Vergiler.az

İnkişaf istiqamətlərinin yolları və hədəfləri

 

Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafında əvəzolunmaz payı olan prioritet sahələrin son vəziyyəti ilə bağlı suallarımızı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov cavablandırır.

 

- Vahid müəllim, yenicə yola saldığımız 2017-ci il iqtisadiyyatımız üçün hansı göstəricilərlə  əlamətdar oldu?

- 2017-ci il Azərbaycanda islahatların başlanğıcı ili kimi qiymətləndirilməlidir. Dünya iqtisadiyyatında böhranların artması və əhatəsinin genişlənməsi, geosiyasi risklərin yüksəlməsi əmtəə və fond bazarlarındakı qeyri-sabitlik ilə müşayiət olunur. Region ölkələrində müşahidə edilən iqtisadi problemlər  əksər ölkələrin iqtisadiyyatına bu və ya digər dərəcədə mənfi təsir göstərir. Dünya enerji bazarındakı qeyri-sabitlik, əsas ticarət tərəfdaşlarının milli valyutalarının devalvasiyası Azərbaycan iqtisadiyyatı üçün də əlavə risklər yaratmışdı. Antiböhran tədbirləri çərçivəsində Prezident İlham Əliyev tərəfindən imzalanmış «Milli iqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsi» qısa, orta və uzunmüddətli olmaqla, 2020-ci, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövrləri əhatə edir. Ayrı-ayrı dövrlər üzrə görüləcək işlərə sabitləşdirilmə, şaxələndirilmə və dünya iqtisadiyyatına inteqrasiya edərək rəqabət qabiliyyətinin artırılması ilə yaranmış vəziyyətdən çıxmaq, iş yerləri yaratmaq, mənzil təminatı, təhsil və səhiyyə xidmətləri, kommunal xidmətlər və ünvanlı sosial yardım sistemindən reabilitasiyaya keçid yolu ilə yoxsulluğu azaltmaq səyləri daxildir.

2017-ci ildə bu strategiyanın icrasına start verildi və bir sıra sahələrdə olduğu kimi, yeni iqtisadi model quruculuğu sahəsində də islahatlar davam etdirilərək infrastruktur yaxşılaşdırıldı. İxrac idxalı üstələdi, Azərbaycanın ticarət balansında 6 milyard dollara yaxın müsbət saldo yarandı. Bu, çox əhəmiyyətli rəqəmdir. Ölkədə ÜDM-in əhəmiyyətli şəkildə azalması yalnız 2016-cı ildə qeydə alınıb, 2017-ci ildə ÜDM-in artım dinamikası tarazlaşdırılıb və 2018-ci ildə yeni iqtisadi yüksəliş üçün əsaslar yaradılıb.

Ötən il bizi ən çox narahat edən sahələrdən biri bank sisteminin sağlamlaşdırılması idi. Bu sahə iqtisadiyyat üçün çox əhəmiyyətlidir. Azərbaycan dövləti artıq  öz üzərinə götürdüyü məsuliyyət çərçivəsində elektrik enerjisi, su və qazla bağlı problemləri həll edib. İndi diqqət əhali-bank-sahibkar arasında əlaqə yaratmağa yönəldilib və bu istiqamətdə müəyyən islahatlar aparılır.

2017-ci ildə Azərbaycanda böyük layihələr həyata keçirildi. Avrasiya məkanının yeni yüksəliş layihəsi - bizim üçün çox əhəmiyyətli olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi.  Ələtdə dəniz ticarət limanının tikintisi gedir ki, bu iqtisadi zonanın yaradılması Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmli mövqeyini ortaya qoyur. Qazaxıstan,  Türkiyə, Türkmənistan və bir sıra digər dövlətlər bu dəhlizə qoşulmağa maraqlıdırlar.

Digər bir uğurlu işimiz - TANAP, TAP layihələri Azərbaycanı dünyaya qaz ixrac edən əhəmiyyətli bir ölkə kimi təqdim edir. Həmin qaz kəmərinin tikintisinin müəyyən hissəsi 2018-ci ildə başa çatdırılaraq  istifadəyə verilməlidir. Bu da Azərbaycan qazının Avropaya Gürcüstan və Türkiyə vasitəsilə çıxarılması deməkdir.

«Əsrin müqaviləsi»nin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması, Astara-Rəşt dəmir yolu xəttinin birləşdirilməsi istiqamətində atılan addımlar  da investisiya qoyuluşu və infrastrukturun yaxşılaşdırılması baxımından əhəmiyyətli rol oynadı.

