Vergiler.az

Qaydalar hamı üçün eyni olarsa...

 

Son zamanlar Azərbaycanın mobil cihazlar bazarında nizam yaradılması əhəmiyyətli dərəcədə aktuallaşmış məsələlərdəndir. Problemin köklü şəkildə həlli məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atılır. Bu yaxınlarda Prezident İlham Əliyev «Dövlət rüsumu haqqında» Qanuna dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Dəyişikliyə əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna edilməklə, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tətbiq olunacaq. Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləği Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minib.

Mövzu ilə bağlı suallarımızı «Lenovo Datacenter Group» şirkətinin Azərbaycan üzrə nümayəndəsi Rasim Bəxşi cavablandırır.

 

- Mobil cihazlar bazarındakı vəziyyət son zamanlar xeyli aktuallaşıb. Nüfuzlu istehsalçılardan birinin Azərbaycandakı rəsmi nümayəndəsi kimi bu məsələyə münasibətiniz maraqlıdır...

- Mobil telefon və aksessuarlarının müxtəlif qanunsuz yollar ilə ölkəyə gətirilməsi problemi, demək olar ki, bütün ölkələrdə var. Azərbaycan da bu problemdən kənarda deyil və dövlət qurumları tərəfindən dəfələrlə belə faktların aşkarlanmasının şahidi oluruq. Qeyri-leqal yollarla ölkəyə gətirilən məhsullar istehsalçı şirkətin rəsmi distribütorunun hüquqlarının pozulmasına səbəb olur. Telefon satışı üzrə rəsmi distribütorlar yerli tələblərə, istismar qaydalarına uyğun, yəni konkret ölkə üçün nəzərdə tutulmuş məhsullar idxal edirlər. Onlar bu sahəyə investisiya qoyur, öz ofislərini və xidmət şəbəkələrini qurur, işçi heyəti toplayır, fəaliyyət sahəsinə görə vergi ödəyir, digər rəsmi ödəmələri həyata keçirirlər. Mobil vasitələri qaçaqmalçılıq yolu ilə gətirənlər isə belə öhdəliklərə əməl etmirlər və məhsullarını aşağı qiymətə təklif edirlər. Son nəticədə bazardakı satışın böyük hissəsi qeyri-qanuni yollarla bazara girmiş şirkətlərin və ya fərdi şəxslərin əlində cəmləşir. Bu vəziyyət fəaliyyətini qanun çərçivəsində quran şirkətlərdə satışların əsaslı şəkildə azalmasına səbəb olur. Müşahidələr göstərir ki, satış nöqtələrində eyniadlı saxta telefonların qiymətləri bu malları rəsmi idxal edən şirkətlərin təqdim etdiyi qiymətlərdən vergidən yayındırılmış məbləğ miqdarında aşağıdır. Bu proses fəaliyyətini qanun çərçivəsində quran sahibkarlara ziyan vurmaqla, dövlət büdcəsindən də vəsaitin yayındırılmasına yol açır.

Qeyri-qanuni yollarla gətirilən mobil cihazların keyfiyyəti də mübahisəlidir. Bu cihazların qiyməti aşağı olsa da, onların keyfiyyəti ilə bağlı zəmanət verilmir. Bu baxımdan, istehlakçıların da maarifləndirilməsi önəmlidir. Çünki istehlakçı ucuz qiymətə telefon aldığını zənn etsə də, əslində, qeyri-qanuni satış bir tərəfdən dövlətin büdcəsinə ziyan vurmaqla onun sosial rifahına mane olur, digər tərəfdən də onu keyfiyyətsiz məhsulların fəsadları ilə üz-üzə qoyur.

 

- Bazarı saxta mobil məhsullardan qorumaq üçün hansı metodlardan istifadə olunur?

- Bu sahəni nizamlamaq üçün mövcud metodlardan biri «brand protection», yəni brendin müdafiəsi deyilən siyasətdir. Bu o deməkdir ki, hər bir istehsalçı ölkədə olan tərəfdaş şirkətlərə sertifikat, yaxud müqavilə verir. Həmin şirkət isə bu sənədi vergi və gömrük orqanlarına, digər aidiyyəti dövlət orqanlarına təqdim edir. Bundan sonra həmin şirkət rəsmi idxalçı kimi dövlət qeydiyyatına alınır və rəsmi müqavilə əsasında yerli bazarı məhsulla təmin edir. Bu həm fiziki, həm də hüquqi şəxs ola bilər. Qeydiyyat proseduru başa çatdıqdan sonra şirkət yerli bazarın inkişaf etməsi üçün müvafiq tədbirlərini görür. Bu qaydalar çərçivəsində qurulmuş fəaliyyət həm istehsalçı və tərəfdaş şirkətlər, həm istehsalçılar, həm də dövlət orqanları üçün daha rahat, sərfəli və məqbul sayılır. Çünki istehsalçı və tərəfdaş şirkət qəbul edilmiş qaydalar çərçivəsində özü biznesini genişləndirir, istehlakçı keyfiyyətli məhsul alır, şirkətin xidmətlərindən bəhrələnir, dövlət büdcəsi isə biznesin bu növündən vergi şəklində mənfəət əldə edir.

