Vergiler.az

Azərbaycan regionda mühüm nəqliyyat-logistika mərkəzinə çevrilir

 

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanışlıq zamanı Azərbaycanın regionda mühüm nəqliyyat-logistika mərkəzinə çevrildiyini, yeni yaradılan strateji nəqliyyat qovşaqlarının Avropa İttifaqı (Aİ) ölkələri ilə əlaqələri genişləndirəcəyini vurğulayıb.

O, yeni Bakı Limanın Avropa-Asiya ticarət dövriyyəsində mühüm yer tutduğunu deyib: «Azərbaycan Avropa İttifaqının yaxın tərəfdaşıdır və biz bu tərəfdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik. Azərbaycan Avropa və Asiyanı əlaqələndirən nəqliyyat dəhlizi və öz strateji mövqeyi ilə nəqliyyat və logistika qovşağı kimi mühüm rol oynayır. Mən çox məmnunam ki, Aİ həm əməliyyat imkanlarının artırılması, həm də beynəlxalq logistika və ticarət mərkəzinə çevrilməsi baxımından Bakı Limanını dəstəkləyir və gələcəkdə də dəstəkləyəcək. Bu müasir liman genişlənmiş Avropanın Trans-Avropa şəbəkəsinin bir hissəsidir».

H.Hololeyin sözlərinə görə, Azərbaycanla Aİ arasında daha dərin əlaqələrin təmin edilməsi çox vacibdir: «Biz bunu Azərbaycanın Trans-Avropa şəbəkələrinin bir hissəsinə çevrilməsinə imkan yaradacaq əsaslı aviasiya razılaşması və sıx dəniz əməkdaşlığı vasitəsilə həyata keçirməkdə qətiyyətliyik. Aİ Bakı Limanını beynəlxalq logistika və ticarət mərkəzinə çevrilməsi baxımından dəstəkləyir və gələcəkdə də dəstəkləyəcək».

 «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC-nin baş direktoru Taleh Ziyadov bildirib ki, yeni limanın inşası ölkənin regional nəqliyyat qovşağına çevrilməsi siyasətində mühüm yer tutur. Hazırda limanda ən son texnologiyalar tətbiq olunur, informasiya texnologiyaları sistemi bütün əməliyyatların avtomatlaşdırılmasına, yük sahibinə onlayn rejimdə yükə nəzarət etməyə, malın ərazidəki yerini təyin etməyə və digər məlumatların əldə olunmasına imkan verir. Limanda tikinti işləri bitmək üzrədir. Bu il nəzərdə tutulan işlər başa çatdıqdan sonra 12 körpüdən ibarət olacaq limanın yükaşırma qabiliyyəti 15 milyon tona və 100 min konteynerə çatacaq.  Gələcəkdə tam istifadəyə verildikdən sonra liman 17 körpü vasitəsilə, ildə 500 min konteyner daxil olmaqla, 25 milyon ton yük aşıra biləcək. 2017-ci ilin yanvar ayından Aİ-nin Bakı Limanının əməliyyat imkanlarının yaxşılaşdırılmasına dəstək layihəsinin yerinə yetirilməsinə başlanılıb. Layihə çərçivəsində Aİ-nin Antverp, Hamburq, Koper və Triest kimi qabaqcıl limanlarına təlim səfərləri təşkil olunub və təcrübə mübadiləsi aparılıb.

Ümumiyyətlə, Bakı Limanının müasir və şəffaf prinsiplərə söykənən əməliyyat sistemi, «yaşıl» və «smart» texnologiyalardan istifadə Aİ tərəfindən dəstəklənir. Aİ ilə Asiya arasındakı ticarət dövriyyəsinin artdığı bir vaxtda Bakı Limanı bu tranzitin əlaqələndirilməsində mühüm vasitəyə çevrilə bilər.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, Azərbaycanın tranzit imkanlarından daha geniş və səmərəli istifadə edilməsi, bu sahədə vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və bu istiqamətdə həyata keçirilən işlərin əlaqələndirməsi məqsədilə yaradılmış Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası indiyədək bir sıra mühüm addımlar atıb: tranzit prosedurları sadələşdirilib, xidmət haqları endirilib. Hazırda daşımaların vahid prinsip və şərtlərinin müəyyən olunması, tariflərin optimallaşdırılması, daşıyıcılarla dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin olunması, daşınma prosedurlarının sayının və müddətinin azaldılması, koordinasiya işlərinin gücləndirilməsi istiqamətində işlər irəliləməkdədir. İxracatçıların qarşılaşdıqları əsas problemlərdən biri olan mənşə və keyfiyyət sertifikatlarının əldə olunmasının asanlaşdırılması üçün ən yaxın zamanlarda qanunvericiliyə bəzi dəyişikliklərin edilməsi nəzərdə tutulur.