Beləliklə, ölkə iqtisadiyyatının inkişaf perspektivləri genişdir. Strateji Yol Xəritəsində həyata keçirilməsi nəzərdə tutulan sahələr üzrə qarşıya qoyulan vəzifələrin icrası Azərbaycana xeyli dividentlər gətirəcək.

 

- Ölkədə aparılan son vergi islahatları özünü necə doğruldur, nə kimi təklifləriniz var?

- 2016-cı ilin sonlarına doğru vergilərin optimallaşdırılması, sahibkarlığın stimullaşdırılması üçün çox ciddi qanun dəyişiklikləri qəbul edildi. 2018-ci il yeni başlayıb, düşünürəm ki, bu gün də vergi sistemi islahatlara ehtiyac duyur. Hər şeydən əvvəl qanunvericiliyin bütün tələbləri təmin edilməli, vergi sistemi tam şəffaf olmalıdır, korrupsiyaya, digər qaranlıq əməllərə yol verilməməlidir. Konkret hansı dəyişikliklərə ehtiyac yaranarsa, Milli Məclis bunun həyata keçirilməsinə imkan yaradacaq.

 

- Vergi sistemində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı islahatlar davam etdirilir. Bu sahədə hansı zəruri dəyişikliklərin edilməsini məqsədəuyğun hesab edirsiniz?

- 2017-ci ildən qüvvəyə minmiş Vergi Məcəlləsinə dəyişikliklərin əsas məqsədi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi, vergi yükünün optimallaşdırılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, onların vaxt itkisinə məruz qalmaması və vergi öhdəliklərinin daha rahat şəkildə yerinə yetirilməsi, bir sıra vergi ödəyiciləri üçün güzəştlərin müəyyən edilməsi yolu ilə sosial bərabərliyin təmin olunması, nağdsız əməliyyatların həcminin artırılmasından ibarətdir. Buraya, həmçinin, vergitutma bazasının genişləndirilməsi, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, uçotun dürüstlüyünün və şəffaflığının təmin olunması da daxildir.

Bizim ƏDV haqqında təkliflərimiz var. Nəyə görə bütün məhsullara 18%-lə ƏDV tətbiq olunmalıdır? Mebel, maşın, qızıl məmulatları kimi prestij sayılan məhsullar, habelə ərzaq və gündəlik tələbat məhsullarına da 18%-lik ƏDV qoyulur. Bu baxımdan, mən ƏDV-nin diferensiallaşdırılmasını təklif edirəm. Digər tərəfdən, ümumiyyətlə, vahid vergi sistemini müəyyənləşdirmək lazımdır. Vergilərin sahəsi çox böyükdür, bir neçə vergi sistemindən istifadə edirik. Məsələn, qonşu Gürcüstanda vergi sistemində güclü təkmilləşdirmə aparılıb. İnsanların müxtəlif yerlərə deyil, bir yerə vergi ödəmə tələbatına baxılmalıdır. O yerdən də vergi problemli sahələrə paylanılmalıdır. Göründüyü kimi, vergi sistemində, Vergilər Nazirliyinin özündə belə kadr, struktur və institusional dəyişikliklərlə bağlı islahatlara ehtiyac var...

 

- 2018-ci il yanvarın 1-dən bütün vergi ödəyiciləri üçün elektron qaimə-fakturanın tətbiqinə başlanılıb...

- Prezident İlham Əliyevin imzaladığı 4 avqust 2016-cı il tarixli «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə» sərəncamında nəzərdə tutulan mühüm məsələlərdən biri də elektron qaimə-faktura sisteminin tətbiqidir. Yeni sistem Vergi Məcəlləsində sahibkarlar arasındakı münasibətlərin hüquqi şəkildə tənzimlənməsinə, yəni onların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunmasına dair öhdəliklər müəyyənləşdirir.

Sirr deyil ki, bəzi sahibkarlar apardıqları əməliyyatları gizlətmək istəyirlər. Bunun qarşısının alınmasında ən yaxşı metodlardan biri e-qaimənin tətbiqidir. Beynəlxalq təcrübə göstərir ki, qaimə-fakturaların kağız formasında verilməsi mal, iş və xidmətlər üzrə nəzarətin lazımi səviyyədə təşkil olunmamasına və nəticədə vergidən yayınma hallarına şərait yaradır. E-qaimə vasitəsilə, ƏDV-də olduğu kimi, digər vergi növləri üzrə də malların satışı sikli tam şəkildə elektron qaydada nizamlanacaq, proses vergi orqanları tərəfindən izlənəcək. Bu, çox müsbət haldır.

 

- Sahibkarlığın inkişafı məqsədilə vergi siyasətinin tənzimlənməsində hansı dəyişiklikləri aktual hesab edirsiniz?

