Vergiler.az

İxrac mexanizmi təkmilləşdirilir

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli fərmanı ilə «Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası»nda düzəliş edilib. Yeni qaydalara əsasən, Azərbaycan ərazisinə alıcı missiyaları təşkil olunacaq.

Azərbaycanın iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla alıcı missiyalarının tarixini və iştirak edəcək tərəfdaşların siyahısını İqtisadiyyat Nazirliyi müəyyən edəcək və bu barədə məlumatı öz rəsmi internet saytında yerləşdirəcək. Qaydalara görə, hər alıcı missiyasının müddəti 6 gündən və hər alıcı missiyasında iştirak edən alıcıların sayı 10 nəfərdən artıq ola bilməz. Missiyada alıcı yalnız bir nümayəndə ilə təmsil edilə bilər. Bundan başqa, təşkil edilən alıcı missiyalarının sayı təqvim ili ərzində 20-dən çox ola bilməz.

Qeyd edək ki, 2017-ci ildə 10 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri xarici ölkələrdə təşkil edilən 5 beynəlxalq sərgidə «Made in Azerbaijan» vahid ölkə stendi ilə təmsil olunub. Bu tədbirlər çərçivəsində Səudiyyə Ərəbistanı, İspaniya, Misir, Əfqanıstan, Rusiya, Belarus, Litva və digər ölkələrə Azərbaycan istehsalı olan meyvə-tərəvəz, nar şirəsi, şərab məhsulları, ət məhsulları, quru süd, fındıq, qənnadı məhsulları, bal, çay kimi kənd təsərrüfatı və qida sənayesi məhsullarının, həmçinin Naftalan nefti, tikinti materialları, mebel və digər məhsulların ixracına dair 70-ə yaxın müqavilə imzalanıb və razılaşmalar əldə olunub. Rusiya Federasiyasının «Rossiya 24» telekanalında Azərbaycanın meyvə və meyvə şirələrinə dair reklam çarxları nümayiş etdirilib, şirkətlərin sifarişi əsasında 30-dan çox məhsul üzrə araşdırmalar aparılıb.

Azərbaycan Prezidentinin 2018-ci il 11 yanvar tarixli Fərmanı ilə ixracın dəstəklənməsi mexanizmlərinin və stimullaşdırıcı tədbirlərin əhatə dairəsi daha da genişləndirilib. Fərmana uyğun olaraq, 2018-ci ildə xarici ölkələrə daha çox ixrac missiyaları həyata keçiriləcək və ilk dəfə olaraq Azərbaycana alıcı missiyaları təşkil ediləcək, beynəlxalq sərgilərdə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunacaq, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcəkdir. Bu il Azərbaycan məhsullarının xarici ölkələrdə təşviqi məqsədilə təşkil ediləcək tədbirlərdə 2018-ci ilin əvvəlində təqdimatı keçirilmiş yeni «Made in Azerbaijan» loqosundan istifadə olunacaq.

Fəxriyyə İKRAMQIZI