Vergiler.az

İnvestisiya qoyuluşunda mövcud durum nikbinliyə əsas verir


Azərbaycanda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi hesab olunduğundan, bu sahəyə cəlb edilən investisiyanın miqyasının artırılması dövlətin diqqət mərkəzində saxladığı prioritetlər sırasındadır. Elə 2018-ci ilin ilk yarısında ölkə iqtisadiyyatına investisiya qoyuluşunda müsbət nəticələrin əldə edilməsi onu deməyə əsas verir ki, hökumətin həyata keçirdiyi investisiya siyasəti artıq öz bəhrəsini verməkdədir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk altı ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 milyard 331,7 milyon manat vəsait yönəldilib. Qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 21,5 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyalar 72,8 faiz artıb. İstifadə olunan vəsaitin əsas hissəsi, yəni 4 milyard 555,2 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, ölkədə investisiya qoyuluşunun artmasına müvafiq layihələrə təşviq sənədlərinin verilməsi də öz təsirini göstərib. İlin əvvəlindən 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib ki, bu da yerli istehsala 2,5 milyard manatdan çox investisiyanın yatırılması ilə nəticələnib. Bu müddət ərzində 19 minədək yeni iş yeri açılıb, investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə fəaliyyətə başlayıb. Bundan əlavə, sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi üçün layihələrin ümumi dəyəri 468 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

 «Azərbaycan Respublikasının Strateji Yol Xəritəsi»nin icra vəziyyətinin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunduğu kimi, ən uyğun investor profillərinin seçilməsi məqsədilə 51 özəl, ianə, pensiya və dövlət investisiya fondu haqqında təqdimat hazırlanıb, Azərbaycana maraq göstərən xarici investorlarla əməkdaşlıq imkanları müəyyən edilib.

İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, bu gün Azərbaycan istənilən investor üçün cəlbedici və münbit mühitin formalaşdığı investisiya meydanıdır: «Dünyanın ən aparıcı şirkətləri ölkəmizə məmnuniyyətlə yatırımlar həyata keçirirlər. Hökumətin son illər qəbul etdiyi qərarlar Azərbaycanda sahibkarların fəaliyyətinə çətinlik törədən bir sıra maneələri və bürokratik əngəlləri azaltmağa imkan verib. Aparılan iqtisadi islahatlar hesabına əldə olunan nəticələr beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Bütün bunlar Azərbaycanı investisiya üçün daha cəlbedici bir məkana çevirməkdədir. Respublikamızda xarici investorların səmərəli fəaliyyəti məqsədilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, «açıq qapı» siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Avropa İttifaqının 23 üzv ölkəsi ilə ikiqat vergitutma aradan qaldırılıb. Bunun nəticəsidir ki, cari ilin yanvar-iyun aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 892,6 milyon manat vəsait yönəldilib».

...Azərbaycan öz coğrafi yerləşməsi və təbii sərvətləri baxımından istənilən xarici investor üçün kifayət qədər cəlbedici bir ölkədir. Respublikamızdakı mövcud ictimai-siyasi sabitlik və əcnəbi iş adamları üçün yaradılmış münbit biznes şəraiti onu deməyə əsas verir ki, yaxın gələcəkdə ölkəmizə indikindən dəfələrlə çox kapital axını baş verəcəkdir.

 


F. İKRAMQIZI