Vergiler.az

Mobil cihazlar və avtomobillərin qeydiyyat rüsumu artırıldı


Nazirlər Kabineti «Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri»ni və «Mobil cihazların qeydiyyata alınmasına gürə 2018-ci il üçün dövlət rüsumlarının məbləğləri»ni  təsdiq edib. Qərar 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edir.

Qərarda deyilir ki, dövlət rüsumunun məbləğləri avtomobillərin istehsal tarixi və mühərrikinin həcmi nəzərə alınmaqla hesablanır. Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə müəyyən edilən dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq olunur:

· istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə - 1,0;

· istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə - 0,8;

· istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə - 0,3.

Nazirlər Kabinetinin digər qərarı ilə mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumlarının da məbləğləri artırılıb. Qərara əsasən, bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri həmin cihazın bazar qiymətinə uyğun müəyyən ediləcək. Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında (www.mincom.gov.az) marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə də 20 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulur. Foto, videoçəkiliş, internetə çıxış və digər funksiyaları olan mobil cihazlara görə isə rüsumlar cihazın qiymətinə uyğun olaraq müəyyən edilir.

Nazirlər Kabinetinin hər iki qərarı Azərbaycan Prezidentinin  2018-ci il 26 iyun tarixli 149 nümrəli fərmanının 1.3.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiq edilmişdir. Dəyişikliyə əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tətbiq olunacaq. Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləği, habelə fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.

 


E.SALAHOV