Vergiler.az

«Elektron hökumət»in əhatə dairəsi genişlənir

 

Millət vəkili Tahir Mirkişili bildirmişdir ki, Azərbaycanda dövlət strukturlarında informasiya və kommunikasiya texnologiyalarının tətbiqi iki istiqamətdə - dövlət idarəetməsində, eləcə də dövlət-vətəndaş, dövlət-biznes münasibətlərində aparılır və indiyədək hər iki istiqamət üzrə xeyli uğurlar əldə edilmişdir: «Dünya İqtisadi Forumunun açıqladığı rəqabətqabiliyyətlilik reytinqində dövlət orqanlarında İKT-nin tətbiqinə görə dünya sıralamasında Azərbaycan 137 ölkə arasında 14-cü yerə layiq görülmüşdür. Bu, yaxşı göstəricidir. Son illərdə fəaliyyətə başlayan qurumlar arasında «ASAN xidmət»in fəaliyyətini xüsusi vurğulamağa dəyər. Ölkədə kompüterdən istifadə edən müəssisələrin xüsusi çəkisi 65%-dir. Bu istiqamətdə görüləsi xeyli işlər var. Sahibkarlıqda İKT-nin tətbiqi biznesin rəqabət qabiliyyətliliyini artırır və gəlir gətirir. 2017-ci ildə Milli Məclis tərəfindən 20-dən çox qanun layihəsinə edilmiş dəyişiklik məhz elektron münasibətlərin tənzimlənməsinə yönəlmişdir. «Elek­tron hökümət» portalından istifadə edən istifadəçilərin sayı da artan xətlə yüksəlir. İnsanların texnologiyaya marağı xidmətlərin internet üzərindən təqdim olunmasını tələb edir. Bu, bir növ, sosial sifarişdir və dövlət də həmin sifarişi yerinə yetirir».

Qeyd edək ki, vətəndaşların «Elektron hökumət» portalına marağının artması müşahidə olunmaqdadır. Statistikaya görə, portala daxil olmaq üçün heç bir dövlət rüsumu ödəmədən sadələşdirilmiş şifrə-parol almaq mümkündür və artıq portaldan istifadə edənlərin sayı 529.309 nəfər təşkil edir. 2017-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) operatoru olduğu «Elektron hökumət» portalı üzərindən elektron xidmətlərə müraciət edənlərin sayı 23 milyondan çox olub.

İndiyədək «Elektron hökumət» portalı üzərindən xidmətlərə ən çox müraciət olunan 10 qurum bunlardır: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 9.341.135; Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi - 8.327.251; Dövlət İmtahan Mərkəzi - 3.173.948; Dövlət Gömrük Komitəsi - 961.392; «Azərsu» ASC - 347.243; Əmlak Məsələləri Dövlət Komitəsi - 103.965; Daxili İşlər Nazirliyi 96.568; Ədliyyə Nazirliyi 58.253; Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi - 54.417; Dövlət Miqrasiya Xidməti - 52.053.

Statistikaya əsasən, 2017-ci ildə «Elektron hökumət» portalının təqdim etdiyi xidmətlərə müraciət sayı 23 milyondan artıq olub, qeydiyyatdan keçmiş istifadəçilərin sayı 200 minə yaxın olub. 

Fəxriyyə İKRAMQIZI