkarların ehtiyaclarının müəyyən edilməsi üçün əhəmiyyət daşıyır: «Vergilər Nazirliyi sahibkarlarla birbaşa işləyən qurum kimi, onların ehtiyaclarına yaxından bələd olmaq imkanına malikdir. Xüsusən də biznes təmsilçilərinin vergi ödənişləri və vergi bazası ilə bağlı praktiki məlumatlar Vergilər Nazirliyinin əlində cəmləşdiyi üçün onun Müşahidə Şurasında təmsil edilməsi xüsusi önəm daşıyır. Bu, sahibkarların kre­ditlərə olan tələbinin daha dəqiq müəyyənləşdirilməsinə, nəticə etibarilə Fondun fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına kömək edəcək».

 


E.SALAHOV