Vergiler.az

2018-ci ildə inflyasiya 6-8 faiz civarında saxlanılacaq

 

Mərkəzi Bankın İdarə Heyətinin 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib

 İclasda qeyd edilib ki, yeni qlobal iqtisadi reallıqlara uyğun olaraq son illərdə həyata keçirilən davamlı stabilləşdirmə tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlılığın əsasları yaradılıb. Tədiyyə balansı tarazlaşıb, valyuta ehtiyatlarına təzyiq azalıb, milli valyutanın xarici dəyəri sabitləşib və inflyasiya gözləntiləri nisbətən səngiyib. Bu müsbət nəticələr dərin makroiqtisadi manevr və çevik koordinasiya olunmuş makroiqtisadi siyasət çərçivəsinin tətbiqi sayəsində mümkün olub.

2017-ci ildə Mərkəzi Bank yeni pul siyasəti rejimi çərçivəsində makroiqtisadi dayanıqlığa yönəldilmiş siyasət həyata keçirib, faiz dərəcəsi və pul təklifi mənbələri makroiqtisadi sabitlik və milli iqtisadiyyatın inkişafının təmin edilməsi hədəflərinə uyğun şəkildə tənzimlənib.

Ötən il makroiqtisadi sabitlik meyillərinin yaranması qeyri-neft sektorunda iqtisadi artımın bərpasına şərait yaradıb, bu sektorda ümumi daxili məhsul real olaraq 2,7 faiz artıb. Xarici tələblə yanaşı, daxili tələb iqtisadi artımda mühüm rol oynayıb, dövlət büdcəsi xərcləri daxili tələbə təsir edən mühüm amillərdən biri olub. Valyuta bazarının sabitləşməsi, hətta manatın məzənnəsinin möhkəmləndiyi şəraitdə inzibati qiymətlərin və dünya ərzaq qiymətlərinin artması, bir sıra əmtəə qrupları üzrə tələb-təklif nisbətinin dəyişimi inflyasiyanın səviyyəsinə təsir edən başlıca amillər olub.

Qeyd olunub ki, monetar şərait əsasən fiskal sektorun və bank sisteminin likvidliyə olan ehtiyaclarının təsiri altında formalaşıb. Pul siyasəti alətləri inflyasiya və pul təklifi üzrə hədəflər, eləcə də pul siyasətinin transmissiyası xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilib. 2017-ci ilə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8,7 faiz artıb ki, bu da qeyri-neft sektoru üzrə iqtisadi artım tempini əhəmiyyətli üstələyir. İl ərzində iqtisadiyyatda ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsi üçün daim kifayət qədər pul olub. Dəyər ölçüsü və ödəniş vasitəsi funksiyası ilə yanaşı, hesabat ilində manat müəyyən qədər yığım vasitəsi funksiyasını da bərpa etməyə başlayıb. Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4 faiz möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərib. Tədiyyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb. Strateji ehtiyatlar 2017-ci ilin əvvəlinə nəzərən 4,2 milyard dollar artaraq ilin sonuna 42 milyard ABŞ dolları təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatları isə 34 faiz artaraq ilin sonuna 5,3 milyard ABŞ dolları olub.

Pul siyasəti alətləri inflyasiya, inflyasiya gözləntiləri, pul təklifi üzrə hədəflər, maliyyə bazarlarında proseslər, habelə pul siyasətinin transmissiyasının xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilib. Mərkəzi Bank il ərzində faiz dəhlizinin parametrlərini bir neçə dəfə müzakirə edib və uçot dərəcəsini dəyişməz saxlayıb. Pula tələbin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayıb. İl ərzində pul siyasəti əməliyyatları üzrə təminat kimi qəbul edilən qiymətli kağızların yeni siyahısı təsdiq edilib, çərçivə və açıq bazar əməliyyatlarının siyahısı genişləndirilib. 2017-ci ildə iqtisadi gözləntilərin effektiv idarə olunması üçün Mərkəzi Bank pul siyasətinin kommunikasiyası alətlərindən aktiv istifadə edib.

Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə gəlincə, bildirilib ki, 2018-ci il və ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu dövrdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım üçün baza şərti olacaq. Mərkəzi Bank mandatına uyğun olaraq özünün stabilizasiya xarakterli balanslı pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlılığının təmin edilməsinə zəruri dəstək verəcək, hökumətlə birlikdə öz siyasətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına yönəldəcək, inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsini daha da təkmilləşdirəcək, bununla əlaqədar bütün istiqamətlərdə zəruri islahatların aparılması diqqətdə saxlanılacaq.

Hökumətin birrəqəmli inflyasiya proqnozunu da nəzərə almaqla sərəncamındakı alət və mexanizmlərdən istifadə edərək, Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8 faiz civarında saxlamağa çalışacaq. Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla konservativ pul siyasəti davam etdiriləcək. Bunun üçün adekvat monetar şəraitin formalaşması təmin olunacaq. Xarici şokları effektiv absorbasiya etmək qabiliyyəti nəzərə alınaraq, çevik məzənnə rejimi saxlanılacaq. Milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edilə bilər. Pul təklifinin həcmi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcək. Bununla belə, ödənişlərin fasiləsizliyini təmin etmək, iqtisadiyyatın zəruri həcmdə likvidliyə olan tələbatını ödəmək bundan sonra da diqqətdə saxlanılacaq.

Pul siyasəti hədəflərinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı alətlərdən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcək. Banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq və pul siyasəti hədəflərinə nail olmaq üçün Mərkəzi Bank özünün müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayacaq. Alətlərdən istifadə bank sistemindəki likvidlik vəziyyətindən asılı olacaq. Struktur likvidlik profisiti olduğu təqdirdə, Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə portfeli genişlənə bilər. Faiz dəhlizinin parametrləri iqtisadi tsikl göstəriciləri, inflyasiya riskləri balansının təhlili və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyənləşdiriləcək. İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri nəzərə alınaraq, uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük veriləcək.

Siyasət qərarları qəbul edilərkən pul siyasətinin transmissiyası xüsusiyyətləri də nəzərə alınacaq, qərarlar qabaqlayıcı rejimdə qəbul ediləcək. Pul bazarının inkişaf səviyyəsindən asılı olaraq, pul siyasəti alətlərinin təkmilləşdirilməsi davam etdiriləcək. Əməliyyat hədəfinə effektiv şəkildə nail olmaq, alətlər üzrə kəmiyyət parametrlərini adekvat müəyyən etməyə imkan verən likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi işləri davam etdiriləcək. Pul siyasətinin transmissiya effektinin gücləndirilməsi və maliyyə sektorunun resurs bazasının möhkəmləndirilməsindəki rolunu nəzərə alaraq, Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair Mərkəzi Bank tərəfindən hazırlanmış dövlət proqramının qəbul edilərək reallaşması yaradılmış müasir ödəniş infrastrukturundan istifadəni əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Mərkəzi Bank son dövrlərdə sürətlə populyarlaşan blokçeyn texnologiyalarının tətbiqi üzrə beynəlxalq prosesləri də izləyir və bu texnologiyalar əsasında maliyyə sektorunda müştəri-bank münasibətlərində rəqəmsal identifikasiya sisteminin yaradılması üzrə pilot layihənin reallaşdırılması nəzərdə tutulur.

2018-ci ildə tədavüldə nağd pulun strukturunun optimallaşdırılması, pul nişanlarının mühafizə sistemlərinin gücləndirilməsi, yubiley və əlamətdar hadisələrə həsr olunmuş xatirə pul nişanlarının tədavülə buraxılması və bütövlükdə nağd pul idarəetməsi sistemlərinin effektivliyinin artırılması və avtomatlaşma səviyyəsinin daha da yüksəldilməsi diqqət mərkəzində olacaq.