Vergiler.az

«Elektron qutu» - operativlik, vaxta qənaət, şəffaflığa zəmanət...

 

Uzun illər vergi orqanları ilə ödəyicilər arasındakı yazışmalar mürəkkəb və xeyli vaxt aparan prosedurlarla müşayiət olunurdu. Vergi ödəyicisi hər hansı məlumatı əldə etməkdən ötrü bir neçə məktub yazmalı, onun cavabını günlərlə gözləməli idi. «Elektron qutu»nun tətbiqi kağız yazışmalarınason qoydu və vergi orqanı-ödəyici münasibətləri keyfiyyətcə yeni mərhələyə daxil oldu.

 Vergilər Nazirliyi vergi ödəyicilərinin və vətəndaşların işini asanlaşdırmaq məqsədilə 2010-cu il martın 1-dən etibarən «Elektron qutu» («e-qutu») sistemini istifadəyə verdi. Bu məqsədlə nazirliyin İnternet Vergi İdarəsində innovativ texnologiyalardan biri -«Onlayn kargüzarlıq» altsistemi və fərdi elektron qutu - «e-qutu» bölməsi yaradılaraq Avtomatlaşdırıl­mış  Vergi İnformasiya Sisteminin (AVİS) daxili kargüzarlıq sisteminə inteqrasiya olundu.

 

«E-qutu» nədir...

«E-qutu» sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə qeydiyyata alınan hər bir vergi ödəyicisinin şəxsi elektron kabineti deməkdir. Bu sistem «Elektron hökumət» quruculuğunun atributlarından biri kimi «vətəndaş-dövlət», «biznes-dövlət» və «biznes-biznes» münasibətlərinin müasir beynəlxalq standartlar səviyyəsində təşkil edilməsində mühüm rol oynayır. «E-qutu» vergi ödəyiciləri ilə  vergi orqanları arasında elektron sənəd mübadiləsinin aparılmasını təmin edir.

 

İstifadə qaydaları və üstünlükləri

Vergi ödəyicisi «E-qutu»ya www.taxes.gov.az rəsmi internet səhifəsində şifrə-parol və kod vasitəsilə daxil olaraq «Onlayn kargüzarlıq» altsistemindəki «Gələnlər və göndərilənlər» qutusundan özünə aid məktubları oxumaq imkanı əldə edir. Bundan başqa, istifadəçi vergi orqanına göndəriləcək müraciətin mətnini hazırlaya, gərək olduqda buraya qoşma fayllar da əlavə edə bilir.

Vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinə imkan verən «E-qutu» sisteminin tətbiqində əsas məqsəd sənəd dövriyyəsinin sürətlənməsi, şəffaflığın təmin olunması, sənəd qeydiyyatının mərkəzləşdirilməsi, işçilərin əmək məhsuldarlığının yüksəldilməsi və vergi ödəyicilərinin müraciətlərinə daha operativ cavab verilməsidir. Sistem istifadəçinin göndərdiyi sənədlərin  vergi orqanı daxilində hərəkətini onlayn rejimdə izləməyə və icraçının telefonunu öyrənərək onunla birbaşa əlaqə yaratmağa imkan verir. «E-qutu» il ərzində tonlarla kağıza və izafi dəftərxana xərclərinə qənaət olunmasına da şərait yaradır.

 

Məktubların və digər sənədlərin

göndərilməsi

Vergi orqanından istifadəçilərə ünvanlanan məktublar, cavablar, uyğunsuzluq məktubları, bildirişlər, xəbərdarlıqlar və sair sənədlər   imzalanan kimi ödəyicinin elektron qutusuna göndərilir. Həmin sənədlər qutuya toplanır və internet vasitəsilə istənilən yerdən onlarla tanış olmaq mümkündür. Fərdi elektron qutu vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin səmərəliliyini artırır və sənədlərin ənənəvi üsulla - kağız daşıyıcılarında göndərilməsi ilə müqayisədə vaxt və resurs itkilərinin qarşısını alır. «Elektron qutu»nun tətbiqi nəticəsində sənəd dövriyyəsi, sənədlərin vahid qeydiyyatı və ödəyicilərin müraciətlərinin operativ emalı prosesi xeyli sürətlənib.

Bundan başqa, istifadəçilər «E-qutu»ya göndərilmiş sənədlərlə yanaşı, vergi sistemində baş verən yeniliklər, qanunvericiliklə nəzərdə tutulmuş dəyişikliklər, həmin dəyişikliklərdən irəli gələn tələblər, onlarla bağlı müəyyən edilmiş hüquq və vəzifələr barədə məlumatlarla da tanış ola bilirlər.

 

Ərizələrin göndərilməsi

«E-qutu» sistemində bir sıra ərizələri elektron formada təqdim etmək mümkündür: nəzarət-kassa aparatlarının qeydiyyata alınması, qeydiyyatdan çıxarılması, fiziki və hüquqi şəxslərin e-qeydiyyatı, qeydiyyatın dayandırılması və sair ərizə növləri bu sistem vasitəsilə göndərilir. İnternet Vergi İdarəsi vasitəsilə sahibkarlıq subyektlərində keçirilən yoxlamalar barədə dövlət reyestrinə daxil edilməli məlumatların Vergilər Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinə ötürülməsi və qeydiyyata alınmış yoxlamalar barədə reyestrdən çıxarışların Ədliyyə Nazirliyindən alınması, habelə yoxlamaların nəticəsi barədə məlumatların Ədliyyə Nazirliyinə ötürülməsi elektron qaydada həyata keçirilir. POS-terminalların elektron qeydiyyatı da «Onlayn kargüzarlıq» vasitəsilə həyata keçirilir.

 

Ödəyicilər arasında yazışma

Vergi ödəyiciləri öz aralarındakı yazışmalarda da «e-qutu»dan istifadə edə bilirlər. Vergi orqanlarının istifadəçilərə və vergi ödəyicilərinin bir-birinə göndərdikləri məktublar və cavablar həmin anda öz ünvanına çatır, istifadəçilərə məxsus qutuya toplanır. Həmin məktublara isə internet vasitəsilə istənilən yerdə baxmaq mümkündür.

Yeri gəlmişkən, indiyədək vergi ödəyicilərinin «elektron qutu»larına göndərilən sənədlərin oxunması səviyyəsi 73% təşkil edir.  

ELBRUS