Vergiler.az

Sağlamlıq birinci şərtdir


İndi dünyada düzgün qidalanmaq, sağlamlığa ziyan olan məhsulların istehlakının azaldılması istiqamətində total tədbirlər görülür. Bu tədbirlər maarifləndirmə ilə yanaşı, müəyyən inzibati addımların atılmasını da əhatə edir.

 

Energetik içkilər

İstifadəsinə ilk dəfə 1929-cu ildə xəstəxanada dərman kimi başlanan energetik içkilər zaman keçdikcə enerjini bərpa edən qida məhsulu kimi reklam olunmağa başladı. Yaponiyada 1960-cı ildən satılmağa başlanan bu içki qısa müddət sonra populyarlaşdı. 2000-ci illərin sonundan Avropada böyük satış bazarına sahib olan energetik içkilər artıq dünyanın hər yerində qida məhsulu kimi istifadə olunur.

Son illər Azərbaycanda da - xüsusilə gənclər arasında - energetik içkilərə tələb kəskin artıb. Energetik içkilərlə bağlı reklam kampaniyaları, insanların kütləvi toplaşdığı yerlərdə onların pulsuz paylanılması bu içkilərə marağı və aludəçiliyi daha da artırıb.

Məsələ bundadır ki, bəzi ölkələrdə artıq bu içkilərin satışına qadağa,  bir sıra ölkələrdə isə məhdudiyyətlər qoyulub. Məsələn, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub. 2015-ci il mayın 1-dən Rusiyanın Moskva vilayətində də eyni məhdudiyyət tətbiq edilir. Bu cür tədbirlər bir sıra digər ölkələrdə də tətbiq olunur.

Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin fikrincə, ölkəmizdə energetik içkilərin kütləvi şəkildə yayılması, xüsusilə gənclərin buna maraq göstərməsi narahatlıq doğuran məsələlərdəndir: «Ümumiyyətlə, son illərdə energetik içkilərdən qəfil ölüm halları çoxalıb. Bütün dünyada, o cümlədən Azərbaycanda gənclər və yeniyetmələr arasında energetik içkilərin fəsadları artıb. Bu içkilərin inkişaf etməkdə olan orqanizmə vurduğu ziyan daha çoxdur. Onlar insanın istər psixoloji durumuna, istər ürək-damar sisteminə, istərsə də maddələr mübadiləsinə mənfi təsir göstərir. Energetik içkilərin qəbulu yuxu, əsəb sisteminin pozulmasına gətirib çıxarır, bəzi hallarda isə insanlar öz fəaliyyətlərinə nəzarət edə bilmirlər».

M.Quliyev hesab edir ki, bu amilləri nəzərə alaraq, Azərbaycanda energetik içkilərin satışının məhdudlaşdırılması, uşaqlara əlçatanlığının minimuma endirilməsi üçün tədbirlər görülə bilər. Deputat hesab edir ki, energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməlidir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı bildirib ki, rəhbərlik etdiyi qurum artıq 20 ildir ki, istehlakçı hüquqlarını qoruyan «Consumers International» beynəlxalq istehlakçı təşkilatın tərkibində fəaliyyət göstərir. Hər 5 ildən bir dünyanın istehlakçı hüquqlarını qoruyan bu dünya təşkilatı tərəfindən energetik içkilər xüsusi təhlil olunur və bunun insan orqanizminə ziyanları haqqında məlumatlar yayılır. Çox yaxşı haldır ki, təşkilatlar arasında bu məsələ ilə bağlı güclü təbliğat aparılır: «Bir müşahidə aparın. Bulvarda ağ mərmərin üzərinə tökülən energetik içki mərmərə qır kimi yapışır. Fizikanın qanunlarına görə, bu içkini qəbul edərkən insan bədəni sərinləyir, amma bədəndən enerji ayrılır. Yaxşı ki, heç olmasa, məktəb bufetlərində belə içkilərin satışına qadağa qoyulub. Mən birmənalı olaraq təklif edirəm: ölkədə bu içkilərin istehsalı azaldılsın, xaricdən gətirilərkən gömrük rüsumu artırılsın və böyük məbləğdə vergi tətbiq edilsin. Bir sözlə, energetik içkilərə əlçatanlıq minimum səviyyəyə endirilsin».

E.Hüseynov təəssüflə qeyd edib ki, bir sıra beynəlxalq idman yarışlarında bu içkilər sponsor qismində təbliğ olunur, reklam edilir. Bu da  istehlakçıları çaşdırmaq deməkdir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, energetik içkilər tərkibində kofein, taurin, vitaminlər, bitki mənşəli əlavələr, şəkər, yaxud digər dadlandırıcı maddələr olan, çəki itkisinə səbəb olan, dözümlülük, fiziki gücü və diqqəti gücləndirən içki kimi reklam edilən qida məhsuludur. Agentlik xəbərdarlıq edir ki,  bu cür içkilərin istehsalında istifadə olunan maddələr günlük normadan artıq qəbul edildiyi halda, orqanizmdə müəyyən fəsadlar törədə bilər. Bu səbəbdən, enerji içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır:

· məhsul alınarkən onun tərkibi ilə tanış olmaq vacibdir;

· gündəlik qəbul 1 qabdan artıq olmamalıdır;

· hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır;

· spirtli içkilərlə birlikdə qəbul edilməsi zəhərlənməyə səbəb ola bilər.

Energetik içkilərin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər. Belə içkilərin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insanda asılılıq yaradır, ürək döyüntülərinin sürətini artırır və digər mənfi fəsadlara gətirib çıxarır.