- Bu gün Azərbaycanda bütün proseslər sahibkarlığın inkişafına yönəldilib. Kiçik və orta sahibkarlıq inkişaf etmədikcə, vergi sistemində də problemlər qaçılmaz olacaq. Vergiləri optimallaşdırmaq, bununla da sahibkarları könüllü vergiyə cəlb etmək lazımdır. Vergi ödənişlərini artırmaqdan ötrü sahibkara öz iş həcmini genişləndirməsi üçün şərait yaratmaq lazımdır. Əgər bu gün sahibkar 1 milyard manatlıq mal istehsal edirsə, elə etmək lazımdır ki, gələn il 2 milyard manatlıqdan artıq istehsal etsin və nəticədə əlavə vergi ödənişi əmələ gəlsin. Bu sahədə diqqət yönəldilməli məsələlər çoxdur. Sahibkarların özlərinin də müəyyən təklifləri var. Millət vəkilləri,  eləcə də Vergilər Nazirliyinin nümayəndələri mütəmadi olaraq vergi ödəyiciləri ilə görüşlər təşkil edir, onları narahat edən məsələləri dinləyir və ortaya çıxan problemlərin həllində yardımçı olmağa çalışırlar.

Sahibkarlığın inkişafı üçün vacib məsələlərdən biri də iş adamlarının sərbəst pul mənbələrinə çıxış imkanlarının genişləndirilməsidir. Vergi yükünün azaldılması, sahibkarlar üçün kredit şərtlərinin yumşaldılması, faiz dərəcələrinin ədalətliliyinin təmin edilməsi sahəsində islahatlar davam etdirilməlidir. Prioritet sahələri, xüsusən də regionlarda ən vacib istehsal sahələrini inkişaf etdirmək üçün əlverişli şərtlərlə kreditlər verilməli, vergi güzəştləri, vergi tətilləri tətbiq olunmalıdır.

Əlavə vergi faizlərinin yaranması, şəffaflıq, sənədləşdirmə ilə bağlı sahibkarlardan daxil olan müraciət və şikayətlər yetərincədir. Bir çox iri ticarət mərkəzləri var ki, onlara gətirilən malların sənədi olmur, nəticədə sahibkarlar həmin malların qəbulunda əziyyət çəkirlər. Vergi orqanları ödəyicilərlə bu barədə ortaq məxrəcə gələrək müəyyən qərarlar qəbul etməlidirlər.  

 

- Biznes mühitinin daha da liberallaşdırılması üçün hansı sahələrdə islahatların aparılması gözlənilir?

- 2017-ci ildə biznes mühitinin əlverişliliyini artırmaq üçün iqtisadi islahatlar davam etdirilib. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Azərbaycan Respublikası Qanununa əsasən,  2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılmışdı, 2017-ci ilin oktyabr ayında isə bu müddət 2021-ci ilə kimi uzadıldı. Dövlət Gömrük Komitəsi tərəfindən «Yaşıl dəhliz» və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılıb. İxracatçılar 2016-cı il  avqustun 1-dən «Yaşıl dəhliz» və digər buraxılış sistemlərindən istifadə etmək imkanı qazanıblar. «Tax free» sisteminin tətbiqi, bəzi məhsulların idxal rüsumlarının artırılması, idxal edilən xammallarda rüsumların azaldılması da mühüm islahat tədbirlərindəndir.

Əgər biz biznes mühitini rahatlaşdırmaq istəyiriksə, vergi və gömrük sistemində islahatların davam etdirilməsi qaçılmazdır. Bu islahatlar ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasına və sahibkarlığın inkişafına xidmət edəcək. Çalışmalıyıq ki, daxili bazarımızı qoruyaq, Azərbaycanda istehsalın kəmiyyətini və keyfiyyətini yüksəldək. Bu, daxili bazarda qiymət siyasətinə də təsir edəcək.

 

- Ötən il qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 mil­yon ABŞ dolları təşkil edib və 2016-cı illə müqayisədə 24 faiz artıb. Sizcə, respublikamızda qeyri-neft sektorunun, aqrar sahənin, regionların inkişafı, stimullaşdırılması  ilə bağlı daha hansı addımların atılmasına ehtiyac var?

- Bu inkişafın təməli 2004-cü ildə qoyulub. Azərbaycan Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli fərmanı ilə «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» təsdiq edildi. Bu əhəmiyyətli sənədin əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsidir. Dövlət Proqramında 600 mindən artıq yeni iş yerinin açılması prioritet məqsəd kimi qarşıya qoyuldu. Həmin sənəddən irəli gələn vəzifələr qısa zamanda icra olunaraq, qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə geniş imkanlar yaratdı. O vaxtdan regionlarda həyat yeni mərhələyə qədəm qoydu, ölkədə əsaslı yenidənqurma, iş yerlərinin yaradılması istiqamətində ciddi dönüş yaradıldı.

