Vergiler.az

Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun «Vergilər» qəzetinə müsahibəsi

 

- Aydın müəllim, 2017-ci ili Azərbaycan iqtisadiyyatının dönüş ili adlandırmaq mümkündür. Ölkə iqtisadiyyatında aparılan islahatların əsas təmayüllərindən biri də biznes mühitinin təkmilləşdirilməsidir. Bu sahədə ümumi mənzərəni necə səciyyələndirmək olar?

- 2017-ci ildə ölkənin ümumi daxili məhsulu əvvəlki illə müqayisədə 0,1 faiz artaraq 70 milyard manatı ötüb. ÜDM-in 62,8 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 37,2 faizi isə neft-qaz sektorunda istehsal edilib. Bu o deməkdir ki, iqtisadiyyatın ağırlıq mərkəzi qeyri-neft sektorunun üzərindədir. Ötən il qeyri-neft sahələrində 2,7 faiz artım qeydə alınıb, eyni zamanda qeyri-neft sənayesində məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz təşkil edib.

Ötən il Azərbaycanın ixrac gəlirlərinin əsas hissəsini qeyri-neft məhsulları təşkil edib. İxrac məhsullarının həm çeşidi, həm də coğrafiyasının şaxələndirilməsi öz mühüm təsirini göstərib. Ölkəmizin xarici ticarət dövriyyəsi artıb, əmtəə dövriyyəsində müsbət saldo yaranıb. İl ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon dollar təşkil edib, nəticədə 2016-cı illə müqayisədə 2017-ci ildə qeyri-neft sektoru üzrə ixrac 24 faiz artıb. Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqi genişlənib. Bu siyasətin mühüm uğuru olaraq ölkəmizin strateji valyuta ehtiyatları 2017-ci ildə 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb.

Biznes mühiti ilə bağlı ötən illər ərzində bir sıra institusional islahatlar aparılıb, qanunvericilik bazası təkmilləşdirilib, inzibati prosedurlar sadələşdirilib, vergi yükü azaldılıb, sahibkarlığa sistemli dövlət dəstəyi tədbirləri həyata keçirilib. Yeni qlobal çağırışların nəzərə alındığı iqtisadi islahatlar paketinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb,  sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə apelyasiya şuraları yaradılıb, ixracın və investisiyaların təşviqi mexanizmləri formalaşdırılıb, gömrük prosedurları sadələşdirilib, tələb olunan sənədlərin sayı azaldılıb və konkretləşdirilib, idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlər («yaşıl dəhliz», «elektron bəyanetmə» və s.) tətbiq edilir. 2017-ci ildə islahatların yeni mərhələyə qədəm qoyması ilə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində bir sıra ciddi addımlar atılıb. Ötən il vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 83 yoxlama keçirilib. Müqayisə üçün, 2015-ci ildə belə yoxlamaların sayı 61 mindən çox olmuşdu. İndiyədək sahibkarlara investisiya dəyəri 2 milyard manatdan çox olan layihələr üzrə 236 investisiya təşviqi sənədi və bunun əsasında 1162 təsdiqedici sənəd verilib. Bütün bu amillər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və iqtisadi idarəetmənin təkmilləşdirilməsinə, sahibkarlığa dövlət dəstəyinin artırılmasına,  yerli istehsalın stimullaşdırılmasına, biznes mühitinin yaxşılaşdırılmasına və şəffaflığın təmin edilməsinə şərait yaradır.

 

- Diqqət mərkəzində olan istiqamətlərdən biri də regionların inkişafıdır...

- Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Azərbaycanın iqtisadi siyasətinin mühüm hissəsini təşkil edir. Regional inkişaf proqramı çərçivəsində, ilk növbədə, infrastruktur layihələrinə start verildi. Çünki infrastruktur olmadan sosial-iqtisadi layihələri icra etmək çətindir. Son 14 il ərzində bu layihələrə yönəlmiş böyük investisiyalar mühüm bəhrələrini verib. Bu dövr ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilib, 2004-cü ildə Azərbaycan elektrik enerjisini idxal edirdisə, hazırda elektrik enerjisini ixrac edir. Qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb. İçməli su və kanalizasiya problemləri həll edilib. 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi isə hazırda 67 faizə çatıb. Bu göstərici Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir. Kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülüb. Son 14 ildə dörd - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib istifadəyə verilib. Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına mühüm təsir edib. Yol çəkilişi geniş vüsət alıb və 12 min 300 kilometr uzunluğunda yol çəkilib. 2018-ci ildə bu rəqəm 15 minə çatdırılacaq.

Beləliklə, infrastruktur layihələrinin uğurlu icrası regionların inkişafında əsaslı dönüş yaradıb. 2004-cü ildən bəri Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatında isə 2,8 dəfə artım olub. Sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanda 1,9 milyon iş yeri yaradılıb və onlardan 1,4 milyonu daimidir. İş yerlərinin 67,5 faizi regionların payına düşür. Son 14 ildə Azərbaycan iqtisadiyyatına 231 milyard dollar həcmində sərmayə qoyulub. Azərbaycan regional inkişaf proqramlarını öz qaynaqları hesabına maliyyələşdirib. Diqqət yetirsək görərik ki, birinci proqramın icrasına başlanılan zaman ölkəmizin strateji valyuta ehtiyatları cəmi 1,8 milyard dollar idi. Dövlət kifayət qədər əhatəli və böyük regional inkişaf proqramına bu rəqəmlə start vermişdi. Buna baxmayaraq, hər istiqamət üzrə nəzərdə tutulmuş konkret tədbirlər planı maksimum səviyyədə icra olundu. Hazırda valyuta ehtiyatlarımız 42 milyard dollardır. Bu gün adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdən birini tutur.

