Vergiler.az

Hər kəs üçün əlverişli və rahat...

 

Azərbaycanda iqtisadi islahatların dərinləşməsində nağdsız ödənişlərə böyük önəm verilir

 Ölkədə nağdsız hesablaşmaların dairəsini genişləndirmək məqsədilə əhəmiyyətli addımlar atılır, ticarət və ictimai iaşə obyektlərində quraşdırılan POS-terminalların sayı ildən-ilə artır.  Bu prosesin tərkib hissəsi olaraq bank kartları biznesində də canlanma müşahidə olunmaqdadır. Hazırda Azərbaycanda öz müştərisinə Debet (elektron) plastik kartları (POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilir), Kredit plastik kartları (Visa Classic, MasterCard Standard, Visa Gold, MasterCard Gold, Visa Platinum, MasterCard Platinum və s.), İnternet plastik kartları təklif etməyən bank, demək olar ki, yoxdur. Son vaxtlar «Bolkart», «Albalıkart», «Worldkart» kimi kartla ödəniş kampaniyalarının xeyli genişləndiyi müşahidə olunur. Diqqətçəkən məqamlardan biri də odur ki, bank müştəriləri bu cür kampaniyalara, yeni alış-veriş imkanlarından bəhrələnməyə daha çox maraq göstərirlər. İri mağazaların, butiklərin, restoran və hotellərin, digər ticarət və ictimai iaşə obyektlərinin də nağdsız hesablaşma imkanları təkmilləşdirilməkdədir.

 

Nağdsız hesablaşmalar  pul nişanlarından istifadə etmədən ödəniş sənədləri vasitəsilə həyata keçirilən ödənişlər, bank hesabında köçürmə yolu ilə aparılan  maliyyə hesablaşmalarıdır. Bu halda pul vəsaiti tədavülçünün hesabından alıcının hesabına köçürülür. Nağdsız hesablaşmalar təsərrüfat daxilində müəyyən sistemlər əsasında təşkil olunur, burada nağdsız hesablaşmaların təşkilinin bütövlüyü prinsipi, təşkilatlara təqdim edilən tələblər, təsərrüfatın müəyyən konkret şəraiti, eləcə də hesablaşmaların forma və üsulları və bu üsulların sənəd dövriyyəsi ilə sıx bağlılığı nəzərdən keçirilir.

 

Nağdsız ödəniş - nağd pulun iştirakı olmadan dəyərin hərəkəti deməkdir. Burada qarşılıqlı tələblər nəticəsində pul vəsaitlərinin kredit təsisatlarının hesabları ilə yerdəyişməsi nəzərdə tutulur. Nağdsız ödənişlər çek, veksel, kredit kartları və digər kredit alətləri vasitəsilə həyata keçirilir.

Nağdsız pul dövriyyəsi zamanı bir sıra əməliyyat həyata keçirmək mümkündür. Bu halda hüquqi şəxslər və kredit təşkilatları kredit alınması və qaytarılması ilə bağlı, hüquqi şəxslər və əhali əməkhaqqı və qiymətli kağızlar üzrə gəlirlərin əldə olunmasına görə, fiziki və hüquqi şəxslər dövlət xəzinəsi ilə vergi, rüsum və digər icbari ödənişlərin verilməsinə görə əməliyyatları reallaşdıra bilərlər. Nağdsız ödənişlərin həcmi ölkədəki məhsul dövriyyəsi, qiymətlərin səviyyəsi, hesablar və həmçinin bölüşdürücü və təkrar bölüşdürücü münasibətlərdən asılıdır.