Vergiler.az

Bunları bilmək vacibdir

 

Qida təhlükəsizliyi sahəsində mühüm addım

 Bu ildən fəaliyyətə başlayan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni və bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ramil Hüseyn bildirib ki, agentliyin yaradılması prosesində müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınıb. Qarşıya qoyulmuş vəzifələrdən biri də dəyər zəncirinin bütün mərhələlərini əhatə edən və risklərin təhlili yanaşmasına əsaslanan qida təhlükəsizliyi sisteminin formalaşdırılmasıdır. Agentlik bu sahədə idarəetmənin səmərəliliyini və optimallığını təmin edəcək, pərakəndəliyi və təkrarlanmaları aradan qaldıracaq. Qida təhlükəsizliyi ilə bağlı vahid idarəetmənin tətbiqi resurslara qənaət edilməsinə, istehlakçı maraqlarının qorunmasına, ixrac və idxal proseslərində sənədləşmənin asanlaşmasına, xarici ölkələrə ixrac olunan qida məhsullarının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsinə, idxal olunan qida məhsullarının təhlükəsizliyinə, sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına və şəffaflaşdırılmasına, genetik modifikasiya olunmuş qida məhsullarının ölkəyə idxalına nəzarətin gücləndirilməsinə şərait yaradacq.

Bununla həm də Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin qida təhlükəsizliyinə nəzarət sahəsində müxtəlif orqanların fəaliyyətindəki paralelliyin aradan qaldırılması və effektiv tənzimləmə sisteminin qurulması ilə bağlı tədbirin icrası mümkün olacaq.

Ekspertin sözlərinə görə, bütün maraqlı tərəflərin iştirakçılığına və riskəsaslı yanaşmaya əsaslanan qida təhlükəsizliyi sisteminin yaradılması ilk növbədə Azərbaycan vətəndaşlarının keyfiyyətli qida məhsulları ilə təminatına xidmət edir.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, ölkədə istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alan və reyestrini aparan, qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirməyə məsul olan agentlik qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlət nəzarətini həyata keçirəcək.

Onun sözlərinə görə, agentlik həm də qida təhlükəsizliyi sahəsində risklərin idarə olunması, hazır qida məhsullarının sertifikatlaşdırılması və qeydiyyata alınması istiqamətində fəaliyyət göstərəcək. Təftiş və yoxlamaların həyata keçirilməsi sahibkarlıq subyektlərinin fəaliyyətində maneçilik törədən yoxlama olmayacaq. Bu yoxlama və təftiş sahibkarlıq subyektlərinə yardım və dəstək formatında həyata keçiriləcək: «Agentliyin həm Bakıda, həm də regionlarda bölmələri fəaliyyətə başlayacaq. Əməkdaşlarımız qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq normaları, beynəlxalq standartları təşviq və təbliğ edəcək».

Q.Təhməzli onu da vurğulayıb ki, ölkədə qida təhlükəsizliyi ilə bağlı təlim mərkəzləri də yaradılacaq.   

Fəxriyyə İKRAMQIZI