Vergiler.az

Çili bibəri

 

Qırmızı acı bibər uzun illərdir ki, Amerika hindularının qida rasionuna daxildir. Məşhur səyyah Xristofor Kolumb XV əsrdə Vest-Hində ikinci ekspedisiyası zamanı acı bibərin dadına baxaraq onu «chilli» adlandırıb. Qədim atsek dilindən tərcümədə «qırmızı» anlamına gələ bu bitkini Kolumb Amerikaya gətirib və həmin bibər növü oradan bütün dünyaya yayılıb.

Acılıq dərəcəsinə görə Çili bibərinin bir-birindən fərqlənən bir neçə növü var. Ona acı dad verən isə tərkibindəki kapsaisin alkoloididir. Kapsaisin bibərin içərisindəki ağ hissədə və toxumlarda daha çox olur. Həmin maddə patogen mikroorqanizmlərin inkişafının qarşısını alır, immun sistemini möhkəmləndirir, qrip və zökəm kimi infeksion xəstəliklərə qarşı orqanizmin dözümlülüyünü artırır, mədədə iltihabi prosesə və xoraya səbəb olan helicobacter pylori bakteriyalarına öldürücü təsir göstərir. Həmçinin kapsaisin çox güclü antioksidantdır, sərbəst radikalları neytrallaşdıraraq onların orqanizmdən xaric olmasını sürətləndirir. Çili bibərinin tərkibində olan həmin maddə selikli qişadakı ağrı reseptorlarını qıcıqlandırır. Beyinə ötürülən impulslara cavab olaraq orqanizmdə tər ifrazını artıran, ağrıları azaldan və əhval-ruhiyyəni yaxşılaşdıran endorfinlərin sintezi çoxalır. Acı bibər ekstraktından farmakologiyada analgetik preparatlar və plastrların hazırlanmasında istifadə edilir.

Kapsaisin orqanizmdə yağların oksidləşmə prosesini aktivləşdirir, temperaturu artırır, mübadilə prosesini sürətləndirir, dəri altında toplanaraq «portağal qabığı» görüntüsü verən artıq piy toxumasının parçalanmasını asanlaşdırır. Acı bibər orqanizmdə azot oksidinin sintezini artırır, qan damarlarına genişləndirici təsir edərək arterial təzyiqi azaldır, iltihabi proseslərin qarşısını alaraq damarqoruyucu təsir göstərir, disfunksiyaların qarşısını alır.

Çili bibərinin tərkibində olan kapsaisin şəkərli diabet xəstəliyi olanlarda mədəaltı vəzin qan dövranını yaxşılaşdıraraq insulin sintezini stimulə edir, qanda şəkərin və aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini azaldır.