 

- Bu inkişaf prosesi regionların daxili ehtiyatlarından istifadəyə necə təsir göstərdi?

- Rayonlardakı qeyri-neft resurslarının istehsalı və ixracı imkanlarının artması, aqropark və sənaye zonalarının yaradılması, bölgələrdəki sahibkarların maliyyə imkanlarından istifadə edilməsi regionların iqtisadi potensialının yüksəlişinə ciddi təkan verib. Azərbaycanın inzibati rayonlarının böyük qismi hazırda öz daxili resursları və potensialı hesabına maliyyə xərclərini ödəmək iqtidarındadır. Bu gün respublikanın 33 şəhər və rayonu öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan formalaşdırır. Həmin şəhər və rayonların mövcud iqtisadi durumu qeyri-neft sektorunun inkişafı, vergi potensialının genişləndirilməsi və daxili gəlirlərin artması hesabına baş verir. Bu onu göstərir ki, iqtisadi göstəriciləri kifayət qədər yaxşı olan digər şəhər və rayonların da öz büdcələrini yerli gəlirlər hesabına təmin etmələri üçün real iqtisadi baza mövcuddur.  Qarşıya qoyulmuş əsas hədəflərdən biri də məhz budur.

Hazırda iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması sahəsində dövlət tərəfindən görülən işlər regionlarda iqtisadi fəallığın güclənməsinə, sahibkarlıq subyektlərinin sayının artmasına və yeni müəssisələrin fəaliyyətə başlamasına zəmin yaradır.

 

- Azərbaycanın ixrac potensialının artırılması istiqamətində hansı addımlar atılır?

- Xarici iqtisadi əlaqələrin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericiliyin daha da təkmilləşdirilməsi ixracın asanlaşmasına, Azərbaycanın xarici əlaqələrinin, eləcə də ixracın coğrafiyasının genişlənməsinə şərait yaradır. Yeni bazarlara çıxışın təmin edilməsi ilə bağlı reallaşdırılan tədbirlər çərçivəsində Qazaxıstanın Aktau şəhərində kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəz istifadəyə verilib. Potensial ölkələrə ixrac missiyaları təşkil olunur, ölkəmiz beynəlxalq əhəmiyyətli sərgilərdə «Made in Azerbaijan» vahid ölkə stendi ilə iştirak edir, ixrac təşviqinin geri ödənilməsi mexanizmi tətbiq olunur, yerli məhsullarımız xarici KİV-də reklam edilir. 2017-ci ildə 10 ixrac missiyası təşkil olunub, Azərbaycan şirkətləri xarici ölkələrdə təşkil edilmiş 5 beynəlxalq sərgidə «Made in Azerbaijan» vahid ölkə stendi ilə təmsil olunub.

Dövlət başçısının 2018-ci il 11 yanvar tarixli fərmanına əsasən, ixracın dəstəklənməsi mexanizmlərinin və stimullaşdırıcı tədbirlərinin əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. Verilmiş tapşırıqlara uyğun olaraq, 2018-ci ildə xarici ölkələrə daha çox ixrac missiyaları həyata keçiriləcək və ilk dəfə olaraq Azərbaycana alıcı missiyaları təşkil ediləcək, beynəlxalq sərgilərdə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunacaq, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcəkdir.

Əlverişli coğrafi mövqeyi olan ölkəmizin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən tədbirlər də ixracın artmasına mühüm təsir edən faktorlardandır. Azərbaycanın tranzit imkanlarının reallaşması üçün iri layihələr reallaşdırılır. Bu istiqamətdə Beynəlxalq Dəniz Limanının və Gəmiqayırma Zavodunun tikintisi, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri çərçivəsində görülən işlər, digər nəqliyyat layihələrinin icrası ötən dövrdə uğurla davam etdirilib. 2017-ci ildə region üçün ən əlamətdar hadisələrdən biri - Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışını xüsusilə qeyd etmək olar. Bu strateji dəmir yolu xəttinin istifadəyə verilməsi ixracın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

- 2018-ci ilin ilk ayı başa çatdı... Ölkəmizdə bundan sonrakı iqtisadi prosesləri necə proqnozlaşdırmaq olar?

-  Prezident İlham Əliyev Azərbaycanın 2018-ci il üçün iqtisadi prioritetləri barədə danışarkən qeyd edib ki, əsas hədəflər iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsinin sürətləndirilməsidir. Dövlət başçısı ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox ciddi addımların atılmasını, dövlət investisiya layihələrinin icra olunmasını, inflyasiyanın birrəqəmli həddə saxlanılması və süni qiymət artımına yol verilməməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsini müvafiq qurumlar qarşısında mühüm vəzifə kimi qoyub. Azərbaycanın sənaye potensialının artırılması, bölgələrdə sənaye zonalarının, fermer təsərrüfatlarının yaradılması prosesinin sürətləndirilməsi, aqrar sahəyə dövlət dəstəyinin davam etdirilməsi istiqamətində digər layihələr həyata keçirilir. Böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq, arıçılıq və digər sahələrin inkişafı istiqamətində qarşıya mühüm vəzifələr qoyulub. İqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün  icra olunan strateji yol xəritələri inkişafın keyfiyyətcə yeni modelini formalaşdıracaq. 

Müsahibəni hazırladı: Elbrus CƏFƏRLİ