Vergiler.az

Dmitri Volvaç: «Azərbaycanda müasir, inkişaf etmiş bir vergi sistemi gördüm».


Azərbaycan Respublikasının Vergilər Nazirliyinin əməkdaşları ilə Rusiya Federasiyasının Federal Vergi Xidmətinin (FVX) nümayəndələri arasında «Büdcə-vergi sahəsində rəqəmsallaşma istiqamətində əməkdaşlıq üzrə Yol Xəritəsi»nə həsr edilmiş görüş keçirilib. Suallarımızı tədbirin iştirakçısı, FVX-nin Beynəlxalq əməkdaşlıq və valyuta nəzarəti idarəsinin rəisi Dmitri Volvaç cavablandırıb.

- Dmitri Valeryeviç, səfər çərçivəsində Azərbaycanın vergi xidmətinin rəhbərliyi ilə görüşlər keçirdiniz və münasibətlərin inkişaf perspektivlərini müzakirə etdiniz. Bu görüşlərin əməkdaşlığın gələcək inkişafına təsirini necə görürsünüz?

- Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və həmkarlarımızla görüşdük. Əvvəlcədən müzakirəsi nəzərdə tutulmuş məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Müzakirə etdiyimiz əsas mövzular müasir dünya trendləri ilə bağlı gündəkdə olan məsələləri, vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsini, Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının vergi orqanları arasında həm MDB çərçivəsində, həm də ikitərəfli formatda əməkdaşlıq məsələlərini əhatə edirdi.

Düşünürəm ki, belə görüşləri tez-tez təşkil etmək və hər dəfə ortaya daha konkret məsələlər qoyaraq birgə layihələr həyata keçirmək lazımdır. Bu görüşlərin ikitərəfli münasibətlərin inkişafına töhfəsi daha çox olacaq.

 

- Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Rusiya FVX arasında ikitərəfli əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?

- Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Rusiya Federasiyasının və Azərbaycanın iştirak etdikləri ikitərəfli razılaşmaların və çoxtərəfli konvensiyaların verdiyi bütün imkanlardan istifadə etməyə çalışırıq ki, ölkələrimizin vergi inzibatçılığı dünya standartları səviyyəsinə çatdırılsın. Bizim  vergi sistemlərimiz oxşar olduğundan, mükəmməl sistemin yaradılması üçün ilkin təcrübələr və təməllər də eynidir. Bir çox suallara münasibətdə mövqelərimiz və ümumi baxışlarımız uyğun gəlir. Bu, ilk növbədə, qlobal rəqəmsallaşma mərhələsində, iqtisadiyyatın strukturunun kəskin dəyişdiyi bir məqamda vergi inzibatçılığının təkmilləşdirilməsi üçün çox vacibdir.

Bu bizə ölkələrimizin, vergi sistemlərimizin daha irəliyə getməsinə və ehtiyac yarandıqda qarşılıqlı təcrübə mübadiləsi üzrə istiqamətləri tapmağa və  təyin etməyə kömək edir. Məsələn, biz Rusiya Federasiyasında onlayn kassa sistemlərinin yaradılması, iri vergi ödəyicilərinin gəlirlərinə nəzarətin təmin olunması, bu məlumatlardan vergi inzibatçılığında necə istifadə edilməsi ilə bağlı təcrübəmizi bölüşməyə hazırıq.  Bununla yanaşı, bilirəm ki, Azərbaycanda əlavə dəyər vergisinin elektron inzibatçılığı və elektron dövlət qeydiyyatı sahələrində təcrübəsi daha genişdir. Düşünürəm ki, bu məqamlarla bağlı bizi təcrübə mübadiləsi baxımından maraqlandıran məsələlər var.

Bizim üçün informasiya mübadiləsi də böyük əhəmiyyət daşıyır. Biz bu prosesi yüksək səviyyədə qurmağa çalışırıq ki, ölkələrimizin vergi orqanları nəzarət tədbirlərini vergi ödəyicilərini daha az narahat etməklə müəyyənləşdirilmiş müddətlərdə həyata keçirə bilsinlər.

