Vergiler.az

Avropanın vergi limanları siyahısında «qara boşluqlar» mövcuddur

 

Şirkətlərin mənsub olduqları dövlətə daha az vergi ödəmək məqsədilə vergi limanlarında - vergilərin dərəcələri aşağı olan ölkələrdə qeydiyyatdan keçməsi ilə bağlı son illərdə dünya miqyasında ciddi tədbirlər görülür. Bu tədbirlərdən biri də vergi limanlarının «qara siyahı»sı”nın açıqlanmasıdır. Müxtəlif tənzimləyici qurumlar bununla vergi dərəcələri aşağı olan yurisdiksiyalara təsir göstərməyə çalışırlar ki, bütün dünyada ədalətli vergi rəqabəti bərqərar olsun.

2017-ci ilin sonunda Avropa İttifaqının tərtib  etdiyi «qara siyahı» haqqında qəzetimizdə məlumat vermişdik. Siyahıda maliyyə əməliyyatlarının qanuniliyi ilə bağlı Aİ tərəfindən hazırlanmış meyarlar əsasında dialoqa daxil olmayan, həmçinin aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün səy göstərməyən ölkələr barədə məlumat yer almışdı.  Aİ ilə əməkdaşlıq etməyən” yurisdiksiyaların siyahısına 17 ərazinin və ölkənin adı daxil edilmişdi ki, buraya Bəhreyn, Barbados, Samoa, Quam, Koreya, Monqolustan, Qrenada, Marşall adaları, Panama, Trinidad və Tobaqo, Tunis, Namibiya, Birləşmiş Ərəb Əmirlikləri və digərləri aid idi. 

İspaniyada nəşr olunan «El Pais» qəzetinin dərc etdiyi şərhdə bildirilir ki, vergi limanları ilə bağlı Aİ-nin rəsmi sənədlərinin beynəlxalq səviyyədə aparılan təhlili ayrı-ayrı ölkələrin siyahıya salınmasında və siyahıdan çıxarılmasında müttəfiqlər arasında müəyyən gedişlərin, taktiki manevrlərin olduğunu göstərir.

Keçən ilin sonunda «qara siyahı”»nın  ictimaiyyətə açıqlanmasından bəri Avropada, demək olar ki, heç nə dəyişməmişdir. Siyahıda əməkdaşlıqdan imtina  etmiş 17 yurisdiksiyanın adı verilsə də, dünyanın ən böyük «vergi cənnəti» sayılan İsveçrənin, Bermud və Normandiya adalarının adları oraya daxil edilməmişdi. Bu açıqlamadan az sonra - 2018-ci ilin yanvar ayında siyahıda dəyişiklik edildi və orada cəmi doqquz ölkənin adı saxlanıldı. Həmin siyahıda hətta bütün dünyada səs-küyə səbəb olmuş Panama sənədlərində adları keçən ölkələrin də adlarına rast gəlmirik.

«El Pais”» qəzetinə sızdırılmış Aİ sənədləri göstərir ki, siyahının tərtib edilməsi şəffaflıqdan çox uzaq olmuşdur. Siyahı şübhəli meyarlar əsasında hazırlanmış və onu tərtib edən işçi qrup Böyük Britaniya, Lüksemburq, İrlandiya və hətta Fransa kimi dövlətlərin təzyiqi altında olmuşdur. Bu dövlətlər siyahının mümkün qədər «yumşaq» tərtib olunmasına və oraya özlərinin himayə etdikləri yurisdiksiyaların adlarının salınmamasına çalışmışlar.  

Vergitutma sistemi transmilli şirkətlər üçün içi diş-diş olan xam pendir kimidir: iri şirkətlər və qurumlar vergilərin az olduğu və ya heç olmadığı vergi limanlarında mikrofiliallar yaratmaq sahəsində ixtisaslaşırlar və bununla vergi oğurluğu faktiki olaraq qanuniləşdirilmiş olur. Aİ-nin tərtib etdiyi siyahını bu sahədə sonun başlanğıcı hesab etmək mümkün ola bilərdi. Lakin Avropa Parlamentindəki «Yaşıllar» qrupu”ndan Avropa Şurasına təqdim edilmiş 19 sənəd bu prosesin tamamilə qeyri-şəffaf olduğunu” təsdiqləyir. Avropa Komissiyası da bununla həmrəydir: «Biz bu prosesdə daha çox şəffaflıq görmək istəyərdik, lakin üzv dövlətlər öz mövqelərində güzəştə getmirlər». 

Böyük Britaniya Aİ-dən ayrılsa da, keçmiş müstəmləkələrinin mənafeyinə ziyan vuran istənilən fiskal təşəbbüsün sistemli və ardıcıl şəkildə əleyhinə çıxır.  Sənədlərdən görünür ki, Böyük Britaniya siyahı tərtibinin metodologiyasını öz arzuladığı istiqamətdə dəyişdirmək üçün mümkün olan hər şeyi etmişdir. Məsələn, Avropa Komissiyasından olan qaynaqların da təsdiq etdiyi kimi,  Böyük Britaniya korporativ verginin dərəcəsi 0 faiz və ya 0 faizə yaxın olan ölkələrin siyahıya salınmaması üçün əlindən gələni etmiş,  əvvəlcədən müəyyənləşdirilmiş meyarların dəyişdirilməsinə ciddi təsir göstərmişdir.

Birmənalı şəkildə vergi limanı kimi qəbul edilməyən İrlandiya və Lüksemburq on illər boyu Böyük Britaniyanın tələblərinə əməl edərək, vergi rəqabətini aşağı salmağa nail olmuşlar. Lüksemburq adları siyahıya düşmüş ölkələr üçün  məcburi olan sanksiyalardan yaxa qurtarmaq üçün təzyiq göstərmişdir. Fransa isə son ana qədər Marokkonun adının siyahıdan çıxarılmasına çalışmışdır.

Aİ-nin «boz siyahı»sına Avropadan 55 yurisdiksiya daxildir, siyahının açıqlamasında qeyd olunmuşdur ki, onlar öz fiskal siyasətlərinin dəyişdirilməsi üçün öhdəlik nümayiş etdirmişlər. Lakin bu öhdəliyin nədən ibarət olduğu aydın deyil, onların «boz siyahı»dan «qara siyahı»ya keçirilməsinin qarşısını almaq üçün görülməli olan əsas tədbirlərin vaxt cədvəli qeyri-müəyyəndir və bu sənədlər hamı üçün açıq deyil”. Avropa Parlamentinin «Yaşıllar qrupu» «55 ölkənin qəbul etdiyi öhdəliklər barədə məktubların nəşr olunmasını» tələb edir. Aİ komissarının iqtisadiyyat üzrə  mətbuat katibi Pyer Moskovisi bildirmişdir ki, Brüsselin də istədiyi budur, lakin Avropa İttifaqına üzv dövlətlər bu məktubları nəşr etdirməkdən ardıcıl şəkildə imtina edirlər».