Vergiler.az

Əlverişli biznes mühiti regionlarda iqtisadi aktivliyi artırıb

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, regionların inkişafı daim diqqət mərkəzində olub, ölkədə yürüdülən siyasətə uyğun olaraq, dövlət tərəfindən bölgələrdə qeyri-neft sahələrinin inkişafına xüsusi diqqət yetirilir və qarşıdakı dövrdə bu siyasət davam etdiriləcək.

 

Vergi yükünün aşağı salınması sahibkarlığı stimullaşdırıb

İqtisadçı Ramin Osmanlı hesab edir ki, regionlarda sahibkarlıq subyektlərinin sayının artmasına son illərdə biznes mühitinin və qeydiyyat sisteminin sadələşdirilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı inzibatçılığın təkmilləşdirilməsi və digər tədbirlər öz təsirini göstərib. Vergi yükünün aşağı salınması bölgələrdə biznesin səmərəliliyinin artmasına, yeni sahibkarlıq fəaliyyəti növlərinin yaranmasına səbəb olub: «Regionlarda yeni vergitutma mənbələrinin yaranması, iqtisadiyyatın indiyədək vergitutma bazasına cəlb edilməmiş ayrı-ayrı sahələrindən vergilərin hesablanması, vergi potensialının və vergi ödəyicilərinin sayının əhəmiyyətli dərəcədə artması bölgələrdən daxil olan vergilərin həcminin əhəmiyyətli dərəcədə yüksəlməsinə təkan verib. 2017-ci ildə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin böyük bir qismi sahibkarların vergi yükünün aşağı düşməsi, ölkədə daha əlverişli və səmərəli biznes mühitinin təmin edilməsi, yeni istehsal və xidmət sahələri yaradılması üçün stimul verir».

 

Vergi ödəyicilərinin sayı artıb

Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin əməkdaşı Zehralı Talıbovun sözlərinə görə, regionlarda həyata keçirilən layihələr beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına şərait yaradır: «Ötən ilin əvvəllərindən sahibkarlıq sahəsində aparılan yeni islahatlar və qanunvericiliyə edilən dəyişikliklər ölkəmizdə əlverişli biznes mühitinin təmin olunması fonunda sahibkarlığa başlayan şəxslərin sayının artmasına imkan verib».

 Z.Talıbovun bildirdiyinə görə, ötən il ərazi vergi orqanlarında qeydiyyata alınmış 100 mindən çox vergi ödəyicisinin 4686-sı hüquqi şəxslərdir. Qeydiyyata alınmış və fəaliyyəti bərpa olunmuş obyektlərin sayı (təsərrüfat subyektlərinin) fəaliyyətini dayandırmış və ləğv edilmiş obyektlərin sayından xeyli çoxdur: bunların arasındakı fərq 9484-dür. Əvvəlki dövrdə fəaliyyətini dayandırmış müəssisələrin yenidən fəaliyyətə başlaması, yeni yaradılan sahibkarlıq subyektlərinin sayının əhəmiyyətli dərəcədə artması vergi ödəyiciləri üçün yaradılmış əlverişli şəraitin göstəricisi sayıla bilər.

Onu da qeyd etmək lazımdır ki, ötən il regionlarda çalışan vergi ödəyicilərinin ümumi dövriyyəsi 2016-cı il ilə müqayisədə 28,7% artıb.Ticarət üzrə ümumi dövriyyə 29,8%, xidmət sahəsi üzrə isə 35,8% çoxalıb. 2017-ci ildə 38.165 vergi ödəyicisi fəaliyyətini bərpa edib ki, bu da bölgələrdə iqtisadi aktivliyin xeyli artdığını göstərir.

 

Son 10 ildə regionlar üzrə

vergi daxilolmaları

Zehralı Talıbovun sözlərinə görə, regionlarda infrastrukturun inkişafı, yeni iş yerlərinin açılması, ixrac potensialının genişləndirilməsi nəticəsində paytaxtdan kənar ərazilərdə digər fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicilərinin də iqtisadi aktivliyini artırıb. Nəzərə alınmalıdır ki, bu artım, torpaq vergisi istisna olmaqla, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicilərinin bütün vergilərdən azad edilməsi şəraitində baş verir. Regionlarda yaşayan əhalinin böyük hissəsinin kənd təsərrüfatı ilə məşğul olmasına və bu sahəyə vergi güzəştləri tətbiq edilməsinə baxmayaraq, bölgələr üzrə vergi daxil­olmaları ilbəil artıb:  «Regionlarda iqtisadi fəallığın və nəticədə ərazilər üzrə daxil olan vergilərin də həcminin artması müşahidə edilir. 2017-ci ildə bölgələr üzrə müəyyən edilmiş 598,9 milyon manat proqnoz tapşırığına qarşı dövlət büdcəsinə 626,3 milyon manat vəsait daxil olub, proqnoza 104,6% əməl edilib. Regionların sosial-iqtisadi inkişafının təmin olunması və Dövlət proqramlarının uğurlu icrası nəticəsində son 10 il ərzində ərazi vergi orqanları üzrə vergi daxilolmaları 7 dəfə artaraq 86,6 milyon manatdan 626,3 milyon manata çatıb. Nəzərə alsaq ki, regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinin əksəriyyəti kənd təsərrüfatında məşğuldur və bu sahə 1999-cu ildən bəri bütün növ vergilərdən azad edilib, bu, bir daha regionlardakı iqtisadi canlanmanı nümayiş etdirir».

 

Xarici sərmayələr üçün

əlverişli şərait mövcuddur

Ölkədəki investisiya mühiti xarici sərmayəçilərin fəallığının yüksəlməsinə və nəticədə  sayının artmasına səbəb olub. Respublikamızda investisiyaların təşviqi və qorunması, gəlirlərə və əmlaka vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması xarici investisiyaların ölkə iqtisadiyyatına axınını stimullaşdırır. Son illərdə hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının elektron qaydada həyata keçirilməsi ölkənin biznes mühitinə müsbət təsir göstərir. 2017-ci ildə ölkə iqtisadiyyatına qoyulmuş 14 milyard manat sərmayənin təxminən yarısı xarici investisiyaların payına düşür.

Ötən il Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin təxminən 900-ü xarici investisiyalı şirkətlərdir. Ümumilikdə, son 13 ildə ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mini ötüb. Həmin şirkətlərin daha çox maraq göstərdikləri sahələr sənaye, tikinti, nəqliyyat, ticarət, turizm və xidmət sektorlarıdır.

Xarici şirkətlərin 32,1%-i qardaş Türkiyəyə məxsusdur. Rusiya, Böyük Britaniya, ABŞ və Fransaya məxsus investisiyalı müəssisələrin sayı da az deyil. Cənubi Koreya, Yaponiya, İran, Belarus, Litva, Latviya, İtaliya və digər ölkələrin şirkətlərinin sayında son vaxtlar artım qeydə alınmaqdadır. Həmin şirkətlər Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə, qeyri-neft sənayesində podratçı, subpodratçı qismində də fəal iştirak edirlər.

Elbrus CƏFƏRLİ