Vergiler.az

«Made in Azerbaijan» dünya bazarlarında öz yerini tutur

 

Milli brend kimi xarici dövlətlərə ixrac olunan məhsulların həcmi bu ilin ilk yarısında 40% artıb

«Made in Azerbaijan» brendinin təşviqi ilə bağlı işlər ölkəmizin iqtisadiyyatına, xüsusi olaraq qeyri-neft sektorunun inkişafına mühüm töhfəsini verməkdədir. Yerli ixracatçıların istehsal etdikləri rəqabətədavamlı məhsulların xarici bazarlarda təşviqi, sahibkarlarımızın ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almaları, eləcə də ixracla əlaqəli bəzi xərclərin dövlət büdcəsi hesabına ödənilməsi mexanizmini tənzimləyən milli brendimiz 2018-ci ilin birinci yarısında ixracın həcminin artmasında əhəmiyyətli rol oynayıb.

Azərbaycanda İxracın və İnvestisiya Təşviqi Fondunun (AZPROMO) sədrinin səlahiyyətlərini icra edən Yusif Allahverdiyev bildirib ki, «Made in Azerbaijan» brendinin dünyada təşviqi qeyri-neft sektorunda istehsalın artmasına səbəb olub və nəticədə xarici dövlətlərə ixrac edilən qeyri-neft məhsullarının həcmi ötən 6 ayda 40%-dən çox artıb. İxracın strukturunda kənd təsərrüfatı məhsullarının payı 22%, sənaye məhsullarında 27%, digər qeyri-neft sahələrində isə 34% artıb.

AZPROMO Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin xarici tərəfdaşları ilə işgüzar əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşu istiqamətində tədbirləri bundan sonra da davam etdirmək əzmindədir. Məhsul və xidmətlərin xarici bazarlarda təşviqi məqsədilə müvafiq beynəlxalq tədbirlərdə iştirakın təmin edilməsi, sahibkarların xarici bazarlarda fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində uğurla həyata keçirilmiş tədbirlərin davamı olaraq, dövlət başçısının 11 yanvar 2018-ci il tarixli fərmanına əsasən, bu il təşkil ediləcək ixrac missiyalarının və beynəlxalq sərgilərin sayı artırılıb.

Milli brendimizin tanıdılmasına dövlət tərəfindən ən yüksək səviyyədə dəstək verilməsi və ixracatçılara hərtərəfli qayğı göstərilməsi qeyri-neft ixracı ilə məşğul olan sahibkarları həvəsləndirib, hazırda həmin sektorun müxtəlif sahələrində çalışan 100-dən artıq şirkət öz məhsulunu «Made in Azerbaijan» brendi adı altında dünya bazarına çıxarmaq üçün təşəbbüs göstərir. Çünki bu brend ixracatçılar üçün xarici bazarlara daha asan və rahat çıxış və güzəştlərlə əhatə olunmaq deməkdir. Milli brendlə bazara çıxan ixracatçıları müəyyən etmək üçün müsabiqə təşkil olunur, onların xarici ölkələrdə öz məhsuluna sertifikat və patent almasına, habelə əmtəə nişanlarının qeydiyyatına görə çəkdikləri xərclərin 50%-i həcmində vəsait nağdsız qaydada ödənilir. Beynəlxalq sərgi və ya yarmarkalarda «Made in Azerbaijan» brendini təşviq edən ixracatçıların xərclərinin 30%-i dövlət tərəfindən qarşılanır.

Təkcə bu ilin birinci yarısında sahibkarlara 2,2 milyon manat həcmində ixrac təşviqi ödənilib. İndiyədək 15 ixrac missiyası təşkil olunub, Azərbaycan şirkətləri 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, ilkin razılaşmalar və sifarişlər əldə olunub. 2018-ci ilin əvvəlindən vahid ölkə stendi mexanizmi çərçivəsində 5,5 mln. manatlıq müqavilə imzalanıb və artıq 4 milyon manata yaxın dəyərində məhsul ixrac edilib. Ümumilikdə, bu il təşkil ediləcək 13 ixrac missiyasının maksimum müddəti 4 gündən 6 günədək, iştirakçıların sayı isə 20-dən 30-a qədər artırılıb.

2018-ci il ərzində ixrac məhsullarının çeşidi və coğrafiyasının şaxələndirilməsi, «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqi ilə yanaşı, ixracyönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin verilməsi məqsədilə müvafiq işlər davam etdiriləcək.

 

E.CƏFƏRLİ