Vergiler.az

Nağdsız hesablaşmanın üstünlükləri

 

Xatırladaq ki, Azərbaycanda plastik kartlardan ilk dəfə geniş şəkildə istifadəyə 2003-cü ildə Bakı və Sumqayıt şəhərlərində pensiya ödənişlərindən başlanıb. Sonrakı illərdə bu təcrübə digər bölgələrdə də tətbiq olunub və təxminən 2 il ərzində proses bütün ölkəni əhatə edib. 2004-cü ilin dekabrında isə «Azərbaycanda müasir ödəniş sistemlərinin təkmilləşdirilməsi və inkişafı üzrə Dövlət Proqramı» təsdiqlənib. Proqramın qəbul edildiyi vaxtdan Azərbaycanda pensiya və müavinətlərin, əlavələrin, habelə büdcə təşkilatlarında çalışanların maaşının plastik kartla verilməsi istiqamətində mühüm addımlar atılıb və bu, ölkədə plastik kart bazarının təkmilləşdirilməsinə şərait yaradıb. Bu sistemin əsas və ən üstün cəhətlərindən biri odur ki, nağd ödəmələrdən fərqli olaraq, kartla pulun nə vaxt və hara xərcləndiyinə nəzarət etmək mümkündür.

Kartla ödəniş və ticarət üsulları Azərbaycan üçün yeni olmasa da, ticarət və ictimai iaşə obyektlərində nağdsız ödəmələrdən istifadə ümumi dövriyyədə olan vəsaitin çox az hissəsini əhatə edir. Statistik təhlillər göstərir ki, Azərbaycanda nağdsız ödənişlərdən istifadə ümumi dövriyyənin cəmi 15-20 faizini təşkil edir. İnkişaf etmiş ölkələrdə isə bu  göstərici 90 faizdən yuxarıdır, bəzi ölkələrdə isə hətta 100 faizə çatır.

Nağdsız ödənişlərin alıcılar, şirkətlər və ölkə üçün bir çox üstünlükləri var. Bu cür ticarətdə ödəmələr onlayn üsulla aparıldığından bütün hesablaşmalar qeydə alınır və vergiyə cəlb oluna bilir. Nəticədə vergidən yayınmanın qarşısı alınır. Ekspertlər bildirirlər ki, nağdsız ödənişlərin miqyasının genişləndirilməsi «kölgə iqtisadiyyatı»nın xeyli azalmasına şərait yaradır. Nağdsız ödəniş sisteminin tətbiqi həm də o deməkdir ki, pullarımız daha etibarlı vasitə olan kartlarda saxlanılır. Nağd gəzdirilən pulları itirmək və oğurlatmaq ehtimalı daha yüksəkdir, kart isə pul daşımaq problemini aradan qaldırır.

Bundan əlavə, kartdan istifadə etməklə dünyanın hər yerində ödəniş aparılması, habelə bankomat, kommersiya banklarının filial və şöbələrində quraşdırılmış POS-terminal şəbəkəsi vasitəsilə nağd pul vəsaitinin əldə edilməsi mümkündür. Ödəniş kartı vasitəsilə bir sıra xidmətlərin əldə olunması, məsələn, mehmanxana nömrələrinin öncədən sifariş edilməsi, təyyarə, avtobus, sərnişin qatarına biletlərin internet vasitəsilə alışı bu gün reallığa çevrilib. İndi Bakıdan nəinki xaricə, hətta Azərbaycanın istənilən bölgəsinə bu nəqliyyat növlərinə kartla bilet əldə etmək mümkün və asandır.

Nağdsız hesablaşmanın bir üstünlüyü də odur ki,  kiməsə pul göndərmək üçün bankomatdan pul çıxarıb, sonra banka gəlmək və köçürmə etməyə də ehtiyac yoxdur. Çünki bankomat vasitəsilə bir kartdan digər karta real vaxt rejimində pul köçürmək mümkündür. İndi kommunal ödənişləri etmək üçün rabitə xidməti müəssisələrinə getməyə ehtiyac yoxdur: bu işin internet vasitəsilə həyata keçirilməsi əhali arasında gündən-günə populyarlaşır.

Millət vəkili Əli Məsimli bildirib ki, beynəlxalq təcrübədə maliyyə-kredit, pul siyasətində nağdsız hesablaşmalar xüsusi yer tutur. Onun sözlərinə görə, iqtisadiyyatı oturuşmuş sistemləri nağdsız hesablaşmalardan kənar təsəvvür etmək mümkün deyil: «Nağdsız hesablaşma - həm bilavasitə iri ödənişlərin,  o cümlədən vergilər və rüsumların, kommunal xidmət hesablaşmalarının, həm də xırda ödənişlərin həyata keçirilməsində istifadə olunur. Dövlət orqanlarının, bankların və xidmət obyektlərinin təklif etdiyi kartla hesablaşmalardan istifadə birinci növbədə vətəndaş üçün əlverişlidir. Çünki kartla ödəniş insanların vaxt itkisinin qarşısını alır, onların həyatını asanlaşdırır. Nağdsız hesablaşmalar ticarət və xidmət obyektlərinin şəffaf fəaliyyət göstərməsi üçün bir imkandır və insanlar bu imkanlardan maksimum istifadə etməlidirlər. Bu cür hesablaşmalar geniş vüsət alsa, bu, həm də vergi yükünün aşağı düşməsi istiqamətində hökumət tərəfindən növbəti addımların atılması üçün yaxşı bir zəmin yaradar».