Vergiler.az

«Bulud» texnologiyaları: istifadə qaydaları, üstünlükləri...

 

Son zamanlar tez-tez eşitdiyimiz və qulağımızda qəribə səslənən ifadələrdən biri də «bulud» texnologiyalarıdır. Artıq dünyada kifayət qədər populyarlıq qazanan bu yeni texnologiyanın mahiyyəti nədən ibarətdir? Mövzunu «TuranBankın İnformasiya Texnologiyaları Departamentinin baş direktoru Bəxtiyar Məmmədov şərh edir.

Müxtəlif müəssisələrin, yaxud fərdi şəxslərin hər hansı informasiyanın emalı, yadda saxlanması və ehtiyac olduqda istifadə edilməsi kimi tələbləri vardır. Hər bir müəssisə ayrıca olaraq texnoloji bir infrastruktur alır, server otaqları hazırlayır, bu otaqların təhlükəsizliyini təmin edir, soyutma sistemləri quraşdırır, proqram təminatları əldə edir, infrastrukturun idarə olunması üçün əməkdaşlar cəlb edir. Ayrı-ayrı şəxslər mobil telefonlarındakı fotoları, videoları, digər məlumatları uzun müddət saxlamaq üçün müxtəlif yaddaş qurğuları alırlar. Lakin bütün bu xidmətləri təklif edən ümumi bir güclü «Data mərkəz»in olması və həmin mərkəzin hər kəsə yalnız özünə lazım olduğu qədər texnoloji resurslar təqdim etməsi, istifadəçilərin isə internet və ya digər şəbəkələr üzərindən bu resurslardan istifadə etməsi daha səmərəli, daha davamlı və daha keyfiyyətli olmazdımı? Bu sual dünyanın nəhəng şirkətlərini də düşündürürdü və onun cavabının axtarışı nəticədə «bulud» texnologiyalarının yaranmasına və inkişafına gətirib çıxardı.

Hazırda «bulud» texnologiyaları müxtəlif formalarda təqdim edilir. Məsələn, «Data mərkəz»lər infrastruktur xidməti  göstərərkən müəssisələrə ümumi infrastrukturdan müəyyən texnoloji  resurslar təqdim edir və müəssisələr istifadə etdikləri resursa  görə  ödəniş etməli olurlar. Yaxud proqram xidməti təklif edərkən müəssisələrə, fərdi istifadəçilərə hər hansı proqram təminatını onların öz kömpüterlərində və ya mobil telefonlarında deyil, «bulud» üzərində təklif edirlər, istifadəçi isə həmin proqram təminatını öz kömpüterinə yükləmir və yalnız «bulud»a qoşularaq bu proqram təminatından istifadə edə bilir. Əksər smartfon istifadəçiləri hazırda «Google» «bulud» xidmətlərindən istifadə edirlər. Bu halda onlar məkandan və zamandan asılı olmayaraq, internet və ya digər rabitə şəbəkəsinin olduğu yerdə dayanıqlı xidmətdən istifadə etmək imkanı əldə edirlər. İstifadəçi hər hansı avadanlığı alarkən gələcəkdə daha böyük resursa tələbi olacağını düşünərək, nisbətən bahalı avadanlıq aldığı halda, «bulud» texnologiyalarından istifadə edərkən yalnız özünə həmin gün lazım olan qədər resurs alır və ödənişi də bu resurslara uyğun aparır.

«Bulud» xidmətləri üstünlüklər qazandırdığı kimi, müəyyən suallar və risklər də gətirib. İnformasiya təhlükəsizliyi, məxfilik, qanunvericiliklə uzlaşma tipli suallar tez-tez ortaya çıxır. Müxtəlif «bulud» xidmətləri zamanı texnoloji infrastrukturun imkanları ilə təhlükəsizlik məsələləri, müqavilələrlə məxfilik məsələləri tənzimlənmiş olsa da, risklər hər zaman qalır. Qanunvericiliyə gəldikdə isə, müxtəlif dövlətlər «bulud» texnologiyaları ilə bağlı qanunvericiliyi ildən-ilə təkmilləşdirirlər.

 «Data mərkəz»in göstərdiyi xidmətlərin istehlakçılara izah edilməsi, xidmətin üstünlükləri ilə bağlı müzakirələrin aparılması çox əhəmiyyətlidir. Azərbaycanda «bulud» texnologiyalarının inkişafı üçün yaradılmış bu mərkəz növbəti illərdə texnoloji inkişafa təkan verəcək amillərdən biri olacaqdır. Tarix boyunca inkişaf hər zaman pillə-pillə baş verib. İlkin mərhələdə «Data mərkəz»in təqdim etdiyi xidmətlərin qiymətlərinin müəyyən xarici analoqlarından yüksək olması normaldır. Lakin mərkəzin xidmətlərindən istifadə edən şirkətlər artdıqca, təbii ki, qiymətlərin də aşağı enməsi baş verəcək. Bundan əlavə, qanunvericiliyin daha da təkmilləşdirilməsinə, «bulud» xidmətindən istifadə edən şirkətlər və maliyyə müəssisələri üçün hüquqi normaların daha aydın şəkildə müəyyən edilməsinə ehtiyac vardır.

Deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, zaman keçdikdə ölkə daxilində yerləşən «bulud» xidmətlərindən istifadənin artması labüddür. Ona görə də ölkəmizdə belə bir mərkəzin qurulmasını, bu xidmətlərin məhz Azərbaycan daxilində olan infrastruktur vasitəsilə göstərilməsini informasiya texnologiyaları sahəsinin ölkədə inkişafı istiqamətində növbəti əhəmiyyətli addım kimi qiymətləndirmək mümkündür.

Hazırladı: Fəxriyyə İKRAMQIZI