Vergiler.az

Azərbaycanda qeyri-neft sektoru yeni inkişaf mərhələsində

 

Ötən il ölkəmizdə ümumi daxili məhsul (ÜDM) isteh­sa­lında 0,1 faiz artım qeydə alınıb. ÜDM-in 62,8 faizi iq­ti­sa­diyyatın qeyri-neft sahələrində, 37,2 faizi isə neft-qaz sektorunda istehsal edilmişdir.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, il ərzində iqtisadiyyatın neft sektorunda istehsal olunmuş əlavə dəyər 5 faiz azalmış, qeyri-neft sektorunda isə 2,7 faiz artmışdır. Nəqliyyat və anbar təsərrüfatı sahələrində 8,5 faiz, informasiya və rabitə sahələrində 6,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5 faiz, sosial və digər xidmət sahələrində 1,5 faiz artım qeydə alınmışdır. Qeyri-neft sənayesində məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz, yaradılmış əlavə dəyər isə 3,8 artmışdır. ÜDM istehsalının 40,1 faizi sənayenin, 10,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinin, 9,5 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatının, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 1,6 faizi informasiya və rabitənin, 16,4 faizi isə digər sahələrin payına düşmüşdür.  Məhsula və idxala xalis vergilər keçən il ÜDM-in 7,3 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 7205 manata bərabər olmuşdur.

İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin üzvü Əli Məsimli hesab edir ki, 2015-2016-cı illərlə müqayisədə 2017-ci ildə bir çox sahələrdə müsbət meyillər özünü göstərmişdir: «Manat 2017-ci ilin fevralından sabitləşməyə başladı. Ölkə iqtisadiyyatına 15 milyard manatdan artıq sərmayə qoyuldu. Bir çox istiqamətlərdə olduğu kimi, ödəniş balansında da saldo mənfidən müs­bətə doğru dəyişdi. Beləliklə, 2017-ci il Azərbaycan iqtisadiyyatında həm islahatlar, həm də irəliləyişlərlə müşahidə olunmağa başladı. Bütün bunlar onu deməyə əsas verir ki, artıq iqtisadiyyatın ağır mərhələsi arxada qalıb, durğunluqdan dirçəliş mərhələsinə keçid başlanıb».

Azərbaycan hökumətinin hazırladığı 2018-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən, 2018-ci ildə ölkədə ÜDM-in real ifadədə artımı 1,5 faiz olmaqla 69,4 milyard manat təşkil edəcək. Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,9 faiz artaraq 47,6 milyard manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də real payı 83 faiz həcmində nəzərdə tutulur. 

Beynəlxalq təşkilatlar isə artımın daha çox olacağını proqnozlaşdırırlar. Məsələn, nüfuzlu beynəlxalq reytinq agentliyi «Standart & Poors»un (S&P) proqnozlarına əsasən, 2018-ci ildə Azərbaycanda ÜDM 2 faiz (nominal həcmi 44 milyard dollar), 2019-cu  ildə isə 3,5 faiz (nominal həcmi 47 milyard dollar) artacaq. Proqnozların bu səviyyədə olması «Şahdəniz-2» qaz yatağından nəqlin başlaması, qeyri-neft sektorundakı inkişaf və investorların iqtisadi inkişafa inamının yüksəlməsi, inflyasiyanın səngiməsi fonunda istehsalın artması ilə əsaslandırılır. 

Rəşad SADIQOV