 

- Mobil rabitə cihazları bazarının iştirakçılarından biri kimi təklifiniz nədir?

- Bu sahədə nəzarətin tənzimlənməsi üçün dünyada qəbul olunmuş norma və qaydaların tətbiqi məqsədəuyğun olardı. Bunun üçün mövcud qanunvericilik təkmilləşdirilməli, nəzarət orqanları bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərməli, çevik qərarlar qəbul edilməlidir. Markaları qoruyan təlimatlar, inzibati qaydalar işləməlidir. Məsələn, ölkədə rəsmi idxalçı reyestri yaradılmalıdır. Reyestr müqavilə, məktub, yaxud istehsalçı şirkətin sertifikatı əsasında aparıla bilər. Qonşu Rusiyada və başqa ölkələrdə bu cür reyestr sistemi fəaliyyətdədir. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər aidiyyəti qurumlar istehsalçı şirkətlərə məktubla müraciət edə bilər ki, Azərbaycanın mobil rabitə cihazları bazarında bəzi şirkətlər rəsmi dövlət qeydiyyatı əsasında fəaliyyət göstərirlər. Məktubda şirkətlərin siyahısı verilir və təklif olunur ki, onlarla tərəfdaş kimi fəaliyyət göstərmək olar. Hətta bu şirkətlərin reyestri hər yarım ildə, yaxud ildə bir dəfə yenidən hazırlana, bu zaman yeni şirkətlər tərəfdaş kimi fəaliyyətə başlaya, tələblərə cavab verməyənlərin isə qeydiyyatı ləğv oluna bilər. 

 

- Mobil rabitə cizahlarının istehsalçılarının rəsmi tərəfdaşlarının Azərbaycandakı fəaliyyəti barədə nə deyə bilərdiniz?

- İstehsalçıların rəsmi tərəfdaşları dedikdə distribütor və ya böyük rəsmi pərakəndə satış satış şəbəkəsi nəzərdə tutulur.

İdxalçı isə təkcə distribütordan ibarət deyil və istənilən şirkət ola bilər. Tutaq ki, pərakəndə satış təşkil edən şəbəkə böyük bir anbar formalaşdırır və bütün mobil cihazları özü idxal edir. Amma bu fəaliyyət rəsmi qaydada, müvafiq normalar daxilində təşkil olunmalıdır. İstehsalçılar da özünə tərəfdaş seçəndə rəsmi qeydiyyatı, böyük iş təcrübəsi və müsbət reputasiyası olan şirkətlərə üstünlük verirlər. Bizim tərəfdaşlıq etdiyimiz şirkətlər həm də dövriyyəsi böyük olan vergi ödəyiciləridir. Fərdi şəxslər və ya yenicə fəaliyyətə başlayan şirkətlərin bir qismi vergidən yayınmağa çalışırlar. Ya vergini düzgün hesablamır, ya məhsulları satandan sonra məlum olur ki, vergidən yayınmaya və ya hansısa başqa pozuntulara görə problemlər yaranıb - bu da sonda şirkətin əaliyyətini dayandırmasına səbəb olur. Bu cür hallar istehlakçıya, bazara və dövlətə zərər verir.

