Vergiler.az

Regionlarda vergi ödəyiciləri ilə görüşlər keçirilir

 

Yanvarın 29-da 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən Mingəçevir şəhərində  vergi ödəyiciləri ilə görüş keçirilib. Tədbirdə elektron qaimə-fakturanın tətbiqi, Vergilər Nazirliyinin təsdiq etdiyi «Şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərinin göstərilməsinə görə qeydiyyatın aparılması» Qaydaları və qanunvericiliyə edilmiş  dəyişikliklərlə bağlı müzakirələr aparılıb.

 

Yanvarın 30-da 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Göyçay rayonunda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat təmsilçiləri və sahibkarlarla görüş keçirilib. Tədbirdə vergi ödəyiciləri üçün aydınlaşdırılmalı olan bir sıra məsələlər barədə ətraflı məlumat verilib.  İdarənin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbəsinin rəhbəri Teyyub Əsgərov elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadə qaydaları, ictmai iaşə, pərakəndə ticarət, topdansatış ticarət və İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması qaydaları, vergi ödəyicilərinin qeydiyyatı, nağdsız hesablaşmaların genişləndirilməsi, əmək müqaviləsinin rəsmiləşdirilməsi və şəffaf vergi partnyorluğu ilə bağlı məsələlərə aydınlıq gətirib.

 

Fevralın 1-i və 2-də 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında topdansatış ticarət və istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə keçirilmiş görüşün də başlıca mövzusu «Elektron qaimə-fakturanın tətbiqi və  vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları»na həsr edilib.

Bütün görüşlər zamanı vergi qanunvericiliyində əksini tapmış yeni anlayışlar, yeni vergi bəyannamələri və hesabat formaları, vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin dərinləşdirilməsi, uçot sisteminin şəffaflaşdırılması, «Nağdsız hesablaşmalar haqqında» Qanunun tələblərindən irəli gələn məsələlər, əmək müqaviləsinin bağlanması və s. barədə suallara ətraflı izahatlar verilib.