Vergiler.az

Kiçik və orta sahibkarlığın iqtisadiyyatdakı rolu yüksəlir


Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2018-ci il tarixli fərmanı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi təsdiq edilib. Bununla da agentlik rəsmən öz səlahiyyətləri çərçivəsində vəzifələrinin icrasına başlamışdır. Müsahibimiz Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovdur.

- Orxan müəllim, rəhbərlik etdiyiniz qurum hansı zərurətdən yarandı?

-  İqtisadiyyatımızın əsas sektorları üzrə strateji yol xəritələri vətəndaşlarımızın rifahını yüksəltməklə yanaşı, investisiyaların cəlb edilməsinə, eyni zamanda rəqabət mühitinin formalaşmasına, xarici bazarlara çıxış və insan kapitalının inkişafında aparıcı istiqamətləri müəyyən edir. Strateji Yol Xəritəsi qısa (2020-ci ilədək), orta (2025-ci ilədək) və uzunmüddətli (2025-ci ildən sonra) dövrləri əhatə edir. Dövlət başçısının fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılmasının zəruriliyi öz əksini tapıb. Agentliyin yaradılmasında əsas məqsəd kiçik və orta biznesin (KOB) iqtisadi fəallığını artırmaq, özəl təşəbbüslərə dəstək olmaq, sağlam rəqabət mühiti formalaşdırmaqdır.

Ölkəmizdə mikro, kiçik və orta biznes subyektlərinin ölkə iqtisadiyyatındakı rolunun yüksəldilməsi sahəsində böyük potensial mövcuddur. Nəzərə almaq lazımdır ki, davamlı inkişaf prioritetləri bu sahə qarşısında yeni tələblər irəli sürür. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarəetmənin məhz bu tələblər əsasında təşkili məqsədilə yaradılmışdır. Agentliyin fəaliyyəti inkişaf çağırışlarına uyğun mövcud mexanizmlərin təkmilləşdirilməsinə, yenilərinin yaradılmasına yönəldiləcəkdir.

KOB-ların miqyasca kiçik və bazardakı dəyişikliklərə həssas olması onların inkişafına daha çox dövlət dəstəyinin göstərilməsini zəruri edir. Bu gün KOB subyektləri müəyyən məlumatların, eləcə də bir sıra biznes xidmətlərinin əldə edilməsində çətinliklərlə üzləşirlər. Araşdırmalar göstərir ki, Azərbaycanda KOB subyektləri biznes məsləhət xidmətlərindən çox az istifadə edirlər ki, bu da onların rəqabət qabiliyyətini və dayanıqlığını zəiflədir. Bu subyektlərin bəzilərinin qanunvericiliyin tələblərindən, biznes risklərindən, mövcud sektordakı vəziyyətdən xəbərsiz şəkildə fəaliyyətə başlaması bir sıra hallarda onların uğursuzluğa düçar olması ilə nəticələnir. Agentliyin nəzdində fəaliyyət göstərəcək KOB evləri bu cür məsələlərdə sahibkarlara yardımçı olacaq.

Agentliyin yaradılmasını zəruri edən digər bir səbəb KOB-lara dövlət xidmətlərindən daha rahat, maneəsiz istifadə imkanının yaradılması, mövcud dəstək mexanizmlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi ilə bağlıdır. Azərbaycanda hazırda ayrı-ayrı dövlət orqanları öz səlahiyyətləri çərçivəsində KOB-lara müxtəlif xidmətlər üzrə dəstək göstərirlər.

 

- Agentlik öz missiyasını yerinə yetirərkən hansı əsas prinsipləri rəhbər tutur?

- Agentlik biznes mühitinin əlverişliliyinin artırılması, tənzimləmə sisteminin səmərəliliyinin yüksəldilməsi, çoxsaylı dəstək tədbirlərinin ünvanlılığının və onlara sahibkarların maneəsiz və rahat çıxışının təmin edilməsi yolu ilə KOB sektorunun davamlı inkişafı və onun ölkə iqtisadiyyatındakı rolunun artırılması kimi hədəflərini reallaşdırarkən operativlik, şəffaflıq və məsuliyyət prinsiplərini rəhbər tutur.   Qurum dövlət-özəl sektor tərəfdaşlığını reallaşdırdığına görə, öz missiyasını bir tərəfdən dövlət qurumları, digər tərəfdən isə KOB-larla sıx əməkdaşlıq şəraitində həyata keçirir. Əlbəttə, biz bu sahədə vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının və fondların, eləcə də Azərbaycan Respublikasının dövlət maraqları çərçivəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların da iştirakını unutmuruq. Hesab edirik ki, şəffaflığın artırılması istiqamətində vətəndaş cəmiyyəti, dövlət və özəl sektor, eləcə də beynəlxalq təşkilatlar qarşılıqlı təmasda işləməli və qarşıya qoyulan məqsədlərə çatmaq üçün səylərini səfərbər etməlidirlər.

 

-  Rəhbərlik etdiyiniz qurum tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə hansı xidmətlər göstəriləcəkdir?

