Vergiler.az

Qeyri-neft sənayesi məhsullarının ixracında artım var

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə ölkədə 28,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib və sənayedə qeyri-neft məhsullarının çəkisi 60%-dən artıq olub.

Ötən il Azərbaycanda istehsal olunan sənaye məhsullarının ixracı əvvəlki illə müqayisədə 21% çoxalıb. İxracın artmasına son illərdə yaradılan sənaye müəssisələrində rəqabətədavamlı məhsulların istehsalı mühüm təsir göstərib. İqtisadçı Ruslan Atakişiyev hesab edir ki, ölkədə tətbiq edilən vergi güzəştləri qeyri-neft sənayesinə müsbət təsir göstərir. Qısa müddət ərzində ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən və müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr yaradılıb. Sənaye və texnologiya parklarına 2013-cü il yanvarın 1-dən güzəştli vergi rejiminin tətbiq olunması (sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 7 il müddətinə mənfəət (gəlir), əmlak və torpaq vergilərindən azad edilib) son 5 ildə həmin sahələrdə əldə olunan istehsala təsirini göstərməkdədir. Qarşıdakı 2 il ərzində də bu sahəyə stimullaşdırıcı vergi güzəşti davam etdiriləcək və proqnozlara görə, məhsul istehsalı və ixracı ən azı iki dəfə yüksələcək.

Vergi və gömrük məsələləri üzrə mütəxəssis Elşad Hacalıyevin sözlərinə görə, vergi güzəştləri sənayedə bir neçə istiqamət üzrə stimulverici rol oynamaqdadır. Bu güzəştlər sənaye sektoruna, xüsusilə də texnoparklar, sənaye məhəllələri və digər sənayetutumlu sahələrə investisiya qoyuluşlarının artmasına zəmin yaradıb: «2017-ci ildə sənaye sahəsinə investisiya qoyuluşları təxminən 7 milyard manat təşkil edib.  Türkiyə, Kanada, Cənubi Koreya, Çin, Avstriya, Almaniya, Malayziya, Fransa, İtaliya və Yaponiyadan olan şirkətlər Azərbaycanla sənaye parkları sahəsində sıx əməkdaşlıq edirlər. Fransanın «Thales Group», «Air Liquied», Almaniyanın «Vinnolit GmbH & Co.Kg», Yaponiyanın «İtochu Corporation», «Marubeni Corporation»  və digər xarici şirkətlərin ölkəmizlə əməkdaşlığa marağı daha böyükdür».

Son 5 ildə Azərbaycanda fiber optik kabellər, plastik borular, elektrik avadanlıqları, alüminium və plastik pəncərə profilləri, günəş kollektorları, müxtəlif maşınqayırma, polad məmulatları və məişət avadanlıqlarının çeşidi əhəmiyyətli dərəcədə artıb. Ötən il ixracın strukturunda həmin növ məhsullar xüsusi yer tutub. Müasir tipli sənaye müəssisələri «yaşıl iqtisadiyyat»ın, təkrar emal sənayesinin inkişafında da əhəmiyyətli rola malikdir.

İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Murad Abdullayev bildirib ki,  sənayenin inkişafı ilə bağlı icra olunan Dövlət Proqramının hədəflərindən biri xarici investorların ölkəmizin sənaye sahələrinə cəlb olunması üçün əlverişli biznes-investisiya mühitinin təmin edilməsi, təşviq­edici və stimullaşdırıcı addımların atılmasıdır. Bu siyasətə uyğun olaraq, xarici ölkələrin, beynəlxalq sənaye korporasiya və şirkətlərinin rəhbərləri ilə sərmayə qoyuluşu imkanları və perspektiv əməkdaşlıq barədə səmərəli danışıqlar aparılıb. Xarici sərmayəçilərlə  əməkdaşlıq əsasında perspektivdə ağır sənaye, maşınqayırma, tikinti, məişət malları istehsalı üzrə Gəncə və Qaradağda müasir sənaye parkı və məhəllələrinin yaradılması da planlaşdırılır. 

ELBRUS