Vergiler.az

Dövlət büdcəsinin sosialyünlğ xərcləri artacaq

 

2018-ci ilin büdcə xərclərində sosial yönümlü xərclərin (əməyin ödənişi, pensiya və müavinətlər, dərman və sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) xüsusi çəkisi 33,5 faiz olmaqla, 7 milyard 4,8 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2017-ci illə müqayisədə 147,9 manat və ya 2,2 faiz çoxdur.

Vətəndaşlara bilavasitə yardım göstərən bir sıra müəssisələrə və dövlət tədbirlərinə də büdcədən maliyyə yardımının artırılması nəzərdə tutulur. Əhalinin mənzilə olan tələbatının ödənilməsi, vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri və sosial ipoteka üzrə 250 milyon manat, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər (20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyalarının verilməsi ilə bağlı xərclər) üzrə 30 milyon manat, kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyaları üzrə 19,8 milyon manat, «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyəti üzrə 89 milyon manat və «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti üzrə 10 milyon manat ayrılacaq. Həmin xərclər də nəzərə alınmaqla, dövlət büdcəsindən sosial yönümlü xərclərə 7 milyard 656,3 milyon manat vəsait yönəldiləcək ki, bu da dövlət büdcəsinin xərclərinin 36,6%-nə, cari xərclərin isə 71,1%-nə bərabər olacaq.

2018-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 5 milyard 371,7 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da ötən ilə nisbətən 80,8 milyon manat və ya 1,5 faiz çoxdur. Bütövlükdə, həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,7 faiz təşkil edəcək. Xüsusən təhsil sisteminin iqtisadi inkişafın mühüm amilinə çevrilməsi, biliklərə əsaslanan iqtisadiyyata keçidin təmin olunması məqsədilə bu sahədə strateji fəaliyyət hədəfləri üzrə islahatların davam etdirilməsi büdcənin sosial tutumunu bir qədər də artırır. 2018-ci ildə dövlət büdcəsindən təhsil xərclərinə 2 milyard 1,5 milyon manat vəsait ayrılmışdır ki, bu da 2017-ci illə müqayisədə 210,3 milyon manat və ya 11,7 faiz, 2016-cı ilin icrası ilə müqayisədə isə 247,1 milyon manat və ya 14,1 faiz çoxdur. Təhsil xərcləri üçün ayrılan vəsaitin 362,7 milyon manatı və ya 18,1 faizi müvafiq dövlət proqramları və tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək. 

Rəşad SADIQOV