- Agentlik dövlət və özəl qurumların sahibkarlara vahid məkanda daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə zəruri biznesin yaradılması və inkişafının bütün mərhələlərində lazım olan xidmətləri, o cümlədən zəruri səyyar xidmətlər göstərəcəkdir. Bu xidmətlər Agentliyin nəzdində yaradılacaq «KOB evləri», «KOB dostları» şəbəkəsi və «KOB könüllüləri» vasitəsilə reallaşdırılacaqdır. Bundan əlavə, sahibkarlara elektron platformadakı xidmətlərdən istifadə imkanı yaradılacaqdır. Planımıza əsasən, yeni «E-KOB evi» portalında «Sahibkarın elektron kabineti» bölməsi və «Elektron sahibkar» sistemi «KOB e-şəbəkəsi»nə daxil edilməklə, elektron xidmətlər mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiya olunacaq. Bununla yanaşı, biz göstərilən hər bir xidməti təhlil edib qiymətləndirəcək, onların elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının və xidmətlər reyestrinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görəcəyik. Bu fəaliyyətlərin məntiqi nəticəsi olaraq, KOB-lar üçün «bir pəncərə» sistemi formalaşacaqdır. Sahibkar olmaq istəyən və ya sahibkar kimi fəaliyyət göstərən şəxslər bunun sayəsində lazım olan xidmətləri və zəruri dəstəyi vahid məkandan ala biləcəklər. Təbii ki, bütün bu planlara bizimlə bərabər çalışacaq dövlət orqanları ilə birgə nail olmağı düşünürük.

 

- Ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, həmin sahibkarlıq subyektlərinin fəaliyyətinin tənzimlənməsi, maraqlarının qorunması istiqamətində hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılır?

- Agentlik KOB-ların tənzimlənməsində iştirak edərkən beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin yaradılmasını, biznes mühitində əlverişliliyin artırılmasını əsas götürəcəkdir. Yaradılacaq əməkdaşlıq platformalarında sahibkarların maraqlarının daha etibarlı müdafiəsi mexanizmləri tətbiq ediləcəkdir.

Yaxın zamanlarda Agentlik yanında sahibkarların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə İctimai Şura yaratmağı planlaşdırırıq. Şura cəmiyyət-sahibkar-dövlət orqanları münasibətlərində daha səmərəli tədbirlərin həyata keçirilməsinə dəstək olacaq. Bundan əlavə, KOB-lara institusional dəstək mexanizmləri təkmilləşdiriləcək, dövlət təşkilatlarının və özəl qurumların fəaliyyəti əlaqələndiriləcək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılacaq. Bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi də planlaşdırılır. Milli KOB, milli marka və brendlərin formalaşdırılması istiqamətində böyük planlarımız var. Artıq KOB klasterlərin yaradılması və inkişafı üzrə vahid dövlət siyasətinin formalaşdırılması sahəsində ilkin məsləhətləşmələrə və quruculuq işlərinə başlamışıq. 

 

- Səlahiyyətli bir qurum kimi, agentlik dövlətə və özəl sektora aid müəssisələrin fəaliyyətini necə əlaqələndirir?

- Agentlik KOB-ların inkişafı siyasətinin əlaqələndirici qurumu kimi müəyyən edilmişdir. Agentliyin yanında aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Koordinasiya Qrupu yaradılacaq. Bu məqsədlə artıq İqtisadiyyat Nazirliyinin yaxından dəstəyi ilə müəyyən addımlar atılıb. Qrupun rəsmi fəaliyyəti ilə bağlı müvafiq hüquqi prosedurlar həyata keçirilir və bu fəaliyyət davam etdiriləcəkdir. Əlaqələndirmə zəncirinin iştirakçıları olan tərəfdaşlarımızın da vahid mövqeyi bundan ibarətdir ki, aparılan islahatların sürətləndirilməsi məqsədilə daha əlverişli biznes mühiti üçün maneə yaradan bütün əngəllər aradan qaldırılmalıdır. Bu gün müasir dünyanın fərqli trendləri yaranır və biz də buna uyğun olaraq islahatlarımızı daha əlverişli investisiya mühiti yaratmaq baxımından səmərəli vəziyyətə gətirməliyik. İndi dünya təcrübəsində əlverişli investisiya mühiti üçün qanunvericilik islahatları ön sırada dayanır. Bunu ona görə qeyd edirəm ki, biz əlaqələndirməni həyata keçirərkən öz tərəfdaşlarımız olan dövlət və özəl sektor nümayəndələri ilə bərabər biznes mühitinin inkişafına əngəl olan maneələrin aradan qaldırılmasını qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə həll etməyi düşünürük.  

Biz müvafiq sahədə hazırlanan qanunvericilik aktlarının müzakirəsində sahibkarların yaxından iştirakını təmin etməklə, onların ölkədə həyata keçirilən iqtisadi islahatlar prosesində dövlət qurumları ilə birgə müzakirələrdə iştirakının tərəfdarıyıq və qarşılıqlı etimadın artırılması istiqamətində biznes təmsilçilərinin maraqlarını nəzərə almaq əzmindəyik. 

 

Müsahibəni hazırladı: Fəxriyyə İKRAMQIZI