Vergiler.az

Bələdiyyə vergiləri


Yerli vergi və ödənişlər yalnız nağdsız qaydada aparılmalıdır

«Bələdiyyələrin maliyyə əsasları haqqında» Azərbaycan Respublikası Qanununda yerli özünüidarəetmə orqanları üzrə vergi öhdəliklərinin prinsipləri müəyyən edilib. Həmin qanuna əsasən, yerli (bələdiyyə) vergilər və ödənişlər bələdiyyə büdcəsinin  maliyyələşmə  mənbələrindən birini təşkil edir.

Azərbaycanda tətbiq edilən yerli vergilər, onların hesablanması və ödənilməsi qaydası Vergi Məcəlləsi və ona uyğun olaraq qəbul edilmiş «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Qanunla müəyyən olunub. Qanunvericiliyə əsasən, yerli vergilərə  fiziki şəxslərin torpaq və əmlak vergiləri, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi daxildir. Bələdiyyə vergilərinin dərəcələri Vergi Məcəlləsində təsbit olunmuş hədlər daxilində müəyyən edilir. Eyni zamanda, vergi qanunvericiliyinə uyğun olaraq, bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə qərar qəbul edə bilərlər.

 

Bələdiyyələrə aid olan vergilər

Qanunvericiliyə əsasən, yerli vergi və ödənişlərin hesablanması və ödənilməsi sahəsində bələdiyyələrə metodiki rəhbərliyin həyata keçirilməsi Vergilər Nazirliyinə həvalə olunub. Bununla əlaqədar bələdiyyə orqanları ilə aparılmış məlumatlandırma və maarifləndirmə işləri ilə yanaşı,  Vergilər Nazirliyi tərəfindən yerli vergilər və ödənişlər barədə lFiziki şəxslərin əmlak və torpaq vergisinin hesablanması haqqında» iki metodiki göstəriş, lYerli tikinti materiallarına görə mədən vergisinin bəyannaməsi»nin forması,    30-a yaxın hüquqi normativ sənəd hazırlanaraq bələdiyyələrin istifadəsinə verilib. Bu baxımdan, yerli vergilərin toplanması mexanizmləri dayanıqlı şəkildə müəyyən  olunub.

Vergi Məcəlləsinə əsasən, yerli vergilərin qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Vergi Məcəlləsinin 8-ci maddəsinin müddəalarına uyğun olaraq, yerli vergilərə fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, eləcə də bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi aiddir.

 

Torpaq vergisi. Ölkədə aparılan torpaq islahatları nəticəsində dövlət mülkiyyətində olan torpaqların müəyyən hissəsi vətəndaşların və bələdiyyələrin mülkiyyətinə verilib. Mövcud qanunvericiliyə əsasən isə Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər torpaq vergisinin ödəyiciləridir. Təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq, həmin şəxslər torpaq vergisinə cəlb olunurlar və onların mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.

Torpaq vergisi torpaq sahəsi barədə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə də torpaq  vergisi tutulur. Fiziki şəxslər və bələdiyyə müəssisələri torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra bələdiyyələrdə 1 ay müddətində uçota durmalıdırlar.

Kənd təsərrüfatı torpaqlarının vergi dərəcələri torpaqların təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti ballar əsasında torpaq sahəsinin hər bir hektarına görə hesablanır. Bəzi postsovet ölkələrində torpaq vergisi tətbiq olunarkən onun keyfiyyəti nəzərə alınmadığından vergitutma zamanı ciddi problemlər yaranırdı. Məsələn, uzun müddət Gürcüstanda əkin sahələri ilə örüş sahələri arasındakı fərq nəzərə alınmamışdı və bu orada torpaq  islahatlarının xeyli ləngiməsinə səbəb olmuşdu. Azərbaycanda isə bu amil islahatların ilk günündən nəzərə alınıb.

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq vergisi isə torpaq sahəsinin hər 100 kvadratmetrinə görə, yerləşdiyi inzibati ərazidən asılı olaraq, müvafiq dərəcələr üzrə hesablanır.

Fiziki şəxslərin torpaq vergisi bələdiyyələr tərəfindən hər il iyul ayının 1-dək hesablanır və vergi məbləğini özündə əks etdirən tədiyyə bildirişi avqust ayının 1-dən gec olmayaraq onlara çatdırılır. Hesablanmış torpaq vergisi bərabər məbləğlərdə cari ilin 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq fiziki şəxslər tərəfindən yerli (bələdiyyə) büdcəyə ödənilir.

Torpaq vergisi üzrə bəzi kateqoriyalı fiziki şəxslərə vergi güzəştləri nəzərdə tutulub. Vergi Məcəlləsinin 102.2-ci maddəsində nəzərdə tutulmuş müharibə veteranlarının, Milli qəhrəmanların, I və II qrup müharibə əlillərinin və s.   şəxslərin  ödəməli olduqları torpaq vergisinin məbləği 10 manat həcmində azaldılır.