 

- MDB vergi xidməti orqanları arasında əməkdaşlığın təşkili barədə nə deyə bilərsiniz?

- Sözsüz ki, MDB ölkələrinin vergi xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi fəaliyyətimizin prioritetlərindəndir. MDB üzvü olan ölkələrin vergi orqanları rəhbərlərinin Koordinasiya Şurası platformasında tez-tez görüşlər keçirir, müzakirələr aparırıq.

Bu il MDB-yə üzv ölkələrin rezidentləri, onların digər dövlətlərin ərzasində əldə etdikləri gəlirlər barədə məlumat mübadiləsinə imkan verəcək protokolun imzalanmasına çox yaxınlaşmışıq. Bu, hər bir ölkənin vergi xidmətinə rezidentlərin vergi yükünü daha effektiv və düzgün təyin etməyə, vergilərini tam yığmağa imkan verəcək.

 

- Sizin fikrinizcə, bu gün dünya gündəmində hansı maliyyə və vergi trendləri daha aktualdır?

- Aktual fiskal məsələlər hər yerdə eynidir. Aydındır ki, biz bu gün OECD kimi nüfuzlu beynəlxalq təşkilatların qəbul və tövsiyə etdiyi standartlarla işləyirik. Bura həm transfer qiymətlərinin müəyyən edilməsi, həm də xarici şirkətlərin fəaliyyətinə nəzarət məsələlərini əhatə edən inzibatçılıqla əlaqədar tövsiyələr aiddir. Qlobal Forumun qiymətləndirməsinə görə, həm Azərbaycan, həm də Rusiya yüksək reytinqə malikdirlər. Bu, ölkələrimizin beynəlxalq vergi platformasının tamhüquqlu və nüfuzlu iştirakçısı kimi tanınması baxımından olduqca vacibdir. Biz çalışırıq ki, əldə etdiyimiz səviyyəni daim qoruyaq.

Xarici maliyyə hesabları ilə bağlı beynəlxalq avtomatik məlumat mübadiləsi istər Rusiya, istərsə də Azərbaycan üçün önəmli məsələlərdəndir. Mənim məlumatıma görə, sizdə artıq müvafiq qanunvericilik aktları qəbul edilib, maliyyə qurumları ilə birlikdə işlər aparılır. Biz də zəruri qanunları qəbul etmişik. Hazırda yerli maliyyə təşkilatlarından məlumat və hesabatları toplayırıq ki, ilin sonuna kimi tərəfdaşlarımızla lazımi məlumat mübadiləsi prosesini apara bilək.

Bu mövzular ətrafında danışıqlar aparılmasının vacibliyini qeyd etməliyəm. Biz qarşılaşdığımız çətinliklər və onların aradan qaldırılması istiqamətində atdığımız addımlarla bağlı təcrübələrimizi paylaşır, fikirlərimizi bölüşürük. Bu, mürəkkəb beynəlxalq layihələr çərçivəsində qarşıya qoyulan hədəflərə çatmaq üçün bizə çox yardımçı olur.

 

- Ölkəmiz, eləcə də Azərbaycanın vergi sistemi haqqında fikirləriniz də bizim üçün maraqlıdır...

- Artıq ikinci dəfədir ki, Bakıdayam. İlk dəfə burada 2012-ci ildə olmuşam. Desəm ki, gördüklərim məni təəccübləndirdi, heç nə deməmiş olaram. Şəhər daha da gözəlləşib, qonaqpərvərliyə isə söhbət ola bilməz. Bakı həm qonaqlar və turistlər, həm də yerli sakinlər üçün çox cəlbedici və komfortlu şəhərə çevrilib. 

Azərbaycanda vergi yükünün azaldılmasına istiqamətləndirilmiş, rəqəmsal iqtisadiyyatın tətbiqinin, elektron sənəd mübadiləsinə keçidin prioritet olduğu müasir, inkişaf etmiş bir vergi sistemi gördüm.

Belə konstruktiv görüş və isti qəbul üçün  minnətdaram...

 

 

 

Hazırladı: Fəxriyyə İKRAMQIZI