Vergiler.az

Nəzarət-kassa aparatları


Vergi Məcəlləsinə əsasən, nağd pul hesablaşmalarının aparıldığı təsərrüfat subyektləri və obyektlərində vergi ödəyiciləri tərəfindən nəzarət-kassa aparatlarının quraşdırılması (NKA) nəzərdə tutulub. Məcəllənin 16.1.8-ci  maddəsinə görə, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə məşğul olan vergi ödəyiciləri nağd pul hesablaşmalarını NKA vasitəsilə həyata keçirməlidirlər.

NKA - malların (işlərin, xidmətlərin) təqdim olunması zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləridir.

Vergi Məcəlləsinin 50-ci maddəsinin 7-ci  bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri belə hesablaşmaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada NKA  vasitəsilə həyata keçirirlər.

 

NKA-nın qeydiyyata alınması

Bunun üçün vergi ödəyicisi tərəfindən ərazi üzrə vergi orqanına müvafiq ərizə («Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında Ərizə») verilməli və bu ərizəyə aşağıda qeyd olunan sənədlər əlavə edilməlidir:

· STXM-in NKA-nın quraşdırılması barədə aktı;

· Ərizənin təqdim olunma tarixinə NKA-nın fiskal yaddaşının göstəricisini əks etdirən çek;

· NKA-da quraşdırılmış elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti barədə STXM-in aktı.

Aktda istifadədə olan nəzarət-kassa aparatının fiskal yaddaşı dəyişdirildikdən və yeni fiskal yaddaşın hesabatı alındıqdan sonra nümunə kimi 10 qəpiyə qədər məbləğdə NKA-ya mədaxil edilmiş dövriyyə barədə «Z» hesabatının surəti əlavə olunmalıdır.

Elektron formada ərizə eyni zamanda müqavilə əsasında vəkil olunmuş Servis Texniki Xidmət Mərkəzi adından da göndərilə bilər və bu zaman PDF fayl şəklində müqavilə də əlavə edilməlidir.

 

NKA-dan azad olunan təsərrüfat subyektləri

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bəzi fəaliyyət növləri nağd hesablaşmaları NKA vasitəsilə aparmaqdan azaddırlar. Onlar aşağıdakılardır:

· qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);

· kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;

· səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;

· qiymətli kağızların və lotereya biletlərinin satışı;

· elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti.

 

Qaydaların pozulması maliyyə sanksiyasına səbəb olur

Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması halları baş verdikdə, yəni NKA tətbiq edilmədikdə vətəndaşlar Vergilər Nazirliyinin «195-1» Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması halları baş verdikdə, yəni NKA tətbiq edilmədikdə aşağıdakı məbləğdə maliyyə sanksiyası tətbiq olunur.

· təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat;

· təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 4000 manat;

· təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat.