Vergiler.az

Maliyyə sanksiyaları ilə üzləşməmək üçün…

 

Ötən ildən toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət, fərdi foto, audio-video xidmətləri (foto-studiyalar istisna olmaqla) sahəsində fəaliyyət, çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu və s. fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə sabit vergi məbləği müəyyən edildi. Sabit vergi dedikdə, fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq ödədiyi dəyişilməz vergi məbləği nəzərdə tutulur.

Yuxarıda qeyd edilən fəaliyyətlərlə məşğul olmaq istəyən fiziki şəxslər ya müvafiq xidmət mərkəzlərinə, ya da internet vasitəsilə müraciət etməklə «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» almalıdır. Bu fəaliyyət üzrə vergi orqanına bəyannamə təqdim edilmir. Ödənilmiş vergi həmin qəbzin qüvvədə olduğu müddətdə, fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, geri qaytarılmır və növbəti dövrlərin vergiləri ilə əvəzləşdirilmir. Fiziki şəxslər qeyd edilən fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduqda «Sabit verginin ödənilməsi haqqında qəbz»i hər bir fəaliyyət növü üçün ayrılıqda almalıdırlar.

Fəaliyyət növləri ilə işçi cəlb etmədən fərdi qaydada məşğul olan fiziki şəxs «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» almadan fəaliyyət göstərərsə, ona maliyyə sanksiyası tətbiq edilə bilər. Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında, iki və daha çox hallarda həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi öhdəliklərini «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirən fiziki şəxslər nağd pul hesablaşmalarının aparılması zamanı alıcıya nəzarət-kassa aparatı çeki istisna olmaqla, ciddi hesabat blankı olan qəbz də təqdim etməlidirlər. Qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blankı olan qəbzdən istifadə etmədən nağd pul hesablaşmalarının aparılması, alıcıya qəbzin verilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərməklə verilməsinə görə də maliyyə sanksiyası ilə üzləşə bilərlər: təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, ikinci dəfə yol verildikdə 800 manat, üç və daha çox hallarda isə 1200 manat maliyyə sanksiyası tətbiq ediləcək.

Fərdi sahibkarların maliyyə sanksiyaları ilə üzləşməməsi məqsədilə Vergilər Nazirliyi maarifləndirmə tədbirlərinə xüsusi önəm verir. Ötən il sabit verginin ödəyicilərinin fəaliyyət növləri, tələb olunan sənədlər, zonalar üzrə ödənilməli olan vergi məbləğləri, izahlı materiallar və digər zəruri məlumatları özündə əks etdirən sənədlər toplusu hazırlanmış, Vergilər Nazirliyinin rəsmi internet saytında ayrıca bölmə yaradılaraq bütün zəruri məlumatlar həmin bölmədə yerləşdirilmişdir.

İl ərzində 3100 vergi ödəyicisi üzrə 9753 «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» alınmışdır. «Şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərinin göstərilməsinə görə qeydiyyatın aparılması Qaydaları», eləcə də «Musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətləri göstərən şəxslərin qeydiyyatı kitabı»nın forması, restoran və digər ictimai iaşə obyektlərinin sahibləri üçün «Yaddaş» kitabçası hazırlanmışdır.

Aytən NƏBİYEVA