Mobil telefon bazarında təkmil mexanizmlərin tətbiqi həm dövlətin, həm də istehlakçıların marağındadır. Azərbaycanda mobil telefonlardan geniş istifadə olunur və bu sahənin qanuni əsaslarla fəaliyyəti sahibkarlar arasında sağlam rəqabət, istehlakçılar üçün münasib qiymətlərlə təklif olunan mobil telefon və xidmətin təminatı deməkdir. Mobil telefon bazarında müşahidə olunan hallar daha təkmil mexanizmlərin tətbiqini zəruri edir. Məsələn, Türkiyə təcrübəsi bu baxımdan çox faydalıdır. Qardaş ölkədə fərdi istifadə məqsədilə ölkəyə gətirilən mobil telefonların qeydiyyatı üçün tətbiq olunan rüsumlar Azərbaycandakı rüsumlardan dəfələrlə yüksəkdir. Bir sıra ölkələrin təcrübəsində isə mobil telefonların qiymətindən asılı olaraq qeydiyyat rüsumu fərqli məbləğdə tətbiq edilir. Burada əsas məqsəd mobil rabitə bazarını keyfiyyətli telefonlarla təmin etməkdir. Azərbaycanda da istehlakçıların daha keyfiyyətli məhsullar və xidmətlərlə təmin olunması üçün mobil telefonların qeydiyyat prosedurlarını sərtləşdirmək məqsədəuyğundur.

 

Müsahibimiz «Samsung» şirkətinin Qafqaz regionu üzrə nümayəndəliyinin baş direktoru Jae Hun Leeindir.

 

- Sizin üçün Azərbaycanda işləmək asandırmı?

- Deməzdim ki, çətindir. Sadəcə, bəzi məqamlar var ki, işimizə problem yaradır. Çətinliklərdən danışarkən söhbət sadəcə məhsullarımızın satışından və ya biznesimizin gəlirliliyindən getmir. Söhbət Azərbaycan əhalisinə göstərilən xidmətlərdən və məhsullarımızın satışının daha da genişləndirilməsindən gedir.

 

- Azərbaycan bazarındakı tələb və təklif «Samsung» şirkətinin maraqlarına cavab verirmi?

- Dünyanın başqa ölkələrində olduğu kimi, Azərbaycan vətəndaşları da rasional xidmətə, qiymətə və ən yeni məhsullardan istifadəyə maraq göstərir. Hazırda «Samsung»un Azərbaycanda üç əsas məhsul kateqoriyası var: mobil telefonlar, televizorlar və məişət avadanlıqları. Bizim hesablamalarımıza görə, hazırda «Samsung»un Azərbaycandakı ən böyük bazarı mobil telefon bazarıdır. Bu bizi qane edir, amma qeyri-leqal yolla ölkəyə gətilən məhsullar bizə problem yaradır. Çünki bazardakı mobil telefonların 30-35 faizinin qanunsuz yolla ölkəyə gətirilməsi ciddi problemdir. Bunun böyük bir hissəsi biznes qurumlarına, qalan hissəsi isə fiziki şəxslərə aiddir.

 

- Sizcə, bu problemin kökündə nə dayanır?

- Təbii ki, vergilərdən yayınmaq cəhdi. Vergilər isə iki hissədən ibarətdir: 18 faiz ƏDV və 15 faiz idxal vergisi. Bu, qiymət siyasətində ümumilikdə 36 faizə qədər fərq yaradır. Vergi qaçaqları bu işlə ona görə məşğul olurlar ki, onların qanunsuz yollarla ölkəyə gətirdikləri məhsullar təxminən 30 faiz ucuz qiymətlə bazara çıxarılır və çox asanlıqla da satılır. Biz Vergilər Nazirliyinin nümayəndələri ilə bu barədə bir neçə dəfə müzakirələr aparmışıq. Fikrimcə, məsələnin həlli yalnız «Samsung»un deyil, həm də mobil telefon bazarında rəsmi qaydada fəaliyyət göstərən digər təchizatçı şirkətlərin və Azərbaycan hökumətinin marağındadır. Hökumətdə də anlayırlar ki, gizli ticarət aradan qaldırılmalı, qaçaqmalçılıq şəffaf sxemlə əvəz olunmalıdır. Bu ilin martında Vergilər Nazirliyinin nümayəndələri ilə keçirilən görüşlərdə həmin məsələləri müzakirə etmişdik. Digər təchizatçılar, o cümlədən bazarı məhsullarla təmin edən yerli şirkətlər də şəffaf sxemə keçilməsinin marağındadırlar. Çünki qaçaqmalçılıq nə bizə, nə də tərəfdaşlarımıza lazımdır. Lakin bu problem bizim həll edə biləcəyimiz məsələ deyil, o işlər Azərbaycan hökumətinin səlahiyyətindədir. Hələlik isə biz tərəfdaşlarımızdan bazara qanunsuz gətirilmiş məhsulların onların fəaliyyətinə əngəl yaratması barədə şikayətlər eşidirik. Tərəfdaşlarımız bizimlə işləməyin çox çətin olduğunu, biznes fəaliyyətindən xeyir götürə bilmədiklərini deyirlər. Çünki ucuz qiymətə mal təklif edənlər bazarda təşəbbüsü ələ keçirirlər.

