Vergiler.az

Yeni qanun layihəsi parlamentə təqdim olunub

 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq,  Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında «Ələt azad iqtisadi zonası haqqında» qanun layihəsi müzakirə olunub. Milli Məclis sədrinin müavini,  Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş qanun layihəsi barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, qanun layihəsini Prezidentin 31 may 2017-ci il tarixli sərəncamına əsasən təşkil edilmiş işçi qrup hazırlayıb. Sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər tərəfindən azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan  müddəalar əsas götürülüb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, sənəddə dövlət maraqları ilə investorların maraqları uzlaşdırılıb. Layihə azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq. Vurğulanıb ki, azad zonaların fəaliyyəti iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artmasına təkan verəcək, Azərbaycanın ixrac potensialını gücləndirəcək. Son 20 ildə transmilli enerji infrastrukturunun, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi və s. kimi  beynəlxalq layihələrin reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Azad iqtisadi zonaların fəaliyyəti əhalinin məşğulluğuna da böyük töhfə verə bilər.

Sonda qanun layihəsi yekdilliklə Milli Məclisin müzakirəsinə tövsiyə olunub.