Vergiler.az

E-imza Aİ-nin tələblərinə uyğunlaşdırılır

 

Avropa İttifaqı (Aİ) Azərbaycana elektron imzaların qarşılıqlı tanınmasında və qeyri-rezidentlər tərəfindən istifadəsinə imkan yaradılmasında dəstəyini artıracaq.

 

Avropa Komissiyasının Şərq Tərəfdaşlığı üzrə rəhbəri Lourens Meredit bildirib ki, Aİ Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların artırılması və beynəlxalq ticarət sisteminə inteqrasiyasının sürətləndirilməsi istiqamətində işləri davam etdirəcək. Qeyd olunub ki, Azərbaycanın istehsal etdiyi məhsulların xarici bazarlara daha asan çıxarılması, eləcə də beynəlxalq elektron kommersiya platformalarına birbaşa çıxışın əldə olunması  üçün biznes dairələri arasında e-imza mühüm əhəmiyyət kəsb edir.  Elektron imza azərbaycanlı iş adamlarının dünya elektron ticarət şirkətləri ilə sıx əlaqələr qurmasında mühüm rol oynayır. Bu məqsədlə e-imzaların qarşılıqlı tanıdılmasının əhatə dairəsi daha da genişləndirilməlidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafi şöbəsinin müdiri Rəşad Əzizov  bildirib ki, e-imza, o cümlədən «ASAN imza» sertifikatlarının ölkələrarası qarşılıqlı tanınması və hüquqi bazanın təkmilləşdirilməsi sahəsində mühüm işlər görülüb. Elektron identifikasiya və etibarlı xidmətlər üzrə ölkəmizdəki mövcud vəziyyət araşdırılıb və Avropa standartlarına uyğunlaşdırılması istiqamətində addımlar atılıb. Avropa İttifaqı ilə birgə həyata keçirilən «Azərbaycan Respublikasında elektron xidmətlərin və elektron ticarətin inkişafının gücləndirilməsi» layihəsi elektron imzaların tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Həmin layihə çərçivəsində Azərbaycanda mövcud olan e-imza qanunvericiliyi təkmilləşdirilərək Aİ-nin tələblərinə uyğunlaşdırılacaq.

Azərbaycanın Avropa İttifaqının «FutureTrust» layihəsinə assosiativ tərəfdaş seçilməsi elektron imzaların qarşılıqlı tanınmasını asanlaşdıracaq. Layihənin əsas məqsədi elektron ticarətdə elektron identifikasiya (eID) və etibarlı xidmətlər üzrə eIDAS qanunvericiliyinin praktiki tətbiqini dəstəkləmək və etibarlı xidmətlərin Aİ və onun hüdudlarından kənarda yayılmasını asanlaşdırmaqdır. Layihə təkmil sertifikat, elektron imza və vaxt möhürü ilə əlaqəli olan etimadlı xidmətlərin təkmilləşdirilməsində mühüm rol oynaycaq. Aİ ilə tərəfdaşlıq elektron imzaların qarşılıqlı tanınması işlərini sürətləndirməklə ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarla xarici biznes tərəfdaşları arasında sənədlərin, elektron müqavilələrin real vaxt rejimində e-imza ilə imzalanması və transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan yaradacaq.

Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda «Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya»ya qoşulmaqla elektron imzaların qarşılıqlı tanıdılması istiqamətində əlverişli zəmin formalaşıb. Həmin konvensiya ölkəmizin qlobal elektron ticarət məkanına inteqrasiyasına və e-ticarətlə bağlı hüquqi məsələlərin tənzimlənməsinə fürsət yaradır. Xarici ölkələrlə elektron imzaların qarşılıqlı tanınması elektron sənədlərin təsdiqində vaxt qənaətinə və bürokratik əngəllərin aradan qaldırılmasına şərait yaradacaq.

E-imza ilə bağlı qarşıda duran yeniliklərdən biri 2019-cu ildən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrində e-imza sertifikatının tətbiqidir. Nəzərdə tutulan yenilik e-imzanın kütləviləşməsinə gətirib çıxaracaq.

 


ELBRUS