Vergiler.az

Azərbaycan «İnklüziv İnkişaf İndeksi 2018» hesabatında irəliləyib

 

Dünya İqtisadi Forumunun «İnklüziv inkişaf indeksi 2018»də Azərbaycan Litva və Macarıstan istisna olmaqla, inkişaf etməkdə olan digər ölkələri geridə qoyaraq üçüncü yerdə qərarlaşıb, MDB məkanında isə birincidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı  Nicat Hacızadə bildirib ki, hesabat hazırlanan zaman 15 sahə və 3 əsas indikator üzrə qiymətləndirmə aparılıb. Birincisi  inkişaf indikatorudur ki, burada ölkələr üzrə adambaşına düşən ÜDM, əmək səmərəliliyi, orta ömür müddəti və məşğulluq səviyyəsi nəzərə alınıb. İkinci istiqamət kimi yoxsulluq səviyyəsi, gəlirlərin alıcılıq qabiliyyəti, ortagəlirlilik əsas götürülüb. Üçüncü istiqamət isə dayanıqlılıqdır. Burada xalis qənaət, yığımlar, dövlət borcu, asılılıq ayrı-ayrı qiymətləndirilir. Bu indikatorlar hesablanan zaman aparıcı beynəlxalq qurumların, o cümlədən Dünya Bankının hesabatlarından istifadə olunub: «İnklüziv İnkişaf İndeksi» iqtisadi proseslərin iştirakçılarına cəmiyyətin hər bir sahəsi üçün faydaları olan bərabər imkanlar təmin edən konsepsiyadır. Bu konsepsiya iqtisadi inkişafın ənənəvi modellərini genişləndirir, səhiyyə sahəsində bərabərliyə, insan kapitalına, ətraf mühitin keyfiyyətinə, sosial müdafiəyə və ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirir. İnklüziv inkişaf indeksi  ümumi daxili məhsulun alternativi kimi işlənib hazırlanır. Ötən ilin bəzi statistik göstəricilərinə diqqət yetirsək görərik ki, Azərbaycanda ÜDM əvvəlki illə müqayisədə 0,1% artaraq 70 milyard 135,1 milyon manata çatıb, onun 62,8%-i iqtisadiyyatın qeyri-neft sahələrində, 37,2%-i isə neft-qaz sektorunda istehsal edilib.  Bu dövrdə iqtisadiyyatın neft sektorunda istehsal olunan əlavə dəyər 5% azalsa da, qeyri-neft sektorunda 2,7% artım qeydə alınıb. Qeyri-neft sənayesində məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7%, bu sahədə yaradılan əlavə dəyər isə 3,8% artıb. Şübhəsiz ki, bu göstəricilər  Azərbaycanda sosial-iqtisadi inkişafın dinamik xarakter almasını şərtləndirən düzgün strategiyanın işlənib hazırlanması və reallaşdırılması, səhiyyəyə, insan kapitalına, ətraf mühitin keyfiyyətinə, sosial müdafiəyə, habelə  ərzaq təhlükəsizliyinə xüsusi önəm verilməsi sayəsində əldə edilib».

Hesabatı şərh edən iqtisadçı Qalib Toğrulun sözlərinə görə, inklüzivlik, yəni bərabərlik hesabatı Azərbaycan üçün bir neçə istiqamətdə inkişafın təmin edilməsinin mühüm göstəricisi sayıla bilər: «Dünya İqtisadi Forumu iqtisadi inkişafın ənənəvi modellərinə xüsusi diqqət yetirərək sosial bərabərlik indikatoru üzrə səhiyyə, insan kapitalı, ətraf mühitin keyfiyyəti, sosial müdafiə və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi kimi amilləri də təhlil edir. Araşdırmalar göstərir ki, Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar kursu həmin meyarlara tam uyğundur, dövlət xərclərinin mühüm hissəsi sosial müdafiəyə yönəldilir. 2018-ci ilin dövlət büdcəsi xərclərinin 33%-nin sosial xərclərə sərf edilməsi nəzərdə tutulub. Hesabatın «dayanıqlılıq» indikatoruna əsasən, Azərbaycan dövlət borcunun ÜDM-də payına görə MDB-də və regionda lider mövqedə qərarlaşıb. Bundan əlavə, ölkəmizin strateji valyuta ehtiyatları beynəlxalq iqtisadi qurumlar qarşısında rahat borc götürməyə imkan yaradır. Hesabatda iqtisadi inkişafın əldə olunmasında mühüm rol oynayan biznesə dövlət dəstəyinin artırılması, şəffaflığın təmin edilməsi də əsas faktorlar kimi qiymətləndirilib. Kiçik və orta sahibkarlar üçün çoxsaylı proqramların qəbul edilməsi, 2000-dən çox ailə təsərrüfatının yaradılması kimi tədbirlər, həmçinin «ASAN xidmət» mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi də azad biznesin inkişafı və şəffaflıq üçün mühüm əhəmiyyət daşıyır». 

E.CƏFƏRLİ