Vergiler.az

Aİ ölkələrinin 1400-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir

 

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti İqtisadiyyat Nazirliyində olub. Görüşdə Azərbaycan Respublikası Prezidentinin son 10 ildə Avropa İttifaqı ölkələrinə 6 rəsmi səfər etdiyi, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Şərq Tərəfdaşlığı Təşəbbüsü, Viza və Readmissiya haqqında sazişlər imzalanıb, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı təsdiq edilib.

 Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycanda Aİ ölkələrinin 1400-dən çox şirkəti fəaliyyət göstərir. 2017-ci ilin 11 ayında respublikamızın xarici ticarətində bu ölkələrin payı 41 faiz təşkil edib və 2012-ci ildən iqtisadiyyatımıza təqribən 15 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. Avropa İttifaqının 24 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17-si ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər, 9 üzv ölkə ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb, 16 üzv dövlətlə Hökumətlərarası Komissiya və İşçi Qrupu fəaliyyət göstərir. 2012-ci ildən indiyədək Avropa İttifaqı ilə 120-dən artıq tədbir, biznes-forum keçirilib. Azərbaycan və Avropa İttifaqı enerji sahəsində uğurlu əməkdaşlıq edir və bu istiqamətdə Cənub Qaz Dəhlizi layihəsi xüsusilə önəmlidir.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti yaxın günlərdə Çinə səfər edəcək və səfər zamanı ölkəmizin tranzit imkanlarına dair təqdimat keçiriləcək. Bundan başqa, bu ilin martında Brüsseldə Avropa İttifaqı ilə keçiriləcək görüşlərdə Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı ilə 2017-ci ildə Bakıda keçirilmiş görüşün nəticəsi olaraq müzakirələr davam etdiriləcək, Avropa İttifaqına üzv ölkələrin investisiyalarının Azərbaycana cəlb edilməsi və Azərbaycan məhsullarının güzəştli şərtlərlə Avropa bazarlarına daxil olması, nəqliyyat və yükdaşıma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək, beynəlxalq nəqliyyat layihələri təşviq olunacaq.

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey ölkəmizə səfər zamanı Prezident İlham Əliyevin Avropa Komissiyası nümayəndə heyətini qəbul etdiyini məmnunluqla vurğulayıb, bir sıra görüşlər keçirildiyini diqqətə çatdırıb.

Henrik Hololey 2011-ci ildəki səfərindən ötən müddət ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini, həyata keçirilən tədbirlərin qlobal çağırışlara tam cavab verdiyini qeyd edib. Bildirib ki, artıq Azərbaycan Avropa İttifaqı ilə enerji sektoru ilə yanaşı, nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir və bu sahədə təqdimatların keçirilməsi Azərbaycanın tranzit potensialının təşviqi, əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

Görüşdə Avropa İttifaqı-Azərbaycan Sazişi layihəsi və digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.