Vergiler.az

Torpaq vergisi

 

Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır.

Torpaq vergisinin ödəyiciləri

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslərdir. Fiziki şəxslərin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyekti sayılır.

Fiziki şəxslər və bələdiyyə müəssisələri özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyələrdə uçota durmalıdırlar. Torpaq üzərində fiziki şəxsin xüsusi mülkiyyət hüququ dövlət torpaqlarının özəlləşdirilməsi, bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı və ayrı-ayrı fiziki və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin əsasında yaranır. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə edilməsidir. Torpaqdan istifadə hüququ daimi, qısamüddətli və uzunmüddətli ola bilər. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə, torpaqdan daimi istifadə hesab olunur. Torpaqdan müvəqqəti istifadə, qısamüddətli - on beş ilədək və uzunmüddətli - on beş ildən doxsan doqquz ilədək müəyyən edilə bilər.

Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara görə torpaq vergisi hesablanmadığı üçün belə torpaqlar digər şəxslərə istifadəyə verilərkən torpaq vergisinin vergitutma obyekti yaranır və torpaq vergisi onu istifadəyə götürən şəxslər tərəfindən ödənilir. Xüsusi mülkiyyətdə olan torpaqlara görə torpaq vergisi onun mülkiyyətçisi tərəfindən ödənildiyi üçün belə torpaqlar digər şəxslərə istifadəyə verilərkən onu istifadəyə götürən şəxslərdən həmin torpağa görə torpaq vergisinin ödənilməsi tələb olunmur.

Torpaq sahələri üzərində hüquqlar onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

 

Verginin dərəcəsi, hesablanması və ödənilməsi qaydası

Kənd təsərrüfatı torpaqlarına görə torpaq vergisi onların təyinatı üzrə istifadə edilməsindən asılı olaraq aşağıdakı qaydada hesablanır.

Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının vergi dərəcələri torpaqların təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti ballar əsasında torpaq sahəsinin hər bir hektarına görə hesablanır. Bir şərti balın qiyməti 6 qəpikdir (şərti ballar Nazirlər Kabineti tərəfindən müəyyən edilir).

Qeyd edilən kənd təsərrüfatı torpaqları Nazirlər Kabineti tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.

Kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir.

Məsələn Yevlax rayonunda kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulan, lakin istifadə olunmayan 2 hektar torpaq sahəsinə görə torpaq vergisi aşağıdakı qaydada hesablanır:

(20,000/100) * 2 = 400 manat.

Kənd təsərrüfatı torpaqları istisna olmaqla torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:

Verginin ödənilməsi müddəti

 Fiziki şəxslərə torpaq vergisi torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən müvafiq ərazinin bələdiyyəsi tərəfindən hər il iyulun 1-dək hesablanılır.

Torpaq sahəsi bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikilinin altında olduqda və ya torpaq sahəsi onlara xidmət üçün ayrıldıqda, vergi    onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır və bələdiyyə tərəfindən hesablanmış torpaq vergisinin məbləği və ödənilmə müddəti barədə «Tədiyyə bildirişi» tərtib olunur və avqust ayının 1-dən gec olmayaraq fiziki şəxslərə çatdırılır. Torpaq vergisi fiziki şəxslər tərəfindən bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq müvafiq bələdiyyənin büdcəsinə ödənilir. Vergi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.

Torpağın alğı-satqısı üzrə əməliyyatın hansı tarixdə aparılmasından asılı olmayaraq, torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi həmin torpağı almış fiziki şəxs tərəfindən ödənilir. Torpağın alğı-satqısı üzrə əməliyyat 15 avqust və 15 noyabr tarixlərindən sonra aparıldıqda, torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilir.

 

Misal 1. Kürdəmir rayonunun Muradxan kəndində fiziki şəxsin mülkiyyətində II keyfiyyət qrupuna aid olan 2,5 ha əkin sahəsi vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 29 dekabr tarixli 230 ¹-li qərarı ilə təsdiq edilmiş «Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları»na əsasən Kürdəmir rayonuna daxil olan Aran-Şirvan kadastr qiymət rayonunun II keyfiyyət qrupu üzrə torpaqların 1 ha üçün şərti bal 75 müəyyən edilmişdir.

Bu halda fiziki şəxsin 2,5 ha torpaq sahəsinə 11,25 manat (1 ha əkin sahəsinin şərti balı 75 x 0,06 manat  x 2,5 ha)  torpaq vergisi hesablanır.

 

 

Misal 2. Hacıqabul rayonunun düzən torpağında fiziki şəxs 50 ha otlaq sahəsini istifadəyə götürmüşdür. Muğan-Salyan kadastr qiymət rayonu üzrə Hacıqabulun düzən torpağında 1 ha otlaq sahəsinin şərti balı 9,8 (I keyfiyyət qrupunun şərti balı 98-in 1/10 hissəsi) təşkil edir.

Bu halda fiziki şəxsə 50 ha otlaq sahəsi üçün 29,4 manat (1 ha otlaq sahəsinin şərti balı 9,8 x 0,06 manat  x 50 ha) torpaq vergisi hesablanır.

 

Fiziki şəxslərin torpaq vergisi üzrə

güzəşt və azadolmaları

Vergi Məcəlləsinin 207.2-ci maddəsinə əsasən, bu Məcəllənin 102.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Milli Qəhrəmanları, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları, müharibə əlilləri, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri), 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.

Güzəşt hüququ olan fiziki şəxsin bir neçə bələdiyyənin ərazisində torpaq sahələri olduqda, 10 manat məbləğində güzəşt fiziki şəxsin seçiminə uyğun olaraq bir bələdiyyə ərazisində hesablanmış torpaq vergisi məbləğindən və yaxud torpaq sahələrinin ölçülərinə mütənasib olaraq müxtəlif bələdiyyələrin ərazilərində hesablanmış vergi məbləğlərindən çıxılır.

 Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye, yaxud texnologiyalar parklarında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

 

Misal 3. Güzəşt hüququna malik müharibə əlilinin mülkiyyətində Gəncə şəhərində 500 kv.metr həyətyanı sahəsi və şəhərdən kənarda istifadəsində 600 kv.metr bağ sahəsi vardır. Bu halda, 10 manat məbləğində güzəşt hüququ müharibə əlilinin mülkiyyətində olan torpağa verildiyinə görə 500 kv.metr həyətyanı sahəyə görə hesablanmış 2,5 manat (500 kv.metr x 0,5 manat/100 kv.metr) torpaq vergisi ödənilmir, lakin istifadədə olan 600 kv.metr torpaq sahəsinə hesablanmış 3 manat (600 kv.metr x 0,5 manat/100 kv.metr) vergi ödənilir.

 

 

F. İKRAMQIZI