Vergiler.az

Məqsəd ölkəyə xarici investisiya axınını gücləndirməkdir

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı təhlillər göstərir ki, xarici investorlar ölkədə əlverişli biznes mühitinin yaradılmasına, investisiya qorunma sisteminin mövcudluğuna xüsusi diqqət ayırırlar.

«Bir Pəncərə» İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirmişdir ki, Azərbaycan Prezidentinin sərəncamı əsasında hazırlanmaqda olan «İnvestisiya fəaliyyəti haqqında» qanun layihəsi 5 əsas istiqaməti - investisiya fəaliyyəti haqqında dövlət siyasətinin təyin olunması; investisiyaların təşviqi; dövlət zəmanətinin verilməsi; xarici investorların hüquqlarının qorunması; dövlət zəmanətinin verilməsi qaydalarının müəyyən olunmasını özündə ehtiva edəcək. Əsas məqsəd isə 2025-ci ilə qədər ölkəyə xarici investisiya axınını daha da artırmaqdır: «İstənilən ölkədə iqtisadi artım daim vəsait qoyuluşu tələb etdiyindən, bu sahəyə yatırılan investisiyanın həcminin artırılması üçün həyata keçirilən islahatlar genişləndirilməli, xüsusilə də özəl təşəbbüskarlığın dəstəklənməsi istiqamətində biznes-investisiya mühiti, həmçinin investisiyaların qorunması sahəsində qanunvericilik daha da təkmilləşdirilməlidir. Xarici investorlar sərmayə qoymaq üçün tərəfdaşlıq zəminində ölkədə investisiyanın qorunması sisteminin mövcudluğuna xüsusi diqqət yetirirlər».  

İqtisadçı Pərviz Heydərov qeyd etmişdir ki, dövlət başçısının imzaladığı investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı tədbirlər haqqında sərəncam böyük əhəmiyyətə malikdir: «Həm yerli, həm də xarici investorlar ölkəmizə sərmayə qoymaqda maraqlıdırlar. Düzdür, daxili investisiyaların, birbaşa dövlət investisiyalarının da bu sahədə rolu danılmazdır, lakin müqayisədə keyfiyyət baxımından xarici investisiyaların əvəzi yoxdur. Son zamanlar neftin qiymətinin aşağı düşməsi fonunda xarici investorların şərtləri də ağırlaşıb. Bu nöqteyi-nəzərdən, yeni qanun layihəsinin hazırlanması öz aktuallığı ilə seçilir. Prezident sərəncamında sadalanan məsələlər qısa müddətdə həllini tapmalıdır. Xarici investisiyalarla bağlı uzunmüddətli sərmayə qoyuluşu şəraitində investorların iqtisadi mənafelərinin qorunması, Azərbaycanın qeyri-neft sektorunun inkişafı məqsədilə xarici vəsaitlərin axını üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi və ardıcıl xarakter daşıması son dərəcə vacib şərtlərdir».

Sərəncamda qeyd olunub ki, 2025-ci ilədək qarşıya qoyulan məqsədlərdən biri də xarici investorların dünya standartlarına uyğun fəaliyyət göstərməsinə şərait yaradacaq biznes mühitini təmin etməkdir. Odur ki, bu sahədə aparılacaq islahatlar iqtisadiyyatda özəl investisiyaların payının artmasına təkan verəcək.

Fəxriyyə İKRAMQIZI