Vergiler.az

«Şəkər vergisi»

 

Bu ilin may ayında iki mindən artıq həkim Almaniyanın Kansleri Angela Merkelə, onun rəhbərlik etdiyi hökumətin nazirlərinə və ölkədəki aparıcı partiya liderlərinə ünvanladıqları açıq məktubda bütün ölkə ərazisi üzrə şəkərdən izafi istifadənin federal səviyyədə qarşısının alınması üçün mübarizə tədbirlərinin görülməsini xahiş etmişdi. Təklifdə tütün məhsullarına, şəkər də daxil olmaqla, bir sıra məhsullara (ilk növbədə, şirin içkilərə) vergilərin və aksizlərin tətbiqinin zəruriliyi, eləcə də uşaqlara ünvanlanmış reklamların qadağan olunması qeyd edilmişdi.

Böyük Britaniyada bu ilin aprel ayının 6-da qüvvəyə minmiş «şəkər vergisi»nin tətbiqində əsas məqsəd uşaqların piylənməsinə qarşı mübarizə aparmaqdır. Bu yığım barədə müzakirələrə iki il əvvəl başlanmışdı və o vaxtdan bəri ölkədə şirin içkilərin tərkibində işlədilən şəkərin miqdarı 45 milyon kiloqram azaldılmışdır. Qida istehsalçıları öz məhsullarının reseptinə yenidən baxaraq vergi tutulan həddi aşmamaq üçün müvafiq addımlar atmışlar.

İngiltərə ictimaiyyətində «şəkər vergisi» adlandırılan qanuna görə, 100 millilitr içkinin tərkibindəki şəkər 5 qramdan artıq olduqda litr başına 18 penni vergi alınmasını nəzərdə tutur. 100 millilitr içkidə istifadə edilən şəkərin miqdarı 8 qramdan artıq olduqda isə bu göstərici 24 penni təşkil edir.

Britaniya Xəzinədarlığının hesablamasına görə, istehsalçıların içkilərin tərkibindəki şəkəri azaltması sayəsində birinci il «şəkər vergisi»ndən büdcəyə cəmi 240 milyon funt sterlinq vəsait daxil olacaq. Bu göstərici əvvəlcə proqnozlaşdırıldığının təxminən yarısına bərabərdir: ilkin olaraq bu vergi üzrə 520 milyon funt sterlinq vəsait yığılacağı planlaşdırılmışdı.

Böyük Britaniyanın şirin içki istehsalı ilə məşğul olan «Coca-Cola», «Britvic» və «Lucozade Ribena Suntory» kimi aparıcı şirkətlərinin hamısı öz məhsullarının tərkibində dəyişiklik etmişlər. Buna baxmayaraq, ölkədə ən çox satılan «Coca-Cola Classic» içkisinə görə «şəkər vergisi» ödənilməli olacaq. «Tesco», «Asda» və «Morrisons» ticarət şəbəkələri də brend içkilərin reseptinə yenidən baxmaq məcburiyyətində qalmışdır: indi onlar içkinin tərkibindəki şəkərin miqdarının vergi üçün müəyyənləşdirilmiş həddən artıq olmamasına xüsusi əhəmiyyət verirlər.

 


Fəxriyyə İKRAMQIZI