Vergiler.az

VÖEN-i necə bağlamalı...


Sahibkarlıq fəaliyyətinə xitam verildikdə VÖEN əsasında açılan bank hesabı da bağlanmalır

Azərbaycanda «Elektron hökümət»in qurulması yaşadığıərazidən və qeydiyyatda olduqları ünvanlardan asılı olmayaraq,hər kəsin dövlət orqanlarının təqdim etdiyi xidmətlərdən bəhrələnməsi üçün geniş imkanlar yaranıb. Sistemin təkmilləşdirilməsi və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi həm də sahibkarların işgüzar fəaliyyətinin artırılmasını stimullaşdıran əsas faktorlardandır.

Vergilər Nazirliyinin elektron qeydiyyat sisteminə xüsusi önəm verməsi də ölkədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, məmur-vətəndaş münasibətlərində birbaşa təmasların minimuma endirilməsinə xidmət edir. Məhz bunun nəticəsidir ki, respublikanın istənilən regionunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, habelə biznesə yenicə başlamaq istəyənlər, yaxud fəaliyyətini dayandıranlar uçot-qeydiyyat prosedurlarını aidiyyəti dövlət orqanına gəlmədən rəsmiləşdirə bilər. Hazırda Azərbaycanda vergi xidmətlərinin əksəriyyəti məhz elektron formada təqdim edilir ki, bu da sahibkarların işini xeyli asanlaşdırır, vaxt itkisinin və əlavə xərclərin qarşısını alır. Məsələn, bu gün istənilən vətəndaş, hüquqi və fiziki şəxsöz adına elektron formada VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi)əldə edə və ya ləğv etdirə bilər.

Fəaliyyətin dayandırılması elektron qaydada bəyan edildikdə istifadəçi Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə «İnternet vergi idarəsi» Portalının «Onlayn Kargüzarlıq» və «E-VHF» bölməsinə daxil olmalıdır. Bundan sonra «Yeni müraciət» düyməsi sıxılır, «Kimə» siyahısından «Vergilər Nazirliyi», «Müraciətin növü» siyahısından «Ərizə», «Sənədin növü» siyahısından isə «Fiziki şəxsin fəaliyyətinin dayandırılması» seçilir və «Qəbul» düyməsi vulurur. Sonra istifadəçi açılan ekranda ərizə üzrə tələb olunan məlumatları daxil edir. Məlumatların doğruluğuna əmin olunduqda «Qəbul» düyməsi sıxılır, əks halda, imtina etmək üçün «İmtina» düyməsi vurulur.

Təqdim edilən sənəddə sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Bəs, vergi ödəyicisi olan fiziki şəxslər sahibkarlıq fəaliyyətinə xitam verdikdəbu barədə vergi orqanlarını necə məlumatlandırmalıdır. Bu zaman onlar hansı prosedurlardan keçməlidirlər?

Bəri başdan deyək ki, sahibkarlıq fəaliyyətini müvəqqəti və ya həmişəlik dayandıran şəxslər bu barədə vergi orqanlarını məlumatlandırmağa borcludurlar. Fiziki şəxs vergi uçotundan çıxarılması üçün uçota alındığı vergi orqanına ərizə ilə müraciət etməlidir.

Fiziki şəxsin vergi orqanlarında uçotdan çıxması və VÖEN-nin bağlanması aşağıdakı hallarda baş verə bilər:

· sahibkarlıq fəaliyyətinə xitam verildikdə;

· fiziki şəxs itkin düşdükdə (bu fakt məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmalıdır);

· fiziki şəxs vəfat etdikdə (ölüm haqqında şəhadətnamə tələb olunur).

 

«Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə» elektron qaydada, şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsilə göndərilə bilər. Yəni vergi ödəyicisi olan fiziki şəxsin gücləndirilmiş elektron imzası (o cümlədən Asan imzası) olduqda Vergilər Nazirliyinin «İnternet vergi idarəsi» Portalı üzərindən ( https://www.e-taxes.gov.az ) «Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə»ni göndərə bilər.

Uçotdan çıxarılanadək vergi ödəyicisinin qeydiyyata alınması barədə vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli (əgər şəhadətnamə itibsə, bu barədə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi vergi orqanını məlumatlandırmalıdır), təqdim edilməmiş bəyannamələr (hesabatlar) vergi orqanına verilməli, dövlət büdcəsinə vergi borcu olduğu halda borcun ödənilməsi təmin edilməlidir. Bu zaman VÖEN əsasında fiziki şəxsin adına açılmış bank hesabının bağlanması da əsas şərtdir.

Fiziki şəxsin sahibkarlıq fəaliyyətini dayandırması və VÖEN-nin bağlanması barədə müraciət daxil olduqda vergi orqanı tərəfindən həmin şəxs üzrə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər. Qeyd edilən hallar aradan qaldırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılaraq ona «Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş» göndərilir və bununla daona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir.

Kağız daşıyıcıda ərizənin vergi orqanına təqdim edilməsi bilavasitə vergi orqanına gəlməklə və ya poçt vasitəsilə həyata keçirilir. Ərizə formasının doldurulmasındaçətinliklə rastlaşan vergi ödəyicisi özü və ya onun səlahiyyətli nümayəndəsi Vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşa bilər. Vergi orqanlarında qeydiyyat prosedurları və vergi öhdəlikləri barədə ətraflı məlumatı  https://www.e-taxes.gov.az  internet səhifəsinin «Sahibkarın vergi bələdçisi» bölməsindən və ya Vergilər Nazirliyinin «195-1» Çağrı Mərkəzindən də əldə etmək olar.

 

 

Elxan SALAHOV