Biz hökumətin diqqətini bu sahəyə yönəltməyə çalışmışıq və bildiyimizə görə, tərəfdaşlarımızın özləri də aidiyyəti dövlət oraqanlarına, o cümlədən Vergilər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu barədə rəsmi müraciət ediblər. 

- Vergidən yayındırılan mobil telefonlar daha çox kimə ziyan vurur: istehsalçı və tərəfdaş şirkətlərə, istehlakçıya, yoxsa dövlətə?

- Gizli ticarət hər üç qrup üçün qəbuledilməzdir, amma bu, dövlətə daha çox ziyan vurur. Çünki dövlət büdcəsi ölkəyə gətirilən məhsullardan ödəniləcək bütün vergi və gömrük ödəmələrini itirmiş olur. Burada söhbət yalnız gömrük rüsumlarından, idxal vergisindən və ya ƏDV-dən yox, həm də ondan gedir ki, normal fəaliyyət göstərən distribütorlardan yığılacaq vergilər də itirilir. Çünki biznes rəsmi qaydada davam etsə, bu şirkətlər də böyüyər, öz gəlirlərindən daha çox vergi ödəyər, işçilərin sayının artması ilə  dövlətə ödənilən verginin məbləği artar. Yəni gizli ticarətdən dövlətin itkiləri zəncirvari qaydada uzanır və bir-birinin ardınca potensial vergilər itirilir. Ona görə də qaçaqmalçılıqdan ziyan çəkən tərəflər arasında dövləti birinci qeyd etməliyik. Amma bu o demək deyil ki, bizim yerli təmsilçilərimiz və müştərilərimiz ziyandan kənarda qalır. Əksinə, müştərilərin aldadılması əlavə problemlər yaradır. Rəsmi qaydada gətirilən telefonlara ən azı bir il zəmanət verilir. Yəni bir il ərzində məhsulda hər hansı zavod qüsuru aşkarlanarsa, biz onu təmənnasız təmir edib müştəriyə qaytarırırıq. Ölkəyə qeyri-rəsmi yolla gətirilmiş telefonu müştəri hüquqi əsasa malik sənədləşmə aparılmadan aldığına görə, problem yarandıqda onu servisə təqdim edə bilmir. Çünki qeyri-qanuni yolla ölkəyə gətirilmiş telefonlara verilən zəmanət də saxta olur.

 

- «Samsung» dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Azərbaycanı digər ölkələrin bazarlarından fərqləndirən nədir?

- «Samsung» hər bazara uyğunlaşmağa çalışır. Biz heç vaxt müqayisə aparmırıq ki, hansısa bazarda vergilər daha yuxarı və ya aşağıdır. Əlbəttə, hər bazarın özünün strukturu var və biz çalışırıq ki, biznesimizi o bazarın qayda-qanunlarına uyğun şəkildə inkişaf etdirək. Bəzi ölkələrdə idxal vergisi 3 faizdir, bəzilərində isə Azərbaycandakı kimi 15 faiz təşkil edir. Amma bu, bizim üçün problem deyil, əgər qaydalar hamı üçün eyni olarsa və qaçaqmalçılıq qaradan qaldırılarsa, Azərbaycanda ölkə qanunlarına uyğun işləmək heç bir problem yaratmır. Həm də ona görə ki, məhsullarımızın satışı artdıqca ölkə iqtisadiyyatına qoyduğumuz investisiyaların həcmi də artır və biz bunda maraqlıyıq. 

 

- Qaçaqmalçılığa qarşı mübarizədə hansı qabaqlayıcı addımların atılmasını gözləyirsiniz?

- Məsələn, idxal üçün elə bir tarif tətbiq oluna bilər ki, bu həm qaçaqmalçılığın, həm də bütövlükdə qanunsuz biznesin qarşısını alar. Bunu Azərbaycanın aidiyyəti dövlət qurumları, o cümlədən Vergilər Nazirliyinin rəsmiləri də bilir və problemin həlli istiqamətində yollar axtarırlar. Bu sahədə hökumətin fəal şəkildə hərəkətə keçməsini alqışlayırıq və görülən işlərin məntiqi sonluğa çatmasını arzulayırıq. Bundan həm dövlət, həm də tərəfdaş şirkətlərimiz, eyni zamanda müştərilərimiz mənfəət götürəcək.