Məlumdur ki, neft tükənən sərvətdir. Odur ki, biz neftdən gələn sərvət hesabına qeyri-neft sektorunun inkişafına, şaxələndirilməsinə çalışmalı, bu sahədə stimullaşdırıcı addımlar atmalıyıq. Bu istiqamətdə dövlət proqramlarının icrası, fərmanlar və sərəncamlar artıq nəticə verməkdədir.

«Azexport.az» portalının və Rəqəmsal Ticarət Qovşağının fəaliyyətə başlaması ölkə iqtisadiyyatının rəqəmsallaşdırılması, xüsusilə e-ticarət, e-bankinq, e-kommersiya fəaliyyətlərinin inkişafına bir töhfə oldu. Bundan başqa, ixrac subsidiyaları, investisiya təşviqi, sənaye parkları, aqroparklar, texnoparklar, sənaye məhəllələri, xaricdəki ticarət evləri, ticarət missiyaları və sərgilərdə iştirak iqtisadi aktivliyin yüksəlməsinə, sərmayə qoyuluşunun çoxalmasına, yeni iş yerlərinin açılmasına, məhsul və xidmət istehsalının və ixracının artmasına zəmin yaradır.

Məhz əvvəlki illərdə yaratdığımız infrastruktur və həyata keçirdiyimiz layihələr bu gün Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsinə və regionlarda yeni istehsal sahələrinin yaradılmasına imkan verib. Kənd təsərrüfatında yaddan çıxmış ənənəvi sahələrin dirçəldilməsinə diqqət artırılıb. Yeni ixracyönümlü məhsulların istehsalına başlanılıb və iqtisadiyyatımızın idxaldan azad olunması istiqamətində ciddi addımlar atılıb.

2017-ci ildə sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və hesablanan faizlərə görə subsidiya verilməsi qaydaları təsdiq edilib. İpoteka və Kredit Zəmanət Fondunun yaradılması real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunması, maliyyə risklərinin bölüşdürülməsi, bankların dayanıqlığının və real sektora maliyyə axınının gücləndirilməsi, əks-dollarlaşmanın stimullaşdırılması və Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üçün mühüm addımdır. Bu, maliyyə inklüzivliyinin artırılması, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Ölkədə maliyyə inklüzivliyinin artımına nail olmaq iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun yaxşılaşdırılmasına da əlavə dəstək verəcək.

Aqrar sahənin inkişafını sürətləndirmək üçün «Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı», «Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı» və «Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı» qəbul olunub. Artıq ölkədə strateji iqtisadi planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı strateji yol xəritələrinin müddəaları rəhbər tutulur.

 

- Ölkəmizin iqtisadi həyatında gedən proseslərə beynəlxalq maliyyə qurumlarının hesabatlarında da xüsusi diqqət yetirilir...

- Azərbaycanın dövlət başçısı həmişə və hər yerdə ölkəmizin müstəqilliyini ön plana çəkir. Bütün danışıqlar və beynəlxalq sazişlər məhz respublikamızın müstəqilliyi ilə əlaqələndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar səmərəli idarəetmənin təmin olunmasını, bazarın liberallaşdırılmasını və məhsuldarlığın artırılmasını şərtləndirir. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanda aparılan uğurlu iqtisadi islahatları yüksək qiymətləndirir. Dünya İqtisadi Forumunun «Qlobal rəqabətlilik hesabatı»nda və Dünya Bankı tərəfindən təqdim olunan «Doing Business 2018» hesabatında ölkəmizin mövqeyinin irəliləməsi dövlət başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatların nəticəsində mümkün olub.

Dünya İqtisadi Forumunun illik «İnklüziv inkişaf indeksi - 2018» hesabatında Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutub. Bu bizim üçün çox önəmli hadisədir, böyük uğurdur. Ölkədə internet infrastrukturunun inkişafı, əhalinin 80%-dən çoxunun internetdən, informasiya texnologiyalarından istifadə etməsi, «ASAN xidmət» mərkəzlərinin sayının çoxalması, səyyar «ASAN xidmət»in fəaliyyətinin intensivləşməsi, kiçik və orta sahibkarlar üçün çoxsaylı proqramların qəbul edilməsi, 2000-dən çox ailə təsərrüfatının yaradılması kimi tədbirlər Azərbaycanda inkluziv inkişafı gücləndirmişdir.

Müsahibəni hazırladı: Fəxriyyə İKRAMQIZI