Vergiler.az

Vergi orqanları gənclərlə həmrəylik nümayiş etdirir


Vergilər Nazirliyində Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri ilə keçirilmiş görüş «Azərbaycanda gənclər təşkilatlarının inkişafına dəstək və onların fəaliyyətinin artırılması istiqamətində imkanlar» mövzusuna həsr olunub. Görüş zamanı nazirliyin fəaliyyət və strukturları haqqında ümumi tanışlıq, elektron xidmətlər, vergilərin tam həcmdə ödənilməsi və hesabatların düzgün tərtibatı, vergi yükünün azaldılması və vergidən azadolmalar, kiçik və orta biznesin inkişafında vergilərin rolu ilə bağlı məlumatlandırma xarakterli təqdimatlar edilib.

Nazirlik əməkdaşları əsas diqqəti gənclərin biznes qurması və bu zaman üzləşdiyi çətinliklərə, dövlət tərəfindən onlara yaradılan şərait və edilən güzəştlər  üzərində cəmləşdirmişlər. Görüş zamanı bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü iqtisadi siyasətin həyata keçirilməsi, ölkənin iqtsadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi orqanlarının rolu barədə də danışılıb.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova: «Gənclər Təşkilatları Milli Şurasının məlumat turlarının keçirilməsində əsas məqsədlərdən biri də gəncləri suallarını birbaşa ünvanlaya biləcəkləri qurumlarla görüşdürməkdir. Əminliklə deyə bilərik ki, bu görüş gənclərə gözlənilən töhfəsini verə bildi. Məlumat turu proqramı çərçivəsində Vergilər Nazirliyi ilə yenidən görüşlərimiz olacaq».

«Gənclərin Həmrəyliyinə Dəstək» İctimai Birliyinin sədri Cəmilə Abdullayeva: «Vergilər Nazirliyi hər zaman öz biznesini qurmağa çalışan gənclərə xüsusi diqqətlə yanaşır və onlara bütün mərhələlərdə hərtərəfli kömək göstərir».

«Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası» İctimai Birliyinin sədri Qasım Xasməmmədli: «Bir gənc olaraq cəmiyyətimiz üçün faydalı işlər görmək üçün əlimdən gələni edirəm. Əlbəttə ki, zaman-zaman müxtəlif problemlərlə rastlaşırıq və bu, normal haldır. Lakin əsas məsələ odur ki, qarşıya çıxan problemlərin aradan qaldırılması üçün təşəbbüslər göstərilsin, qanunvericilikdə, vergi inzibatçılığında, eləcə də insani münasibətlərdə aydınlıq və səmimiyyət olsun. Bu baxımdan, iştirakçısı olduğum bu görüşdən əldə etdiyim məlumatların gələcək fəaliyyətimdə mənə kömək edəcəyinə əminəm!»

 


Fəxriyyə İKRAMQIZI