Vergiler.az

Sənaye məhəllələrində işlər canlanır

 

İqtisadiyyatın, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndiril­məsini nəzərdə tutan məqsədyünlğ siyasətin nəticəsi olaraq, son illərdə Azərbaycanda regionların sosial-iqtisadi yüksəlişinə dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, minlərlə yeni iş yeri yaradılmışdır.

Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin məşğulluğunun artırılmasıdır. Sənaye məhəlləsi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə verilir və yalnız bu məqsədlə istifadə edilir.

Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsini həyata keçirən «Azərbaycan İnvestisiya Şirkəti» Açıq Səhmdar Cəmiyyətinin icraçı direktoru Rövşən Nəcəf bildirib ki, 2017-ci ildə istifadəyə verilmiş Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir: «Rezidentlər tərəfindən sənaye məhəlləsinə ümumilikdə 45,3 milyon manat investisiya yatırılıb, 500-ə yaxın yeni iş yeri yaradılıb. 2018-ci ilin birinci rübündə Neftçala Sənaye Məhəlləsində «Azproduct» MMC (balıq konservi və soyudulmuş balıq üzrə ixtisaslaşmış), «Gilan Pivot» MMC (PİVOT suvarma sistemləri istehsalı), «Azərmaş» ASC və «İran Khodro» birgə avtomobil zavodunun fəaliyyətə başlaması nəzərdə tutulur. Sahibkarların marağı nəzərə alınaraq, yeni layihələrin icrası məqsədilə ərazinin əlavə 5 hektar  genişləndirilməsi nəzərdə tutulur və artıq müvafiq prosedurlara başlanılıb.

Masallı Sənaye Məhəlləsində aparılan tikinti işlərinin birinci mərhələsi gələn ay başa çatdırılacaq və istehsal sahələri sahibkarların istifadəsinə veriləcək. Ümumi ərazisi 10 hektar olan Sənaye Məhəlləsində birinci mərhələdə üç istehsalat korpusu, inzibati və texniki binalar, köməkçi sahələr tikiləcək. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. İlk olaraq ümumi dəyəri 7,1 milyon manat olan 9 layihənin icrasına başlanılacaq. 200-dən çox iş yerinin yaradılacağı bu layihələrdən 4-ü mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı sahələrini əhatə edir. Bu müəssisələrin cari ilin aprel ayında fəaliyyətə başlaması nəzərdə tutulur. Müəssisələrin işə düşməsi nəticəsində 600-dən çox yeni iş yeri açılacaq».

Hacıqabul Sənaye Məhəlləsində isə tikinti işlərinə 2018-ci ilin fevralında başlanılması və iyul ayında başa çatdırılması nəzərdə tutulur. Məhəllə əsasən ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Sahibkarların böyük maraq göstərdiyi Sənaye Məhəlləsinə artıq 6 layihə təqdim edilib. Bu layihələr çərçivəsində 43 milyon manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır.

Xatırladaq ki, 2017-ci ildə dövlət başçısı Sabirabad Sənaye Məhəlləsinin yaradılması barədə sərəncam imzalayıb və onun təməlini qoyub. 20,3 hektar ərazidə salınacaq məhəllədə tikinti işlərinə 2018-ci ilin fevral ayının sonlarında başlanılması və birinci mərhələnin iyul ayında başa çatdırılması nəzərdə tutulur. Bu Sənaye Məhəlləsində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin və logistika mərkəzinin yaradılması nəzərdə tutulur. 

AYTƏN