Vergiler.az

Asan yolla əldə edilən qazancın böyük zərəri

 

Qaçaqmalçılıq ucbatından hər il milyonlarla vəsait büdcədən yayındırılır

Nazirlər Kabinetinin bu ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısı deyib ki, Azərbaycanın vergi və gömrük orqanları dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə qalxmalıdır: «Yəni, sadə dillə desək, vəzifə bundan ibarətdir. Əlbəttə ki, kadr dəyişikliyi aparılmalıdır və aparılır. Əminəm ki, bu, öz bəhrəsini verəcək. Qabaqcıl ölkələrin təcrübəsi Azərbaycanda tətbiq edilməlidir. Bütün dövlət qurumları, eyni zamanda, sahibkarlar da bilməlidirlər ki, vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, bərabər şərait yaradılıb, qeyri-sağlam rəqabətə son qoyulur. Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq. Əsas şərtlər bundan ibarətdir».

Ölkə Prezidenti sahibkarları da bu işlərdə məsuliyyətlərini artırmağa çağırıb: «Hamı qanun qarşısında bərabər olmalıdır. Vergi və gömrük orqanlarının rəhbərliyi qarşısında mənim tapşırıqlarım bundan ibarətdir. Heç kimin heç bir güzəşti yoxdur, ola da bilməz. Hər bir sahibkar vergisini tam ödəməlidir və vergidən başqa heç bir başqa ödəniş olmamalıdır».

 

Qaçaq yolla ölkəyə ən çox gətirilən məhsullar

Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara əsasən, qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən məhsullar arasında narkotik tərkibli maddələr, tütün məhsulları, spirtli içkilər və mobil telefonlar üstünlük təşkil edir. Narkotik vasitələr ölkəyə əsasən İran, tütün məhsulları, spirtli içkilər və mobil telefonlar isə Gürcüstan və Rusiya üzərindən gətirilir.

Bir neçə gün əvvəl «Sınıq körpü» gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib. Sürücü özünün üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, baxış zamanı avtomobilin sağ və sol qanadlarının içərisindən 40 ədəd «X-Box» və 2 ədəd «Samsung Galaxy J3» markalı mobil telefon və aksesuarlar aşkar edilib.

Bundan az sonra isə Özbəkistandan Bakı şəhərinə gətirilən yükə baxış keçirilərkən 20 ədəd kondisionerin gizli yolla Azərbaycana keçirilməsi cəhdinin qarşısı alınıb. Gömrükçülərin yükə baxışı zamanı bəyan edilən mallardan əlavə, bəyan olunmamış 20 ədəd «Shivaki Air Conditioner 18000 BTU/H» markalı kondisionerin hissələri aşkar edilərək götürülüb.

 

Qanunsuz ticarətə qarşı birgə mübarizə aparılmalıdır

Gətirdiyimiz nümunələr qanunsuz ticarətə, o cümlədən qaçaq yolla ölkəyə məhsul gətirilməsinə cəhdetmə hallarına aid nümunələrdən yalnız bir neçəsidir. Görülən tədbirlərə baxmayaraq, qanunsuz  malların bazara daxil edilməsi öz aktuallığını saxlayır. İqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən, vergi və gömrük orqanlarından yayındırılan malların geniş satış dövriyyəsi iqtisadiyyatı vergilərdən əldə olunan mühüm gəlirlərdən məhrum edir. Onun sözlərinə görə, bu problem təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində həmişə aktual olub: «Bir çox ölkələrdə bu cür məhsulların satışından il ərzində külli miqdarda vəsait dövriyyədən kənarda qalır, nəticədə dövlət böyük həcmdə vergiləri itirir. Gömrük qeydiyyatından kənar malların milli bazara daxil olması ədalətsiz rəqabət şəraitinin formalaşdırılmasında və son nəticədə azad sahibkarlığın boğulmasında xüsusi rol oynayır. Odur ki, qaçaqmalçılıqla mübarizə tədbirləri daha effektiv şəkildə və davamlı olaraq aparılmalıdır».

Xatırladaq ki, bu ilin aprelində Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında «Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında» Razılaşma Protokolu imzalanıb. Məqsəd üçüncü şəxslər üçün mal idxal edənlərin qanunvericiliyə əməl etməsini, vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsini və sahibkarlıq subyektləri arasında rəqabət mühitinin qorunmasını təmin etməkdir. Sənəddə əsas diqqət irimiqyaslı konsepsiyaların, sosial-iqtisadi strategiyaların və proqramların qəbul edilməsinə, eləcə də mövcud islahatlar fonunda vergidən yayınma hallarının aradan qaldırılmasına, büdcə daxilolmalarının tam həcmdə və vaxtında yığılmasına yönəldilir. Bu məqsədlərə nail olmaq üçünsə iqtisadi münasibətlərin şəffaflaşdırılmasının, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinə düzgün əməl olunmasının və könüllü əməletmə səviyyəsinin artırılmasının əhəmiyyətli rolu var.


E.SALAHOV