 

Əmlak vergisi. Azərbaycan Respublikasında rezident və qeyri-rezident fiziki şəxslər əmlak vergisinin ödəyiciləri hesab edilirlər. Əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən ərazi üzrə bələdiyyə tərəfindən hesablanaraq tutulur. Bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə 0,1 faizlə əmlak vergisi tutulur.

lYerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Qanuna əsasən, tikililər və  onların hissələrinə görə fiziki şəxslərdən əmlak vergisi hesablamaq məqsədilə bələdiyyələr 3-5 ildə bir dəfədən çox olmamaq şərtilə ərazilərində yerləşən əmlakın qiymətləndirilməsi üçün qərar qəbul edə bilərlər. Əmlakın dəyəri fiziki şəxsin təşəbbüsü  ilə və onun hesabına müstəqil peşəkar qiymətləndiricilər tərəfindən hesablana bilər.  Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi isə Vergi Məcəlləsinin IX fəslinə (hüquqi şəxslərin mənfəət vergisi) müvafiq olaraq hesablanır.

Vergi Məcəlləsinə əsasən, fiziki şəxslər həm də mülkiyyətlərində olan su və hava nəqliyyatı vasitələrinə görə onların mühərrikinin 1 kubsantimetri üçün 0,02 manat, mühərriki olmayan həmin nəqliyyat vasitələri üçün isə onların bazar qiymətinin 1 faizi həcmində əmlak vergisi ödəyirlər.

Əmlak vergisinin ödənilməsi barədə tədiyyə bildirişi bələdiyyələr tərəfindən həmin ilin avqust ayının 1-dən gec olmayaraq fiziki şəxslərə çatdırılır, hesablanmış vergi məbləği isə bərabər hissələrlə cari ilin 15 avqust və 15 noyabr  tarixlərindən gec olmayaraq yerli büdcəyə ödənilir.

Əmlak vergisi üzrə bəzi kateqoriyalı fiziki şəxslərə və əmlaka görə vergi güzəştləri də nəzərdə tutulub. Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Vergi Məcəlləsinin 102.2-ci maddəsində də nəzərdə tutulmuş müharibə veteranlarının, Milli qəhrəmanların, I və II qrup müharibə əlillərinin və s.   şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

 

Mədən vergisi. Bələdiyyə vergilərinə aid edilən vergilərdən biri də yerli əhəmiyyətli tikinti materiallar olan kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı üzrə mədən vergisidir ki, bu da bələdiyyə büdcəsinə ödənilir. Yerin təkindən çıxarılan bu tikinti materialları üçün mədən vergisinin dərəcəsi  hər kubmetr üçün 50 qəpik məbləğində  müəyyən edilib.

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq yerli bələdiyyə büdcəsinə ödənilir, bu barədə mədən vergisinin bəyannaməsi isə hər ay, yəni hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq bələdiyyəyə təqdim edilir.

 

Mənfəət vergisi. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi bələdiyyə büdcəsinə ödənilir. Bu verginin dərəcəsi 20 faiz həcmində müəyyən edilib. Müəssisənin vergiyə cəlb olunan mənfəəti hesabat ilində əldə olunmuş gəlirlə həmin gəlirin əldə edilməsinə çəkilmiş xərclər arasındakı fərq kimi müəyyən olunur və mənfəət vergisinin bəyannaməsində əks etdirilir. Hesablanmış mənfəət vergisi bələdiyyəyə bəyannamə təqdim olunmaqla hesabat ilindən sonrakı növbəti ilin 31 mart tarixindən gec olmayaraq yerli büdcəyə ödənilir.

 

Reklam, ticarət və turizmdən əldə olunan gəlirlər

Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Qanuna əsasən, bələdiyyələr tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş yerli vergilərlə yanaşı, aşağıdakı ödənişlər də tətbiq olunur:

- bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş;

- qanunvericiliyə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş;

- bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş;

- bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş (bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir);

- bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş (bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir).

 

Nağdsız ödənişlər

Bələdiyyə vergilərinin dövlət büdcəsinə ödənilməsinin təmin olunmasında yerli vergilərin yığımının səmərəliliyinin təşkili, şəffaflıq və hesabatlılığın artırılması və digər amillər də mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən də bələdiyyə vergilərinin nağd qaydada ödənilməsi qanunvericiliklə qadağan edilib. lYerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Qanuna əsasən, yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələrdə nağdsız ödənişlərin aparılmasının təmin edilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Vergi ödənişlərinin asan və nağdsız qaydada aparılması üçün Bələdiyyələrin Avtomatlaşdırılmış İnformasiya Sistemi yaradılıb və əksər özünüudarəetmə orqanları həmin sistemə inteqrasiya olunub. 

 


ELBRUS