Vergiler.az

Qeyri-neft sektoru üzrə məhsul ixracı artıb


İqtisadiyyatımızın qeyri-neft sektoru üzrə göstəricilərini izləmək baxımından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı «İxrac icmalı» xüsusi əhəmiyyət daşıyır. İcmalın son buraxılışı 2018-ci ilin ilk yarısını əhatə edir. 

 

2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon dollar təşkil edib ki, bu da 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 110 milyon dollar və ya 15 faiz çoxdur. İlin ilk 6 ayı ərzində Rusiyaya 319,9 milyon, Türkiyəyə 180,1 milyon, Gürcüstana 74,1 milyon, İsveçrəyə 69,3 milyon, Çinə isə 23,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Azərbaycandan ən çox ixrac edilən məhsul pomidordur (140 milyon dollar). Qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal edilməmiş  formalarda - 60,7 milyon dollar) və elektrik enerjisi (54,6 milyon dollar) də ölkəmizə daha çox valyuta gətirən qeyri-neft ixrac məhsulları sırasındadır. Ümumiyyətlə, bu ilin ilk altı ayı ərzində meyvə-tərəvəz ixracı 276,7 milyon, plastmas və ondan hazırlanan məmulatların ixracı 71,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 69,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 37,8 milyon, kimya sənayesi məhsullarının ixracı 30,7 milyon, pambıq ipliyi ixracı isə 9,9 milyon dollar təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk yarısında elektrik enerjisinin ixracı 2,2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 24,4 faiz, pambıq ipliyinin ixracı 23,3 faiz, meyvə-tərəvəzin ixracı 20,3 faiz, plastmas və ondan hazırlanan məmulatların ixracı 13,7 faiz, kimya sənayesi məhsullarının ixracı isə 4,4 faiz artıb.

Qeyri-neft ixracı sahəsində maraqlı yeniliklərdən biri də xidmətlərin ixracıdır. 2018-ci ilin yanvar-iyun aylarında «Azərkosmos» ASC tərəfindən dünyanın 19 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib və 12,7 milyon dollar məbləğində gəlir əldə olunub. Bu göstərici xidmətdən gələn ümumi gəlirlərin 88 faizini təşkil edib. İlin ilk 6 ayı ərzində xidmətlər,  əsasən, Fransaya, Malayziyaya, BƏƏ-yə, Almaniyaya və Gürcüstana ixrac edilib.

2018-ci ilin ilk yarısında «Azexport.az» portalına ümumilikdə 284,4 milyon dollar məbləğində ixrac sifarişləri daxil olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə daxil olan ixrac sifarişləri dəyər baxımından 47,6 faiz artıb ki, bu da portalın ötən müddətdə dünya miqyasında daha çox tanınmasından qaynaqlanır. Qeyd edək ki, 2017-ci ilin yanvarından bu il iyunun 30-dək dünyanın 96 ölkəsindən «Azexport.az»a daxil olan ixrac sifarişlərinin dəyəri 759,4 milyon dollar təşkil edib.

 


Fəxriyyə İKRAMQIZI