Vergiler.az

Dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqə başa çatıb


Sayca 14-cü olan bu müsabiqədə iştirak etmək üçün 1734 nəfər müraciət etmişdi. Onlardan 214 nəfərin ərizəsi yaş hədləri, ixtisasları uyğun olmadığına, xaricdə təhsil almış namizədlərin ali təhsil haqqında sənədlərinin müvafiq qaydada təsdiqlənmədiyinə və qanunvericiliyə uyğun olaraq digər səbəblərə görə qəbul edilməyib. Müraciəti qəbul olunan 1520 nəfər 26 may 2018-ci il tarixdə müsabiqənin test imtahanı mərhələsində iştirak edib və onlardan 139 nəfəri imtahandan uğurla keçərək 2-ci mərhələdə iştirak hüququ əldə edib.

Müsabiqənin 2-ci mərhələsində namizədlərlə müsahibə keçirilib. Müsahibə hər bir namizədlə fərdi qaydada aparılıb və onların ümumi dünyagörüşü, şəxsi keyfiyyətləri, vergi orqanlarında xidmətə yararlı və layiqli olub-olmaması yoxlanılıb. Müsahibə mərhələsindən 88 nəfər müvəffəqiyyətlə keçib.

Bundan əlavə, Vergilər Nazirliyi və Təhsil Nazirliyi arasında imzalanmış  Əməkdaşlıq Memorandumuna və «Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə»yə görə «Sürətli işə qəbul» proqramı çərçivəsində SABAH qruplarında və müvafiq Dövlət Proqramı çərçivəsində xaricdə müvafiq ixtisaslar üzrə təhsil almış vətəndaşlar dövlət vergi orqanlarına işə qəbulla bağlı test imtahanı mərhələsindən azad olunaraq birbaşa müsahibə mərhələsində iştirak ediblər.

Test imtahanından azad olunmaqla müsahibə mərhələsində iştirak etmiş 106 namizəddən 44 nəfər, ümumilikdə isə 132 nəfər müsahibə mərhələsində müvəffəqiyyət qazanaraq kadr ehtiyatına daxil edilib.