Vergiler.az

Vergisi ödənilən gəlir halal gəlirdir...

 

İşçi qəbulu zamanı əmək müqaviləsinin bağlanmaması və bu məsələdə  gizli razılaşmaların mövcudluğu vətəndaşların hü­quq­larının kobud şəkildə pozulmasına yol açan bir sıra prob­lem­lərin yaranmasına səbəb olur. Həmin problemlərdən biri də gəlir vergisinin və sosial ödənişlərin yerinə yetirilmə­məsi­dir. İqtisadiyyatın müxtəlif sektorlarında çalışanların bir qisminin qeyri-qanuni işləməsi, müəssisələrdə işçilərin adının olub özü­nün olmaması, rəhbər vəzifəli şəxslərin müxtəlif qeyri-qanuni yollarla öz qazanclarını artırması və s. bu kimi neqativ hallar ölkənin iqtisadi həyatına ciddi ziyan vurur.

Ötən il martın 17-də Prezident İlham Əliyev qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sahəsində əlavə tədbirlər haqqında müvafiq sərəncam imzalamışdır. Sərəncama əsasən, «Əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi və koordinasiyası komissiyası» yaradılmış və onun qarşısında konkret vəzifələr qoyulmuşdur. Komissiyanın sədri, Baş nazirin müavini Əli Əhmədovun sözlərinə görə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Bu baxımdan, əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün daha etibarlı hüquqi baza yaradılacaq və Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Mülki Məcəllədə bir sıra dəyişikliklər ediləcək. Dəyişikliklərdən sonra əmək müqaviləsi olmadan işçi qüvvəsindən istifadə etmək imkanları xeyli məhdudlaşdırılacaq. Xüsusilə tikinti sahəsində qeyri-rəsmi məşğulluğa münbit zəmin yaradan sifarişçi-podratçı-subpodratçı münasibətləri təkmilləşdiriləcək, bağlanan müqavilələrdə tikintinin ümumi dəyəri, əməkhaqqı fondu, əmək məsrəfi, o cümlədən vergi və sosial sığorta ödəmələri ilə bağlı göstəricilər məcburi xarakter alacaq. Bütün bunlardan sonra tikintidə işçilərin sayını gizlətmək həm qeyri-müm­kün, həm də tamamilə mənasız olacaq.

Mühüm yeniliklərdən biri də bu olacaq ki, yeni yaradılan iş yerlərinə dair məlumatlar yalnız əmək müqaviləsi bağlandığı halda Dövlət Statistika Komitəsi tərəfindən qəbul olunacaq və bu tələb qeyri-rəsmi məşğulluğun qarşısını almağa, xüsusilə də iş yerlərinin yaradılmasına töhfə verə biləcək. Xidmət və ticarət sahələrində qeyri-rəsmi məşğulluqla mübarizədə böyük təcrübə toplamış ölkələrdə olduğu kimi, «işçi sayı normativləri» deyilən anlayışlardan istifadə olunacaq. Misal üçün, 1000 m2 sahəsi olan iaşə müəssisəsində 3-5 nəfərin işləməsi (indi belə hallar kifayət qədərdir) real ola bilməz. Əgər həmin iaşə obyektinin iş həcmi azdırsa, bu, mənfəət baxımından faydalı deyil. Nəhayət, elektron informasiya uçot və nəzarət formasından geniş istifadə ediləcək. Məqsəd isə ondan ibarətdir ki, heç bir işçi uçot və nəzarətdən kənar qalmasın. Sahibkar bunu nə qədər istəsə də, qanunvericiliyin təkmilləşdirilməsi və işləmə mexanizmlərinin yaradılması sayəsində texniki imkanlar buna şərait yaratmayacaq. 

Baş nazirin müavini bildirib ki, vergisi ödənilən gəlir halal gəlir hesab edilir: «Mən tövsiyə edərdim ki, sahibkarlar, iş adamları qanunla nəzərdə tutulan bütün ödəmələri könüllü surətdə həyata keçirsinlər. Belə olan halda, onları gözləyən bir çox problemlər avtomatik aradan qalxacaq. «Doğruya zaval yoxdur», - deyiblər. İstərdim ki, bizim sahibkarlar və iş adamları həmişə doğru olsunlar...». 

Rəşad SADIQOV