Vergiler.az

Yaponiyada «Azərbaycan mətbəxi məktəbi»

 

Tokio şəhərində fəaliyyətə başlayan «Azərbaycan mətbəxi məktəbi»”nin ilk məşğələsi keçirilib. Yaponiya paytaxtının Mequro rayonunda yerləşən Tsurumaki Beynəlxalq Əməkdaşlıq Mərkəzində təşkil olunan ilk məşğələdə məktəbin təşkilatçıları - Yaponiyada yaşayan azərbaycanlı xanımlar Nərminə Aslanova və Dinarə Ələkbərova ölkəmiz, onun coğrafi mövqeyi, dövlət atributları, zəngin mədəniyyəti və mətbəxi haqqında məlumat veriblər. Qeyd ediblər ki, öz keyfiyyəti ilə seçilən və bütün dünyada «Made in Azerbaijan»” brendi ilə tanınan bir çox ərzaq məhsulları və içkilər artıq Yaponiya bazarında da özünə yer tutur.

Diqqətə çatdırılıb ki, məktəbin təşkilində məqsəd Azərbaycan mədəniyyətini, onun zənginliyi və tamı ilə seçilən milli mətbəxini yaponlara yaxından tanıtmaqdır. Məşğələlər zamanı yapon xanımların iştirakı ilə Azərbaycanın milli yeməklərinin hazırlanma sirləri iştirakçılara öyrədiləcək.

Tədbirdə Azərbaycan mətbəxinin nümunələrindən küftə-bozbaş, badımcan dolması və limon şərbəti hazırlanıb. Xalqımızın qədim və zəngin mətbəxinin bu nümunələrinin hazırlanması qaydası və lazım olan inqrediyentlər barədə yapon xanımlara ətraflı məlumat verilib. Yapon xanımların iştirakı ilə hazırlanan bu yeməklər qonaqlara təqdim edilib.

Məşğələnin iştirakçıları Nana Yamada və Gunko Yamamoto AZERTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildiriblər ki, Azərbaycan mədəniyyəti, onun milli yeməkləri məşğələ iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb: «Dadlı yeməklə yanaşı, Azərbaycan şərabının və nar şirəsinin dadı ilə də tanış olduq. Hamısı çox ləzzətli idi. Düşünürük ki, bu məşğələlər zəngin mədəniyyətinizin və mətbəxinizin Yaponiyada təbliği baxımından çox əhəmiyyətli olacaq. Doğrudur, Yaponiyada da tərəvəz və ətlə müxtəlif yeməklər hazırlanır. Lakin onların heç biri küftə-bozbaşın və ya badımcan dolmasının dadını vermir. Limon şərbəti də çox xoşumuza gəldi».

Məktəbin növbəti məşğələlərində yapon xanımlara Azərbaycan şirniyyatlarının da hazırlanmasını öyrətmək nəzərdə tutulur.