Vergiler.az

Beynəlxalq reytinqlər yeni sərmayələrin cəlb olunmasına şərait yaradır


2018-ci ilin birinci yarısının makroiqtisadi göstəriciləri, eləcə də investisiya mühiti ilə bağlı mövcud vəziyyət Azərbaycanın beynəlxalq reytinqinin artmasına münbit zəmin  yaradır.

Biznes mühitinin əlverişliliyi mühüm şərtdir

Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, «Standart and Poors», «Moods» və digər beynəlxalq maliyyə təşkilatlarının Azərbaycanla bağlı 2018-ci ilə dair proqnozlarında ölkəmizin makroiqtisadi vəziyyəti müsbət dəyərləndirilir, yaradılmış investisiya mühitinin səmərəliliyi qeyd olunur.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, rəqabət reytinqinin artması islahatların səmərəliliyini göstərməklə yanaşı, ölkəmizə sərmayələrin cəlb edilməsi baxımından çox vacibdir: «Hansısa ölkəyə sərmayə qoymaq istəyən xarici şirkət və ya investor, ilk növbədə, həmin ölkənin beynəlxalq reytinq əmsalına diqqət yetirir. Bu mənada, ölkəmizin yüksək reytinqinin olması investisiya cəlbediciliyi fonunda xarici sərmayə qoyuluşlarının artmasına öz mühüm təsirini göstərəcək, eyni zamanda milli sahibkarlarımızın və şirkətlərimizin dünya bazarlarına çıxışını asanlaşdıracaq».

S.Həsənova xatırladıb ki, biznes islahatları üzrə Tədbirlər Planı çərçivəsində Azərbaycanda biznes mühitinin institusional əsasları gücləndiriləcək, qabaqcıl beynəlxalq təcrübə əsasında qanunvericilik təkmilləşdiriləcək.

 

Reytinq qiymətləndirmələrində təkmil vergi sisteminin xüsusi rolu var

Vergi sisteminin və inzibatçılığının rəqabət qabiliyyətliliyinə nail olmaq üçün mütərəqqi beynəlxalq təcrübənin tətbiqini daim diqqətdə saxlayan Vergilər Nazirliyi tərəfindən son dövrlərdə sahibkarlığın fəaliyyətinin stimullaşdırılması, biznesə başlama prosedurlarının asanlaşdırılması, xarici investorlar üçün müxtəlif güzəştlərin tətbiqi, istehsal və ixracla məşğul olan sahibkarların vergi yükünün əhəmiyyətli dərəcədə aşağı salınması ilə bağlı islahatlar həyata keçirilib.

Ölkəmizin vergi siyasətinin başlıca hədəfləri sırasında şəffaflıq standartının tətbiqi ayrıca yer tutur. Vergilər Nazirliyi bu istiqamətdə aparıcı beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, bir sıra xarici ölkələrin vergi administrasiyaları ilə məlumat mübadiləsinin genişləndirilməsi və beynəlxalq standartların tətbiqi istiqamətində işlər görür. Bu istiqamətdə həyata keçirilən tədbirlər artıq öz müsbət nəticələrini verir: respublikamız İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD)  «Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumu»nun yüksək reytinqinə layiq görülüb. Bu isə Azərbaycanda azad biznesin inkişafında mühüm nəticələrin əldə olunduğunu təsdiq edir.

 

İkiqat vergitutmanın aradan qaldırılması sazişləri elektronlaşdırılıb

Vergilər Nazirliyi 2018-ci ildə biznesin təşviqi məqsədilə vergi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan işləri davam etdirib. Azərbaycanın beynəlxalq reytinqlərdə və hesabatlarda mövqeyinin yaxşılaşmasına təsir göstərən mühüm amillərdən biri - ikiqat vergitutmanın aradan qaldırılması sazişləri üzrə ən mütərəqqi texnologiyaların tətbiqinə başlanılıb. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydaları sadələşdirilib. İslahatlardan əvvəl ikiqat vergitutmanın aradan qaldırılması (DTA) sazişləri üçün 6 ərizə forması tələb olunur, 4 gəlir növü üzrə güzəştlərin əvvəlcədən tətbiqi, digər gəlir növlərində isə vergilərin sonradan geri qaytarılması ilə bağlı sənədləşmələr kağız daşıyıcıda həyata keçirilirdi. Bütün bunlar xeyli vaxt itkisi ilə yanaşı, bəzi hallarda sənədlərin səhv tərtib edilməsinə və nəticədə vergi orqanı tərəfindən imtina yazılmasına səbəb olurdu. İslahatlar sayəsində ikiqat vergitutmanın aradan qaldırılması sazişləri elektronlaşdırılıb, sənəd formaları sadələşdirilərək sayı azaldılıb, elektron müraciət etmək imkanı yaradılıb, kağız dövriyyəsi minimuma endirilib.

İslahatların mühüm istiqamətlərindən biri də Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən «ASAN imza» sertifikatının verilməsidir. Artıq həmin sertifikatlar xarici ölkələrlə qarşılıqlı şəkildə tanınır.

İslahatlar çərçivəsində atılan addımlar  vergi ödəyicilərinin xərclərinin optimallaşdırılmasına və biznesin təşviqinə xidmət edir, xarici biznes tərəfdaşları arasında sənədlərin elektron formada tərtibinə və imzalanmasına, elektron məlumat mübadiləsinə, transsərhəd elektron xidmətlərinin həyata keçirilməsinə, əcnəbi investorlar üzrə vergi və inzibati xərclərin azalmasına imkan verir.

 

Elbrus CƏFƏRLİ